Türkiyədə “Cumhuriyyet” qəzeti əməkdaşlarının məhkəməsi keçirilib

 

Cumhuriyyet qəzetinin jurnalistlərinin məhkəməsinin ilk günü başa çatıb. Bu proses Türkiyədə mətbuat azadlığının gələcəyi ilə bağlı mühüm bir sınaq kimi qiymətləndirilir. Cumhuriyyet qəzeti Türkiyədə prezident və hökuməti tənqid edən çox az sayda əsas mətbu orqanlardan biridir. Məhkəmənin ilk günü 17 jurnalistə qarşı terrorçuluq ittihamları oxunub. Jurnalistlərin çoxuna qarşı “terror təşkilatlarının üzvü olmaq”, ya da “terror təşkilatlarına üzv olmadan onları dəstəkləyən fəaliyyət göstərmək” ittihamları irəli sürülüb.

Jurnalistlər və hüquq müdafiəçiləri “Cumhuriyyet” qəzetinin əməkdaşlarına dəstək veriblər.

Bu ittihamlardan keçən il iyul ayında dövlət çevrilişinə cəhdin ardınca fövqəladə vəziyyətin tətbiq edilməsindən sonra bir çox hallarda istifadə edilib. Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə 100 mindən çox işdən azad edilib, 50 min çox insan həbs edilib. 17 jurnalist arasında qəzetin baş redaktorları, aparıcı yazarlar və karakaturaçılar var. “Cumhuriyyet” qəzetinin baş redaktoru Kadri Gürsel müdafiə çıxışında ittihamları kəskin qınayaraq, prokurorların ona qarşı sübutların toplanmasında qanunu pozduğunu bildirib. Kadri Gürsel dövlət çevrilişində və terrorizm əməllərində əli olan Fətullah Gülən tərəfdarlarından mətnlər əldə etdiyi də daxil olmaq kimi sübutları qəti şəkildə rədd edib.

AKP iqtidarının yaranmasına böyuk əməyi olan və bu gün də dolayı yolla onunla işbirlyini davam etdirən Fətullah Gülənin həmin dövlət çevrilişinə cəhdin arxasında durması iddia olunur. Bu çevriliş cəhdi nəticəsində 240-dan çox insan həyatını itirib.

“Cumhuriyyet” qəzetinin baş redaktoru Kadri Gursel “FETÖ” və kürd militantlarının PKK qrupunu dəstəkləməkdə ittiham olunur. Halbuki Kadri Gursel uzun illər Fətulla Gülənin ən kəskin tənqidçilərindən biri olub. O, 1990-cı illərdə PKK tərəfindən oğurlanaraq bir neçə həftə girov saxlanılıb.

Məhkəmənin birinci günü jurnalistlərə qarşı qaldırılan iddiada əsas məqam “Cumhuriyyət”in prokurorların iddia etdiyi kimi siyasətini dəyişməsi ilə bağlı olub. Prokurorlar bunu qəzetin Fətullah Gülənin siyasi proqramını davam etdirməsinə sübut olduğunu iddia edir. Qəzetin

icraçı direktoru Akın Atalay məhkəmədə bildirib ki, ona və jurnalistlərə qarşı məhkəmə işi “hüquqi cinayətdir”. Atalay prokurorları qəzeti susdurmaq və ya da onu “ələ keçirmək istəməkdə” ittiham edib. “Cumhuriyyet” qəzetinə qarşı məhkəmə işi Türkiyədə mətbuat azadlığı ilə bağlı narahatlıqların əsasında duran bir məsələyə çevrilib. O da bəllidir ki, Türkiyədə 15 ildir iqtidarda olan AKP hakimiyyəti tədricən özünəvurğunluq siyasətinin təməli kimi onu tənqid edən mətbu orqanları daim hansısa terrorizm qruplaşmalarını təbliğ etməkdə, nazirlərə, özəlliklə AKP-nin rəhbərliyini təhqir, yalan və böhtan kimi ağır suçlama bəhanəsi ilə həbs etdirmək kimi siyasətlər yürüdülməkdədir. “Cümhuriyyet”, “Aydınlıq” və “Sözçü” qəzetlərini buna misal göstərmək olar.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”  

 

09:16