Güney Azərbaycanda siyasi tutuqluların ailələri də incidilir

 

Bu barədə milli fəal Siyamək Mirzayidən prokurora məktub - “Ettelaat ailəmi incidir.”

Güney Azərbaycan Milli Hərəkatının fəalı  Siyamək Mirzayi keçən ilin iyun ayından bəri həbsdədir. 10 il həbs və iki il sürgün cəzasına məhkum edilmiş və hazırda mollakratiya rejiminin ən qorxulu cəzaevi sayılan Tehranın Evin həbsxanasında saxlanılan Türk Dili Haqları Müdafiəçisi Siyamək Mirzayi Tehran prokuror müavini Hacı Muradiyə məktub ünvanlayıb.

Keçən ilin iyulunda İran Azərbaycanının Muğan bölgəsindəki təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındıqdan indiyə kimi həbsdə olan milli fəalın məktubunun mətni sosial şəbəkələr və internet portallarında yayımlanıb.

Məktubda bildirilir ki, ailəmin bütün üzvlərinin telefonlarını dinləyiblər. İradəmizi qırmaq üçün hər tərəfdən basqılar tətbiq olunub. Halbuki, mənim fəaliyyətim hər zaman qanun çərçivəsində həyata keçirilib.

Milli fəal yazdığı məktubda həbs olunması, nəzarət müddəti, sorğu-sual və mühakimə proseslərində qanunsuzluqlar ilə üzləşdiyini, ailə üzvlərinin isə təhlükəsizlik qüvvələrinin basqı və əziyyətlərinə məruz qaldığını açıqlayıb.

“Təhlükəsizlik qüvvələrinin məhkəmə qurumları vasitəsilə oynadıqları oyunlardan əlavə, zindan xaricində ailəm və həyat yoldaşım davamlı olaraq təhdid və basqılara məruz qalıblar. Ailəmin bütün üzvlərinin telefonlarını dinləyiblər. İradəmizi qırmaq üçün hər tərəfdən basqılar tətbiq olunub. Halbuki, mənim fəaliyyətlərim və hərəkətlərimin hamısı qanun çərçivəsində həyata keçirilib,” fəalın məktubunda yazılıb.

Tehran vilayətinin Baharistan şəhərindəki mollakratiya rejiminin “İnqilab Məhkəməsi” bu ilin yanvar ayında Siyamək Mirzayini10 il həbs və əlavə olaraq, iki il Güney Xorasan vilayətinin Təbəs şəhərində sürgündə yaşamaq cəzasına məhkum edib.

Mirzayi apelyasiya məhkəməsinə müraciət edərək çıxarılan hökmə etiraz edib. Lakin hüquq müdafiəçilərinin xəbərlərinə görə, apelyasiya məhkəməsi üçün bir neçə dəfə tarix verilsə də, “hər dəfəsində məhkəmə iclası müxtəlif bəhanələr ilə təxirə salınıb.”

Baharistan şəhərinin İnqilab Məhkəməsi Siyamək Mirzayidən əlavə dörd digər türk dil haqları fəalını da 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib. Bu fəalların hamısı daha əvvəl Dünya Ana Dili Günü tədbirləri ilə bağlı nəzarət altına alınıblar. Siyamək Mirzayi 2006-cı ildən bəri göstərdiyi fəaliyyətlər üzündən həbs, mühakimə və ali təhsilini davam etdirməkdən məhrum edilmə kimi basqılara məruz qalıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:15