Tehran zindanında aclıq aksiyasi keçirən milli fəalın sağlıq durumu ağırlaşıb

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Siyamək Mirzanin saxlandığı Tehrandakı “Evin” həbsxanasında bir neçə gün elan etdiyi aclıq aksiyasına görə sağlıq durumu kəskin xarakter alıb. Güney Azərbaycan insan haqları təşkilatlarının birlikdə yaydığı açıqlamaya görə, iyun ayının 17-də aclıq aksiyasına başlayan milli fəal Siyamək Mirzainin sağlıq durumu tamamilə pisləşibdir.

“Siyamək Mirzayi aclıq aksiyasına başlayandan bəri 10 kiloqram çəki itirib və qan təzyiqi düşüb. Onun çəkisi demək olar ki, 77 kiloqramdan 67-ə enib,” deyə bu barədə insan haqları təşkilatları yaxınlarına istinadən açıqlama veriblər. Keçən ilin iyul ayından bəri nəzarətdə olan milli fəalın yaxınlarının bildirdiyinə görə, həbsxana rəhbərliyi onun məhkəmə dosyesi ilə bağlı problemlərin həlli istiqamətində hər hansı addım atmayıblar. Mirzayi isə tələbləri yerinə yetirilənədək aclığa davam edəcəyini bildirib.

Əslən Güney Azərbaycanın Muğan bölgəsindən olan Siyamək Mirzai “müxtəlif bəhanələrlə təxirə salınan apellyasiya məhkəməsinin təşkilini və müvəqqəti azadlığı üçün müəyyənləşmiş bir milyard tümənlik (təqribən 300 min dollar) zəmanət məbləğinin azaldılmasını” tələb edib.

Qeyd edək ki, milli fəal Siyamək Mİrzai keçən ilin iyulunda İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Muğan bölgəsində nəzarət altına alınsa da, daha sonra Tehranın Evin həbsxanasına köçürülüb. Tehran vilayətinin Baharistan şəhər “İnqilab Məhkəməsi” bu ilin yanvar ayında onu 10 il həbs və əlavə olaraq, iki il Güney Xorasan vilayətinin Təbəs şəhərində sürgündə yaşamaq cəzasına məhkum edib.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:13