Asimə Cahangir: “İrandakı mollakratiya rejiminin edamları, həbslərı və insan hüquqları məsələsinin kobud şəkildə pozulması ciddi nigaranlığa səbəb olub”

 

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Asimə Cahangir cari ilin ilk 6 ayında İranda insan hüquqlarının acınacaqlı durumu ilə bağlı növbəti hesabat yayıb.

Hesabatda bildirilir ki, son altı ayda İran mollakratiya rejiminin apardığı edamlar və həbslərin artması, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ciddi nigaranlığa səbəb olub: “Təəssüflər olsun ki, 2017-ci ilin ilk yarısında İranda edamlar, işgəncələr, yeniyetmələrin edam olunması, hüquq müdafiəçilərinin təzyiq və təqiblərə məruz qoyulması, qadınlara, dini və etnik azlıqlara və əqidə məhbuslarına qarşı repressiyalar davam edib. Həmin müddətdə ən azı 4 yeniyetmə müxtəlif ittihamlara görə edam edilib, 86 yeniyetmə isə hazırda öz edamını gözləyir. Həmçinin jurnalistlərin dövlət qurumlarına çağırılaraq təhdid olunması və ikili vətəndaşlığı olanların özbaşına olaraq həbs salınması barədə bizə məlumatlar daxil edilir. Dini və etnik azlıqlara mənsub fəalların tutularaq işgəncəyə məruz qoyulması, ötən iyun ayından bəri ən azı 14 jurnalist və sosial şəbəkə fəalının həbsi və bəzi müttəhimlərin qisas adı ilə kor edilməsi və hansısa bir bədən üzvünün kəsilməsi halları bizi narahat edən digər ciddi məsələlərdəndir. Bunlardan başqa BBC televiziyasının fars redaksiyasında işləyənlərin İrandakı ailələrinə təzyiqlərin artması, onların ölkədəki daşınan və daşınmaz əmlakına həbs qoyulması, məcburi şəkildə hicab qaydalarına riayət etməyən qadınlara qarşı hədə-qorxuların artması və həbs edilən dinc müxaliflərdən işgəncə altında yalançı etirafların alınması halları, İranda insan haqlarının kobud şəkildə pozulmasının digər nümunələrindəndir. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, İran hökuməti yuxarıda sadalanan ölkə vətəndaşlarına qarşı edamlar, işgəncələr, həbslər, repressiyalar və digər təzyiq üsullarına son qoymalı, dini və milli azlıqların, jurnalistlərlə hüquq müdafiəçilərin, qadınların və dinc fəalların hüquqlarına hörmətlə yanaşmalıdır”.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:50