Türkiyə müxalifəti: Hökumət dövlət çevrilişinə cəhdlə ilgili araşdırma aparmır

 

Türkiyənin ana müxalifət partiyası bildirir ki, hökumət keçən il iyul ayında dövlət çevrilişinə cəhdlə bağlı tam təhqiqat aparmır və həqiqəti gizlətmək üçün fövqəladə vəziyyətdən istifadə edir. Cumhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü deyib ki, Türkiyə hökuməti 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin birinci ildönümü təntənələrindən “saxta tarix yazmaq” məqsədilə istifadə edir.

CHP-dən olan millət vəkili Bülənt Tezcan dövlət çevrilişinə cəhdlə bağlı sorğuların hazırkı hökuməti müdafiə etmək üçün qarşısının alındığını deyib. O bildirib ki, hökumət dövlət çevrilişi cəhdindən sonra tətbiq etdiyi fövqəladə vəziyyətdən nəzarət və balansın mövcud olmadığı qanunsuz bir mühit yaratmaq üçün istifadə edir.

CHP millət vəkilinin bildirdiyinə görə, dövlət çevrilişinə cəhd edənlər və onların siyasi əlaqələri ilə bağlı təhqiqat aparan prokurorların qarşısı hökumətin ədliyyə sisteminə təzyiqləri nəticəsində alınır. O deyib ki, parlamentin istintaq komissiyasından siyasi məsuliyyətdən qaçmaq üçün istifadə olunub. Keçən il iyulun 20-də tətbiq edilmiş fövqəladə vəziyyət şəraitində Fətullah Gülən və başqa terrorçu qruplarla əlaqələri olduğu iddia edilərək, 50 mindən çox insan həbs edilib, 110 mindən çox dövlət qulluqçusu və alim işdən azad edilib. Hökumət həbslərin gələcək təhlükələrin qarşısını almaq məqsədilə edildiyini bildirir. Lakin Tezcan və təmsil olunduğu partiyası fövqəladə vəziyyəti “nəzarət edilən çevriliş” adlandıraraq, onun dərhal ləğv edilməli olduğunu bildirir.

 
Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

11:11