Həbsdə olan NİDA-çı gənc: ‘Qarşıma şərt qoydular’

 

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Ümman Səfərov noyabrın 22-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun həbs qərarından verilmiş şikayətə baxılıb.

 

Məhkəmədə gənc fəalın vəkili Fəxrəddin Mehdiyev deyib ki, Xətai Rayon Məhkəməsinin qərarı əsassızdır. Çünki Ü.Səfərov nə ictimai qaydanı pozub, nə də polisə müqavimət göstərib. Vəkilin sözlərinə görə, onun bu əməli törətməsinə dair polislərin ifadəsindən başqa heç bir sübut yoxdur. Müdafiəçi bildirib ki, Ü.Səfərov "Facebook" səhifəsində hökuməti tənqid edən statuslarına görə cəzalandırılıb. Gənc fəal özü də məhkəmədə iştirak edib və vəkilin dediklərini təsdiqləyib. Ü.Səfərov bildirib ki, onu üç nəfər mülki geyimli şəxs saxlayaraq, polis idarəsinə aparıb, orada ondan hökuməti tənqid edən statusları niyə yazdığını soruşublar, onları dayandırmağı tələb ediblər.

"NİDA"çı fəalın sözlərinə görə, polis idarəsində qarşısına şərt qoyublar: ya polisin tələbinə tabe olmaması barədə etiraf xarakterli izahatı, inzibati xəta haqqında protokolu imzalamalıdır, ya da barəsində cinayət işi açılacaq və uzunmüddətli həbə göndəriləcək. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi olan Ü.Səfərov deyir ki, uzunmüddətli həbsə görə təhsilinin yarımçıq qalmaması üçün protokolu və o məzmunda izahatı imzalayıb.
Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını elan edib. Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Ü.Səfərov haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayət göndəriləcək.

BDU-nun dördüncü kurs tələbəsi olan Ü.Səfərov noyabrın 14-də saxlanılıb. Xətai Rayon Polis İdarəsində onun haqqında inzibati xəta protokolu tərtib olunduqdan sonra məhkəmə qarşısına çıxarılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə gənc fəala 15 sutka inzibati həbs cəzası verilib. NİDA Vətəndaş Hərəkatı Ü.Səfərovun "Facebook" statuslarına görə cəzalandırıldığını bəyan edib.

 

TURAN İA

 

10:27