BSU-da İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilib

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas alim, ictimai xadim və pedaqoq, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri professor Rəhillə Qeybullayeva açaraq İsmayıl Şıxlının zəngin ədəbi irsindən, obrazlar qalereyasından, əsərlərinin bədii-estetik xüsusiyyətlərindən bəhs edib.

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Fərrux Məmmədov İsmayıl Şıxlının “Cəbhə gündəlikləri” , “Ayrılan yollar” ,“Ölən dünyam”, “Dəli Kür” romanları kimi sanballı əsərlərindən danışıb. O, yazıçının bir çox ədəbi qəhrəmanlarının təhlilini verib, "Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığını qeyd edib, əsəri mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirib.

Ədibin oğlu Elçin Şıxlı atası ilə bağlı xatirələrini, "Dəli Kür" romanı ilə onun fikir və düşüncələrini gənclərlə bölüşüb. O, Cahandar ağa obrazı üzərində xüsusi dayanıb, romanda Rusiya-Azərbaycan münasibətlərinə ciddi diqqət yetirildiyini bildirib.

Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynov çıxışında müəllimi İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı üçün böyük nasir olmaqla yanaşı, həm də örnək pedaqoq olduğunu qeyd edib.

Azərbaycan ədəbiyyatı kafedrasının professoru Nizami Məmmədov İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor xəzinəsindən bəhrələndiyini, yaratdığı əsərlərdə dərin fəlsəfi məna olduğunu vurğulayıb. O, İsmayıl Şıxlı nəsrini üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili-psixoloji aləmin zənginliyi və əlvanlığı baxımdan dəyərləndirib.

Sonra professorlar Etibar Babayev, İlyas Həmidov, dosent Şəhla Əhmədova, jurnalist Arif Əliyev yazıçının zəngin ədəbi-bədii irsi ilə bağlı fikirlər səsləndiriblər.

AZƏRTAC

17:36