Elçibəyin çiçəkləyən məzarı

Bu gün Elçibəyin doğum günüdür. 84 yaşı tamam olur. Elə şəxsiyyətlər var ki, onlar ölmürlər. Vaqif Cəbrayılzadənin təbirincə desək:

Su kimi çəkilib

torpağa gedirlər.

Elçibəy də ölmədi ki… Və ölə də bilməz. O da su kimi çəkilib torpağa getdi və torpağı daha nurlu elədi, daha işıqlı elədi, daha bərəkətli elədi.

Elçibəy şəxsən mənə dərs deməyib. Tarix və Şərqşünaslıqda dərs deyirdi. Biz də dərsdən qaçıb gedərdik onun əsasən Tarix fakültəsində dediyi mühazirələrə qulaq asmağa. Bəzən auditoriyada 50 nəfər əvəzinə, 70-80 adam olurdu. Auditoriya dolanda qapıları açıq qoyurdular ki, bayırdakı uşaqlar da onu dinləyə bilsin.

 

Yeganə müəllim idi ki, mühazirə vaxtı siqaret çəkərdi, külqabı da əlində olardı. Biz də heyranlıqla, ayaqüstə olsaq da, onun mühazirələrinə qulaq asardıq.

 

Elçibəy həbsxanadan çıxandan sonra ən çox Ağdama gələrdi. Həm Milli Qəhrəman Allahverdi Bağırovla dost idi, həm də jurnalist Surxay Əlibəyli ilə. Hətta Surxay Əlibəylinin oğlu Altayın kirvəsi olmuşdu. Onun Ağdama son səfərlərindən biri də Rüstəm Hacıyevin toy mərasiminə gəlişi idi ki, orda qeyri-adi bir rəqs elədi, hamı geri çəkildi ki, Elçibəyin rəqsini görsün.

Amma Elçibəy Ağdama nə vaxt gəlmişdisə atamın ojağında da bir qismət çörək kəsmişdi, ya da çay içmişdi. Atam da o nə vaxt gəlmişdisə ayağının altında qurban kəsmişdi. Bizim həyətdə atam içkini qadağan eləmişdi.

 

 

 

Bununla bağlı müəyyən yazılar yazmışam, təkrar etmək istəmirəm.

Bir dəfə atamla Elçibəy bərk mübahisə elədilər. Atam deyirdi:

 

- Bəy, sən elədiyin hərəkət inqilabçılıqdır. Hər il nə qədər gəncə vətənpərvərlik, millətçilik aşılayırdın. Əlli nəfərin içində beş-on nəfər yetişdirsən bəsiniydi. Amma sən inqilabçılıq elədin, həbs olundun və əlindən auditoriya çıxdı. Müəllimlik hüququn qadağan edildi. İndi özün fikirləş, sənin yerinə kimlər dərs deyir və onlar nələr aşılayır? İndi səni yalnız çayxanalarda, hansısa məclislərdə dinləyirlər.

Çox qəribəydi ki, Elçibəy atamla razılaşdı.

 

Yeri gəlmişkən, bir zarafat edim. Ağdamda şair Vaqif Bəhmənli ilə gəzərkən bir elanın şahidi olduq: «Poeziya, tarix və musiqi. İştirak edirlər: Əbülfəz Əliyev, Səxavət Məmmədov və Zakir Fəxri».

Vaqif gülərək dedi:

 

- Ə, ta denən türemşiklərlə görüş də.

Elçibəyin Ağdamda bir mifi vardı. Bunu da rəhmətlik Allahverdi Bağırov yaratmışdı. Zaman gəldikcə Elçibəyin Ağdama səfərlərini xatirələrimdə yazaram.

 

İnsanlar böyük yazı oxumadığından və oxumaq istəmədiyindən mövzunu uzatmaq istəmirəm.

Tez-tez Ağdama gedirəm. Dağılmış yurduma-yuvama gedirəm. Çox qəribədir ki, hər dəfə həyətə girəndə ilk ağlıma gələn Elçibəy olur. Ayağının altında atamın kəsdiyi qurbanlıq erkək olur.

 

Mən universitetdə Bəxtiyar Vahabzadə, Mircəlal Paşayev, Bəkir Nəbiyev, Qulu Xəlilov, Firudin Hüseynov, Firudin Cəlilov, Vəkil Hacıyev, Cəlal Allahverdiyev kimi və sair və ilaxır müəllimlərdən dərs almışam. Amma Elçibəy şəxsən mənə dərs deməyib. Yuxarıda qeyd etdiyim kimi, onun Tarix fakültəsindəki mühazirələrinə qulaq asmaq üçün öz dərsimizdən qaçıb gedərdik onun mühazirələrinə.

Yəni universitetdə inqilabı, millətçiliyi, vətənpərvərliyi Elçibəydən öyrənmişdik və yenə də öyrənirik.

 

Elçibəy tələbələrinə və ümumiyyətlə, hamıya «bəy» deyə müraciət edərdi. Ona görə də hamı da yığışıb bu müraciəti özünə qaytarırdı: «BƏY». Sonra hamıya «bəy» deyiləndə qayıdıb ona «böyük bəy» dedilər, sonra da «Elçibəy» dedilər.

Elçibəy ölmədi, su kimi çəkilib torpağa getdi. Vaqif Cəbrayılzdənin təbirincə desək:

 

Ölsəydi

bu dünyanın qara torpaqları

 

dolduramazdı onun

üz qırışlarını.

 

Bu gün Azərbaycan torpaqları işğaldan azad olunub. Ən çox da sevinən Elçibəydi.

Bəy, bir gün Bütöv Azərbaycan arzun da həyata keçər – Turan da. Onda məzarın çiçəkləyəcək.

Aqil Abbas

Xudaferin.eu

12:06