Yataqxanada yaşayan, evin-ailənin tək, subay övladı, 3 medallı Şəhid-RƏŞAD ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR -YENİLƏNİB – (3)

Bu gün-15 sentyabr tarixi Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad İlqar oğlu Ələkbərovun doğum günüdür.

Bu gün Rəşad Ələkbərovun 24 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Gədəbəyli olan Rəşad Ələkbərov 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olub.

O, həm də evin-ailənin tək oğlan övladı olub.

Rəşad 2012-ci ildə Gəncə şəhər 44 nömrəli məktəb-liseyin 9-cu sinfini bitirib.

2016-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.

Hərbi xidmətdən əvvəl və sonra video operator işləyib.

Rəşad Ələkbərov 2020-ci ilin iyul ayında, Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət edib.

Yeri gəlmişkən, Rəşad Ələkbərovun anası Nailə Ələkbərova I Qarabağ müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb.

Düşmən tərəfindən atılan atəş zamanı yaxınlığına mərmi düşməsi nəticəsində yaralanıb.

Nailə Ələkbərova hazırda Gəncədə “Azəraliminium” MMC-də işləyir.

27 sentyabr 2020-ci il tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rəşad Ələkbərov yenidən hərbi xidmətə çağrılıb.

O, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi şəhəri istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla vuruşub, bu ərazilərin işğaldan azad edilməsində fədakarlıq göstərib, Şuşa fatehlərindən olub.

Rəşad Ələkbərov Şuşanın azad edilməsindən bir gün sonra və Qələbənin qazanılmasına bir gün qalmış, 9 noyabr 2020-ci il tarixində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 3 gün sonra, 12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Rəşad Ələkbərov ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, ölkə Prezidenti tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəşad eyni zamanda, subay olub.

Rəşad həm də keçmiş jurnalist, tanınmış ziyalı Faiq Ələkbərlinin bacısı oğludur.

Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün saat 12:00-da Gəncə şəhərində, yaşadıqları evin yaxınlığında Rəşad Ələkbərovun adını daşıyan “Şəhid bulağı”nın açılış olacaq.

Açılış mərasimində Şəhidin anası, yaxınları, Gəncə sakinləri, Gəncə və digər bölgələrdən olan Şəhid ailələri və digərləri iştirak edəcəklər.

Mərasim zamanı öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, sonra isə çıxışlar ediləcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah anasına, əzizlərinə səbr versin!

Xudaferin.eu

11:07