Avropadan Ermənistana Qarabağ tələbi

 

Elşən Manafov: “BMT-dən fərqli olaraq Avropa Şurası nə iqtisadi sanksiyaların, nə embarqonun tətbiqinə gedə bilmir”

Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib ki, Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində beynəlxalq qurumlar zaman-zaman bu və ya digər formada bəyanatlar, qərarlar səsləndirib. Ancaq 20 ildən artıqdır ki, münaqişədə hər hansı bir istiqamətdə dəyişən heç nə yoxdur.Ermənistan hər zaman beynəlxalq qurumların verdiyi qərarlara etinasız yanaşıb və heç vaxt üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.Bəs bu dəfə necə olacaq?Ermənistan Avropa Şurasının tələbinə əməl edəcəkmi?

Politoloq Elşən Manafov açıqlamasında Avropa Şurasının verdiyi qərarların daha çox tövsiyyə xarakteri daşıdığını deyib: “Avropa Şurasında verilən qərarlar fərqli səsvermələr nəticəsində qəbul olunur. ATƏT-də səsvermə nəticəsində qəbul olunan qərarlar Avropa Şurasına üzv dövlətlərə də aiddir. Bu mənada Avropa Şurasının bu zamana qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara münasibətdə də Ermənistanın sərgilədiyi mövqe göstərir ki, əslində Avropa Şurasının Avropa İttifaqından fərqli olaraq üzv dövlətlərə sanksiya tətbiq etmək, qərarlara əməl etməyəcəyi tədqirdə təzyiq göstərmək imkanları yoxdur. Avropa Şurası belə bir vəziyyətdə ən yaxşı halda həmin dövləti səsvermə hüququndan məhrum edə bilər. Bu da daha çox diplomatik kanallar vasitəsilə üzv dövlətlərə təzyiq etməsi baxımından diqqətləri cəlb edir.Amma BMT-dən fərqli olaraq Avropa Şurası nə iqtisadi sanksiyaların, nə embarqonun tətbiqinə gedə bilmir. Ən əsası da BMT-nin qəbul etdiyi qətnamələrin verilmiş müddətdə icra edilmədiyi tədqirdə, bu qurumun qərarların yerinə yetirilməsini təmin etmək üçün müxtəlif qurumları var. Digər tərəfdən BMT-yə verilən səlahiyyətlər Avropa Şurasına aid edilmir. Ona görə də düşünürəm ki, Avropa Şurasının qəbul etdiyi qərarlar daha çox tövsiyyə xarakteri daşıdığından, münaqişənin həll edilməsi istiqamətində mandat ATƏT-in Minsk Qrupuna tapşırıldığından bütün beynəlxalq qurumlar probleminin Minsk Qrupu çərçivəsində həll olunmasının vacibliyini vurğulayıblar. Bütün hallarda beynəlxalq qurumlar münaqişənin danışıqlar yolu ilə həllinin bölgədəki vəziyyətə adekvat olacağını bəyan ediblər.Ona görə də düşünmürəm ki, Avropa Şurasının qəbul etdiyi qərar Ermənistan hakimiyyəti üçün ciddi xəbərdarlıq olsun və ya işğalçı siyasətindən əl çəksin.Bu günə qədər qərarlar necə tövsiyyə xarakterli olubsa, bundan sonra da eyni qaydada davam edəcək.Avropa Şurasının nizamnaməsinə baxmaq kifayət edir ki, bu qurumun verdiyi qərarların tövsiyyə xarakterli olduğunun mahiyyətinə varaq. Hesab edirəm ki, Ermənistanın bölgə ilə bağlı siyasətinə məlum dövlətlərin dəstəyi, havadarlığı davam edəcəksə, BMT-nin verdiyi qərarların icra edilmədiyinə baxmayaraq bu qurum münaqişəyə ikili standartlardan yanaşacaqsa, ATƏT-in xristian təəssübkeşliyi davam edəcəksə, Avropa Şurasının mövqeyində də ciddi dəyişikliklər olmayacaq”.

Politoloq sonda Avropa Şurasının bu qərarının Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində müsbət rol oynayacağına inanmadığını deyib: “Avropa Şurası dəfələrlə verdiyi bəyanatda Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, 1975-ci ildə Helsinki konfransında qəbul olunan “ölkələrin sərhədləri toxunulmzdır” maddəsi əsas götürülməlidir.Digər tərəfdən Avropa Şurası bəyanatlarında xalqlar öz müqəddəratını həll etməlidir deyə bildirməsi, onu göstərir ki, bu qurum da münaqişəyə ikili standartlardan yanaşır.Ona görə də hesab etmirəm ki, Avropa Şurasının bu qərarı münaqişənin həlli çərçivəsində Azərbaycanın lehinə işləsin. Sadəcə, ola bilər ki, bu qərar danışıqlar prosesinə impulsiv təsirini göstərsin, dinamizmi artırsın. İnanmıram ki, Avropa Şurası Ermənistanı indi sərgilədiyi mövqedən daha fərqli mövqe sərgilməyə məcbur edə bilsin”.

Vilayət Muxtar

Cebhe.info

 

10:08