Türkiyənin ilk qadın vəkili Şuşalı Sürəyya xanım

Onun haqqında təəssüratlarım məni tərk etmir. Belə bir həmvətənimizlə qürur duyuram. Yəqin ki, siz də mənim bu fikrimlə razılaşarsınız. Allah ona rəhmət eləsin. Açılmış, keçilmiş yolla irəliləmək asandır. Amma bu yolu ilk gedən, o yolu açan, o yoldakı tikanları qıran insanlardan biri olub.

Təkcə Azərbaycanda deyil, bütün Türk Dünyasının özgürlüyü üçün "Difai " təşkilatının yaradıcısı Əhməd Ağaoğlunu qızı, Türk qadınına univeristetin qapısını tanıdan şuşalı xanım ,Türkiyə qadınlarının çarşabda gəzdiyi bir vaxtda Atatürklə dostluq əlaqələrində olan ilk qadın vəkili Sürəyya xanım Əhməd bəy qızı Ağaoğlu (1903-1989) olmuşdur. Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə Milliyyətçi Ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.
Türkiyənin ilk qadın vəkili, Uluslararası  Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk başqanı  olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. “Uluslararası Qadın Hüquqşünaslar Cəmiyyəti”nin ilk prezidenti olan Sürəyya Ağaoğlu, “Azad Fikirləri Yayma Dərnəyi” və “Türk-Amerikan Universitetlər Dərnəyi”nin təməl qucusudur. İstanbul “Qız Liseyi”ndə təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürəyya Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirir. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universitetinin rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.

Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürəyya Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürəyya xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhələrlə qarşılayırlar. Lakin Sürəyya xanımın təkidi və özü kimi iki nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melda və Bedia) təqdim etdikdə onlar üçün ayrıca fakültə açmaq məcburiyyətində qalırlar. Amma günortaya qədər kişi tələbələrə, günortadan sonra isə qadın tələblərə dərs keçirdilər. 1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri və əslən Şuşadan olan Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.
Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı". Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

Onu da qeyd edək ki, Sürəyya Ağaoğlu bütün ömrü boyu Türkiyədə insan haqları və qadın haqları sahəsində fəaliyyət göstərdi. Onun özəlliklə də keçmişdən miras qalmış və feodal düşüncənin əsiri olan ideyaların hüquqi müstəvidə aradan götürülməsində misilsiz xidmətləri olmuşdur. Beləliklə də ərəb-fars düşüncəli ideyaların çağdaş insan hüquqları çərçivəsində aradan qaldırılmasında fəaliyyət göstərmişdir. O, qürbətdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması, onların məskunlaşması və digər mühüm işlərdə daim bir hüquqşünas kimi aktiv olmuşdur. Avropada türklərin hüquqları üzrə bir vəkil kimi müstəsna xidmətləri olan nadir insanlardan sayılırdı. Türk qadınının yüksək səviyyədə təhsil alması, inkişaf etməsi ideyalarının alovlu carçılarından biri olub. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün irəli sürdüyü ideyaların həyata keçməsində ən böyük mübariz qadın hərəkatçısı sayılırdı.  
Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur. Bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir. 29 dekabr 1989-cu ildə İstanbulda vəfat etmişdir

Baba Allahnəzərli

20:12