Azərbaycan təhsilində dəhşət saçan biabırçılıq

 

Tam orta məktəbi bütün fənlərdən "3” qiymətlə başa vuran məzunların 97,19 %-nin qəbul imtahanlardakı nəticələri də çox zəif 0-199 bal intervalında olub. Bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.

"5” qiymətlə bitirən məzunların isə yalnız 47,55 %-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

"İndiki halda ali məktəblərə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”, - jurnalda vurğulanıb.

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında bildirilib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 32,61 faizi 0-99 bal yığıb. Qeyd olunub ki, oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.
Qeyd edək ki, normal dövlətlərdə ali məktəblərə daxil olan tələbələrin elmi səviyyəsi azından 550-650 bal həcmində olur. Azərbyacanda isə bu rəqəm orta göstərici kimi 200 bal səviyyəsinə enib. 

Azərbaycanda 91 şagird yazıb-oxuya bilmir

Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmaması məlum olub. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 12-ci sayında qeyd olunub ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub: "Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək mümkündür”.

Belə şagirdlərin 9-cu, 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır. 11-ci siniflər üzrə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Lənkəran rayonunda 4 nəfər, Bakı şəhərində və Bərdə, Füzuli, Gədəbəy, Salyan rayonlarının hərəsində 2 nəfər, Ağdam, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Lerik, Neftçala və Sabirabad rayonlarının hər birindən 1 nəfər olub. 9-cu siniflər yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Cəlilabada rayonunda 8 nəfər, Salyan rayonunda 6 nəfər, Füzuli, Lənkəran və Qazax rayonlarının hər birindən 3 nəfər, Daşkəsən, Biləsuvar, Gədəbəy, Göygöl, Qusar, Tovuz və Ucar rayonlarının hər birindən 2 nəfər, Gəncə, Şirvan və Yevlax şəhərlərinin, Kəlbəcər, Kürdəmir, Neftçala, Qax, Qobustan, Şəki, Zaqatala və Zərdab rayonlarının hərəsindən 1 nəfər olub. Oxuyub-yaza bilməyən 91 şagird sadəcə etiraf olunan rəqəmdir. Əslində bu rəqəm ən azından onminlərlədir. 

P.S. Dəyərli oxucularımız. Bütün bunlar dövlətin rəsmi şəkildə etiraf olunan statistik göstəricilərdir. Mikayıl Cabbarov adlı birisinin təhsil sejtoruna heç bir aidiyyatı olmadığını uzun zamandır təhsil sahəsi üzrə ekspertlər həyəcan təbili çaldıqları zaman hökumət rəsmiləri bütün bunları susqunluqla qarşılayırdılar. Çünki, təyinat əmri “yuxarı” miqyasda verilmişdi. Bu gün Azərbaycanın kəndlərində təhsil sistemi ümumiyyətlə dəfn  edilib. Bu da öz növbəsində kənd yerlərində əhalinin kütləvi şəkildə savadsızlığına gətirib çıcxarıb. Bununla yanaşı, təhsil sektorunda dərs deyən müəllimlərin aylıq maaşları heç onların gündəlik minimum tələbatları üçün yetərli sayılmır. Ona görə də ildən-ilə peşəkar və savadlı müəllimlərin qıtlığı problemi dərinləşməkdədir. Təhsil və pedaqoqika sahəsindən uzaq və ixtisasça “qoruqçu” olan Mikayıl Cabbarovun apardığı təhsil rəzaləti siyasəti o vəzifədə durduqca beləcə davam edəcək.

Xudaferin.eu
“Analitik Mərkəz”

06:17