Güney Azərbaycan Milli Hərəkatının altı fəalının məhkəməsi başlayıb

 

Ötən ilin may ayından bəri nəzarətdə saxlanılan Həbib Sasanian və digər beş nəfər Güney Azərbaycan Milli Hərəkatının fəallarının məhkəməsinin birinci iclası may ayının 31-də Tərbizdə keçirilib.

Milli fəallar İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd mühakimənin keçirildiyi Tərbiz İnqilab Məhkəməsinin 3-cü şöbəsinə gətiriliblər.  Həbib Sasanian isə “yalan və əsassız ittihamlara məruz qaldığına etirazını bildirmək üçün” məhkəməyə getməyib. İran mollakratiya rejiminin Bağırpur soydalı hakiminin rəhbərliyi ilə keçirilən məhkəmənin ikinci iclasının 20 gün sonra davam edəcəyi bildirilir.

2016-cı ilin iyun ayında İran mollakratiya rejiminin ədliyyə qurumu Güney Azərbaycanın Ərdəbil vilayətində “Güney Azərbaycan Milli Ordusu” adlı bir gizli hərbiləşdirilmiş gücün  şəbəkəsinə daxil olan 6 nəfərlik casus qrupunun” həbs edilməsi ilə ilgili məlumat yaymışdı. Tutulanlardan beş nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasanian mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb.

Həbib Sasanianın xanımı Fərəhnaz Fəkur bu ilin fevral ayında həyat yoldaşı ilə ilgili verdiyi açıqlamada bunları demişdir: “Həyat yoldaşımın məsələsi Türk dilinə Ana Yasa qanunları çərçivəsində hüququn tanınmasıdır. O, casusluq etməyib”.

Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının tutuqlanan fəalları “rejimə qarşı təbliğat”, “pantürkizm”, “casusluq”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük” kimi ittihamlarla üzləşiblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:07