Sərhədsiz Reportyorlar Berlində etiraz aksiyası keçirib

 

 

Mərkəzi qərargahı Parisdə yerləşən "Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda repressiyanın yenidən başlanmasını pisləyib və son vaxtlar həbs olunan ən azı 15 bloger, KİV işçisi və müstəqil jurnalistin dərhal azadlığa buraxılmasına çağırıb.

Təşkilatın 23 iyun tarixli bəyanatında deyilir ki, "amansız repressiyalar son iki ayda Azərbaycan hökumətinin 2016-cı ilin yazında bir neçə siyasi məhbusun azad edilməsi kimi barışıq jestini kölgədə qoydu". Yeni repressiya qurbanları arasında Jam.az veb-saytının redaktoru Fikrət Fərəməzoğlu da var. O, iyunun 14-də 7 il azadlıqdan məhrum edilib və azadlığa buraxıldıqdan sonra iki il jurnalist fəaliyyətinə qadağa qoyulub. Müstəqil jurnalist Nicat Əmiraslanov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdikdən sonra mayın 22-də saxlanılıb və 30 sutka həbs edilib. Polisdə döyüldüyünə görə dişləri düşüb, məhkəmədə dişsiz vəziyyətdə olub. Vəkil bildirib ki, hansısa yolla onu məcbur ediblər ki, apellyasiyadan imtina etsin və günahını etiraf etsin. "Həbslər, işgəncələr, uydurma ittihamlarla mühakimələr Azərbaycanda müstəqil jurnalistlər üçün normaya çevrilib ki, bu da hakimiyyətin son tənqidçilərə zərbə endirmək istəyindən xəbər verir", təşkilatın bəyanatında vurğulanır.

"Saxlanılan jurnalistlərin hamısı buraxılmalıdır. Bu, aktualdır, xüsusilə də onların çoxunun işgəncələrə məruz qaldığı və səhhətilə bağlı problemin olduğu halda. Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını insan hüquqları sahəsində öhdəliklərini hakimiyyətə xatırlatmağa çağırırıq", bəyanatda qeyd olunur.

Qaçaqmalçılıq və sərhəddi qanunsuz keçməkdə ittiham olunan Əfqan Muxtarlı hazırda istintaq altındadır. O, hakimiyətin təqibləri səbəbindən 2014-cü ildə ölkəni tərk edib, mayın 29-da isə Tbilisidə oğurlanaraq Azərbaycan hakimiyyətinə təhvil verilib. Bundan əlavə, digər iki KİV əməkdaşına qarşı istintaq aparılır. Onlardan biri "Kanal 13"-dən Əziz Orucovdur. O, mayın 2-də qanunsuz sahibkarlığa görə həbs edilib.

Müxalifətyönümlü "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirov isə vergidən yayınma ittihamı ilə məhkəmə qarşısında dayanıb. Halbuki, öncə onu dini ədavətin qızışdırılması ittihamı ilə həbs etmişdilər. F.Əmirov xroniki mədə xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu 10 ay müddətində müvafiq tibbi yardım almadığına görə vəziyyəti çox pisdir.

Ölkə hakimiyyəti İnternet resurslarını təqibə başlayıb, beş müstəqil xəbər saytı bloklanıb. "Azadlıq" radiosu prezident İlham Əliyevin yaxın qohumlarının maliyyə fəaliyyətini araşdırıb. Həmçinin "Azadlıq" qəzeti və Berlində fəaliyyət göstərən "Meydan" TV-nin saytları bloklanıb. Azərbaycan 2017-ci ildə mətbuat azadlığı indeksi üzrə 180 ölkə arasında 162-ci yeri tutur.

Amerikaninsesi.org

09:51