Ehtiyatlı olun: Bankların “kreditçevirmə” hiyləsi

Dollar kreditlərini manata çevirməklə banklar daha çox pul qazanır

Manatın devalvasiyaya uğramasından 1 ildən çox vaxt keçib. Ancaq hələ də devalvasiyanın yaratdığı ağır problemlər öz həllini tapmayıb. Təbii ki, ölkənin milli valyutası devalvasiyaya uğrayırsa, bu ilk növbədə banklara təsir göstərir. Banklar isə vəziyyətdən çıxmaq üçün bütün yükü əhalinin üzərinə yükləyir. Hal-hazırda da ölkədə məhz bu proses gedir. Bu gün bankların və əhalinin əsas problemi dollarla olan kreditlərin həcminin ciddi şəkildə atrmasıdır. Sosial-iqtisadi durumun ağırlaşdığı və əhalinin gəlirlərinin aşağı düşdüyü üçün vətəndaşlar banka olan borclarını ödəyə bilmirlər. Kreditlər ödənilmədiyi üçün isə banklarda nəğd valyuta qıtlığı yaranıb. Bu problemlərin yaranmasında bankların da böyük “zəhməti” var. Bankların hal-hazırda düşdüyü bu ağır durum zamanında özlərinin apardığı yanlış pul-kredit siyasətinin nəticəsidir. Dollar kreditlərində yaranan problemlərin həlli üçün hər kəs hökumətdən müəyyən addımlar atılmasını gözləsə də nəticədə rəsmilər buna getmədi. Banklar isə daxili qaydalarına uyğun olaraq bu problemi həll etməyə çalışır. Ancaq təbii ki, yenə də vətəndaşlara heç bir güzəşt olunmur və nəticədə dollar kreditləri günün məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir, üzərinə isə əlavə 27-30 faiz və əlavə olaraq 1 faiz kamisyonnu haqqı gəlinir. Bu isə o deməkdir ki, banklar problemi həll etmək adı ilə vətəndaşlara yeni kredit müqavilələri imzalatdırır.

Hesabatlardakı artım saxtadır

Bəzi bankların hesabatlarına nəzər salsaq, görərik ki, kredit portfellində artım müşahidə olunur. Kredit portfelində olan artımlar isə birbaşa olaraq bankların daxili qaydalarla dollar kreditlərinin yeni müqavilələr əsasında manat ekvivalentinə dəyişməsilə bağlı olan məsələdir. Bankların bu addımının müsbət və daha çox da mənfi tərəfləri var. Bunun müsbət tərəfi yanlız bankların xeyrinə olan hissədir. Belə ki, banklar bununla yeni, manatla hazırlanan müqavilələr əsasında “ölmüş” kreditləri müəyyən qədər geri qaytara bilirlər. Nəticədə də banklar bununla nəğd pul ehtiyatlarını bərpa etməyə çalışırlar. Vətəndaşlar isə məhkəmə qapılarından xilas olur və bankın qoyduğu şərtlərlə borclarını qaytarmağa çalışırlar. Təbii ki, bu prosesdə vətəndaş ondan çıxan əlavə kredit faizlərini nəzərə almır. Çünki dolların günü-gündən bahalaşması nəticəsində  vətəndaşlar üzərində yaratdığı psixoloji qorxu bankın tətbiq etdiyi yüksək faizdən daha çoxdur. Ona görə də bankların bu özünü “xilasetmə” əməliyyatı uğurla davam edir. Amma hər zaman olduğu kimi banklar tərəfindən atılan addımlar vətəndaşın üzərinə oynaqdır. Banklar belə demək mümkündürsə, onlara verilən səlahiyyətlərdən istifadə edərək “qanuni” yolla vətəndaşın cibinə girir.

Problemin bu yolla həlli mümkünsüzdür

Bankların apardığı bu əməliyyatların mənfi tərəflərini isə yalnız vətəndaş çəkir. Çünki vətəndaş kreditin dollarla olduğu üçün ödəməkdən imtina etmir. Gəlirlərinin azaldığı üçün kreditini ödəyə bilmir. Qeyd edək ki, bu gün problemli kreditlər təkcə dollar ekvivalentilə olan kreditlərdən ibarət deyil. Manatla götürülən kreditlərin də ödənilməsində ciddi problem  yaşanır. Banklar isə bu cür üsullara əl ataraq vətəndaşın mövcud borcunu ən az 50 faiz artırır. Vətəndaş da ödəyə bilmədiyi borcla yanaşı əlavə ödəniş etmək məcburiyyətində qalır. Təbii ki, bankların bu üsuldan istifadə etməsi müəyyən qədər problemli kreditlərin həllinə hesablansa da bu vəziyyətin düzəlməsinə gətirib çıxarmayacaq. Çünki vətəndaşlar bir müddət sonra manata keçirilən kreditlərin də ödənişini edə bilməyəcək. Ümumiyyətlə, problemli kreditlərin həlli hər bir bankın ayrı-ayrılıqda atdığı addımlarla mümkün deyil. Bu problem köklü şəkildə öz həllini tapmalıdır. Bunun üçünsə əsas yük 3 tərəf hökumət, bank və vətəndaş arasında bölünməlidir. Devalvasiyadan sonra yaranan yüksək məzənnə fərqi həmin 3 tərəf arasında bölünməsi problemin həllinə şərait yaradacaq. Hökumətin bu məsələdə kompensasiya ödəməsi, bankların güzəştli ödəniş cədvəlləri tətbiq etməsi və vətəndaşlar isə üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Problemli kreditlərin başqa yolla həll olunması mümkün deyil.

Vilayət Muxtar
Cebhe.info

12:09