Şuşamızın İyirmi Üç Ay İspolkomu

Onun adını dilimə gətirəndə eşidənlər yalnız məmnunluq ifadə etdilər.

 

Bilmirəm, bu, mənim taleyimdi, yoxsa, alın yazımdı və yaxud da boyuma biçilmiş missiyadı. Hər nədisə barəsində yazmaq qərarına gəldiyim el-oba adamlarının, ümumiyyətlə, uzaqdan-yaxından tanıdığım hər kəsin taleyi məni həmişə özünə çəkib və bu maqnit gücü məni o qədər aludə edib ki, özümdən xəbərsiz o taleyə qoşulub, çox-çox uzaq ellərə, uzaq məkanlara gedib-çıxmışam. Bir də başımı qaldıranda görmüşəm ki, olduğum yer, dayandığım nöqtə, həmsöhbət olduğum adamlar məndən yaşca nə qədər böyük olmalarından, həmin məkanı necə tanımağımdan asılı olmayaraq, burda hər şey, hər an, hər söz mənə əzizdi. Deməli, bu da adamın, xüsusilə, söz adamının yaşadığını öz köynəyindən keçirməsidi. Həmin an doğmalıq, səmimiyyət elə bir həddə gəlib-çatır, elə bir mərtəbəyə yüksəlir ki, orda ikinci tələf olmur. Sən eşitdiklərini, gördüklərini öz həyatının, öz yaşamının bir səhifəsi, bir hissəsi kimi içində gəzdirirsən. Onunla əl-ələ tutub gəzdiyin hər yerdə bir rahatlıq duyursan və ...

Bəli, barəsində yazmağa başladığım bu Kişini Qarabağda demək olar ki, hamı tanıyır. Mən hələ onun hüdudlarından kənarı demirəm. Bunu mənim inancıma, inamıma görə, iki səbəbi var. Birinci, bəlkə də, ən əsası, bu Kişinin halallığıdı. Yəni, sözü də halaldı, kəsdiyi çörək də halaldı, verdiyi salam da halaldı, gördüyü iş də halaldı və ən əsası dözümü, dəyanəti, mərdliyi, şəxsiyyəti də halaldı. Zənnimcə, təkcə bu saydığım çalarlar bir insanın yadda qalması, barəsində yazılması üçün kifayət edir. Oğul gərəkdir ki, bu halallığın ip ucundan tutub qoşula o Kişiyə və çıxıb-gedə 1941-ci il  iyul ayının 14-ə. Bu tarix bir yaddaşdı, bir faktdı, bir gerçəklikdi. Çünki həmin tarixdə Şuşa rayonun Xəlifəli kəndində həmin Kişi doğulub. Düşünə bilərsiniz ki, burda qeyri-adi nə var ki. Amma tələsməyin. Bir anlıq səbr edin. Mənim dediklərimi, daha doğrusu yazdıqlarımı oxuyun, sonra görəcəksiz bu tarixin hansı əhəmiyyətə malik olduğunu və biləcəksiniz ki, Əliş Kişinin evində Göyçək ananın dünyaya gətirdiyi bu oğul atasının üzünü görməyəcək. Çünki cəmi 7 gün sonra onun atasını müharibəyə aparacaqlar. Bir damın altında Göyçək ana və bir də bu oğul qalacaq...

Tarixə baş vuraq. Xatırlayaq ki, Azərbaycanın da aid olduğu Sovet dövründə, daha doğrusu, o dövrün 1941-ci ilində nələr baş verib? Xatırladınızmı, əgər çətin də olsa, deyim: - Sovet -alman müharibəsi! Bəli, bu oğulun atası Sovet torpağını, alman faşizmini qorumaq üçün səngərə getdi. Əslində, getmədi, apardılar. Çünki aid olduğu böyük dövlətin yazılı və yazılı olmayan qanunu bunu tələb edirdi. Əliş kişi də oğlunu ömür-gün yoldaşı, həyatının ilk övlad nübarını ona bağışlayan Göyçək anaya tapşırdı, ananı da  Allaha! Və beləcə, Şuşanın Xəlifəli kəndində bir damın altında bir ana bir oğlunu sinəsinə sıxdı. Bir oğul bir anaya sığındı... Sonra bir ana qərar verdi.  Bir oğul bir ananın qərarına baş əydi. Və bir ana bir oğlunu götürüb Şuşa şəhərinə üz tutdu. Burda sığınacaq tapdı və o bir oğul bir ana ilə Şuşada həm həyatın müharibə acısını, həm yaşam acısını, həm də mücadiləsini yaşadı. Dişlə, dırnaqla bir ana və bir oğul ayaqda qaldı. Artıq 1950-ci il idi.  Beş il ata yolu gözlədi oğul... beş il ər yolunu gözlədi Göyçək ana. O illər bu günə qədər də oğul tərəfindən gözlənilir. Heç olmasa bir xəbər naminə, bir işartı naminə. Amma xəbər kimi ata da, ər də gəlmədi. Və 1950-ci ildə həmin oğul Şuşadakı 1 №-li məktəbin şagirdi oldu. Oxudu, anasının köməkçisi oldu, yavaş-yavaş da, özü də hiss etmədən uşaqlığını kişiliklə əvəzlədi. Artıq hamı bildi ki, Əliş kişinin evində, Göyçək ananın yanında bir Kişi var – evin Kişisi!...

 Yazının əvvəlində iki məqamdan söz açdım. Birini artıq demişəm. İndi qayıdıram ikinci məqama.

Barəsində danışdığım həmin Kişini halallığı ilə yanaşı, onu tanıdan və sevdirən ikinci cəhət uşaqlıqdan ağsaqqallıq missiyasını yerinə yetirməsi, haqqı-nahaqqa verməməsi, ədalət uğrunda axıra qədər çarpışması, qarşısına qoyduğu məqsəd üçün hər şeyi göz altına alması və bir də ən vacibi Şuşanı öz həyatının ifadəsinə, mənasına, kredosuna çevrilməsidi. Yəni,  bu Kişi Şuşa üçün, şuşalılar üçün, tanıdığı və dəyər verdiyi hər kəs üçün gözünü qırpmadan zəruri olan bütün addımları atmaqdan heç vaxt çəkinməyib. Və bir də bu Kişi sirr saxlamağı, sirdaş olmağı, bununla bərabər dostu, yoldaşı qoruyub şərəfləndirməyi çox gözəl bacarırdı. Ona görə də onunla dost olanlar həmişə məmnun qalıblar, həmişə ona güvəniblər. Bax, elə bu yerdə yadıma barəsində danışdığım Kişi ilə bağlı söz düşəndə qarabağlıların, şuşalıların, Azərbaycan ziyalılarının yaxşı tanıdığı Zahid Abbasov dedi ki: «Əlövsət müəllim güvənilən kişilərdəndir. Ona söykənib heç nədən ehtiyatlanmadan sözünü də deyə bilərsən, işini də görə bilərsən. O elə bir ağsaqqaldır ki, onunla yalnız fəxr etmək olar. Səxavəti, duz-çörəyi, xətir-hörməti, torpaq sevgisi, dost sədaqəti, kişi xarakteri Əlövsət müəllimin hər kəs tərəfindən görünən, bilinən, dəyərləndirilən cəhətlərindəndir. Onun Şuşada gördüyü işlər, adamlara əl tutub kömək etməsi, məsləhət verməsi, qayğı göstərməsi hər kəsə məlumdu. Çox dizibərk, sözübütöv, heç nədən çəkinməyən bir kişidi Əlövsət müəllim. Allah ona ömür versin».

Təbii ki, bir Qarabağ ziyalısının söylədiyi fikirlər mənim də artıq adını sizə təqdim etdiyim Əlövsət Əliş oğlu Məhərrəmov orta məktəbi Şuşada bitirəndən sonra Bakıya gəldi. Politexnik texnikumunun inşaat faküləsinə daxil oldu. Təhsilini başa vurub doğulduğu şəhərə qayıtdı. Əmək fəaliyyətinə başladı. İki ildən sonra ali təhsil almaq üçün yenidən Bakıya üz tutdu. Bu dəfə Politexnik İnstitutunun inşaat fakültəsinə girdi. Müəyyən səbəblərdən institutu fasilələrlə bitirməli oldu. Təbii ki, bu da ailə vəziyyəti və bir də çalışdığı iş ilə əlaqədar idi. Amma bütün bu bəlli problemlərə baxmayaraq o, İnşaat İnstitutunun fərqlənən tələbələrindən oldu. Çünki istehsalatda qazandığı təcrübə onun bir çox keyfiyyətlərini vaxtında üzə çıxarmışdı. Hər kəs görüb bilmişdi ki, Əlövsət müəllim inşaat işini, memarlığı, rəhbərliyi gözəl bacarır. Ona görə də hələ 1963-cü ildən Şuşa rayon tikinti və arxitektura şöbəsində böyük mühəndis kimi işə başlayan Əlövsət Məhərrəmov 1965-ci ildə Şuşa rayon Təmir-Tikinti İdarəsində iş icraçısı idi. Burda da qısa müddət işləyəndən sonra onu yeni vəzifələrə irəli çəkiblər. Bütövlükdə, Şuşa şəhərində tikinti ilə bağlı olan sahələrdə Əlövsət Məhərrəmovun izi görünüb. Çünki onu hansı vəzifəyə təyin ediblərsə, orada mütləq bir yenilik dərhal büruzə verib. Xüsusilə, çalışdığı kollektivdə, yaratdığı qayda-qanun, işgüzar mühit onu hamıya sevdirib. Hətta 1968-ci ildə Şuşa rayon yol ildarəsində baş mühəndis kimi fəaliyyət göstərəndə onun Şuşanın yolları ilə irəli sürdüyü təşəbbüslər dərhal müxtəlif reaksiyalar doğurub, sevinənlər də olub, arxada dodaq büzənlər də. O isə daha çox sevinənlərin yanında olub. Onların istəyini, arzularını yerinə yetirib.

Burda bir məqamı da xatırladım ki, Sovet dövründə bir çox nazirliklərin Şuşada aildiyyatı idarələri, qurumları fəaliyyət göstərirdi və onların da tabeçiliyi nazirliyin özünə mənsub idi. Ona görə də bəzən nazirliklər yerlərdəki layiqli kadrları özləri axtarıb-tapır və onlara həmin yerlərdəki idarələrə, qurumlara rəhbər təyin edirdilər. 1969-cu ildə Azərbaycan Respublikası Sənaye Tikinti Nazirliyinin rəhbərliyi Əlövsət Məhərrəmovu  92 №-li Şuşa Tikinti  İdarəsinə işə dəvət etdi. 3 ildən sonra artıq o, kolxozlararası tikinti idarəsinə rəis təyin olunmuşdu. Bax, beləcə Şuşanın tikinti sahəsi ilə yanaşı, burda fəaliyyət göstərən istirahət zonasının da, yəni, kurortlar idarəsinin də dövrün tələblərinə uyğun səviyyədə tanıdılmasında Əlövsət Məhərrəmov yaxşı nümunələr göstərdi. Təsəvvür edin ki, həmin dövrdə Şuşa o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin tabeliyində olan bir rayon idi. Vilayətə rəhbərliyi isə ermənilər edirdi. Hətta ermənilər belə, Əlövsət müəllimin işində nöqsan tapa bilmirdilər. Nə qədər cəhd etsələr də, onu ləkələmək, onu gözdən salmaq daşnaklara müyəssər olmurdu. Çünki Əlövsət Məhərəmov hər axşam işdən sonra anasının dizinin dibində oturub onunla 1941-ci ildən üzübəri yaşadıqlarını yenidən bölüşürdü. Onun nəsihətlərinə, onun xeyir-duasına söykənirdi. Və Əlövsət müəllim yaxşı bilirdi ki, saçlarını onun üçün ağardan ana hər gün dualar edib oğlunu Allaha tapşırırdı. Bu dünyada Allahdan və anasından başqa heç kimi olmayan Əlövsət Məhərrəmov da məhz sığındığı, Allahın kölgəsində onun yoluna kötük yumalayanlara qalib gəlirdi, onları götürüb yolundan kənara atırdı...

Bir neçə günün söhbətidi. Mənim üçün Qarabağda ən böyük haqqı olanlardan biri saydığım yazıçı-publisist, araşdırıcı Vasif Quliyev telefonuma zəng edib «düş yanıma» dedi. Təbii ki, getdim «Şuşa» qəzetinin redaksiyasına. Məni adını çoxdan duyduğum, özünü uzaqdan tanıdığım Əlövsət müəllimə təqdim etdim. Daha doğrusu, bu təqdimatın hər iki başında bir məqsədin dayandığını anladım. Bu məqsəd də təbii ki, Əlövsət müəllimin 80 yaşının mətbuatda qeyd edilməsi idi. Vasif müəllim fikirlərini tamamlayanda artıq mən öz içimdə bu yazını yazırdım. Çünki yazının ip ucu onun öz dilindən səslənmişdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay hakimiyyətdə olduğu kimi Əlövsət müəllim də 23 ay Şuşanın ispolkomu olmuşdu. Özü də bu işə cəhd göstərmədən, yəni...

1979-cu ildə Şuşa rayon Xalq Deputatları Sovetinə sədr seçilən Əlövsət Məhərəmov ona göstərilən etimad üçün təşəkkür etsə də, amma öz ürəyində bir narahatlığın qaldığını da hiss etdim. Sanki kimsə ona pıçıldayırdı ki, bu iş sənlik deyil.  Sən tikib-qurmağı, yaratmağı, sərbəstliyi sevən insansan, əl çalmaq, kimlərinsə istəyinə «Amin» demək sənlik deyil. Duyduğu həmin o hiss 23 aydan sonra öz təsdiqini tapdı. Elə ki, ispolkom sədri kimi Şuşada gördüyü işlər, xüsusilə, növbəlilik prinsipinə əməl edilməsi, hər kəsin öz növbəsində rüşvətsiz, «şirinliksiz» mənzil alması, digər növbəli məsələlərin qanunauyğun həll edilməsi, sifarişlərə, özəl tapşırıqlara əhəmiyyət verilməməsi Əlövsət müəlimin ispolkom stolunu hər gün laxladırdı. «Yuxarılar», «imtiyazlar» yeni sədrlə yola gedə bilmirdilər. Haqqın, ədalətin zəfəri onları Əlövsət müəllimə qarşı birləşdirirdi. Və nəhayət, 23 aydan sonra heç bir ciddi səbəb göstərmədən, 5 gün əvvəl təşəkkürnamə almış ispolkomu vəzifəsindən azad etdilər. Məzuniyyətə hazırlaşan Əlövsət müəllim bundan heç narazı qalmadı.  Əksinə, bu yükdən xilas olduğuna sevindi. Və dostların, bir də öz bacarığının hesabına müxtəlif vəzifələrdə çalışdı. Göstərdi ki, o öz haqqının sahibi olan Kişidi.

İki qızı, beş nəvəsi, doqquz nəticəsi olan Əlövsət Əliş oğlu Məhərrəmov bu dünyadakı bütün hadisələrin mənfi, müsbət çalarlarına həmişə bir  bucaq altında baxıb və vurğulayıb ki, insanı alçaldan da, ucaldan da onun nəfsidi. Nəfsinə təslim olanlar alçalırlar, sürünürlər və gözdən düşürlər. Nəfsini özünə  tabe edənlər isə özləri ucalır, özləri həmişə sayılıb-seçilirlər.

Bu gün 80 yaşını həmin o Kişi qüruru ilə qeyd edən Əlövsət Əliş oğlu Məhərrəmovun bu dünyada yeganə borclu olduğu insan anasıdı. Bir damın altında, bir ana-bala və bir də başlarının üstündə Allah, bu böyük yolun yolçusu olublar. Yol da uğurlu olub, yolçular da Allah adamı. Ömrünüz keçdiyiniz yollar qədər uzun olsun Əlövsət Əliş oğlu. 

Əbülfət MƏDƏTOĞLU

Mənbə:adalet.az

Xudaferin.eu

 

 

 

16:25