Əsir düşən təxribatçı erməni zabit necə cəzalandırılacaq - rəylər

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyana beş maddə üzrə ittiham elan olunub.

Onun hərəkətlərində ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistana ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün barəsində Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 276 (casusluq), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Musavat.com-un məlumatına görə, zərərsizləşdirilən erməni zabiti özü haqqında geniş məlumat verərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatdan danışıb.

Q.Alaverdyan Ermənistan Silahlı Qüvvələrində qulluq etdiyini və kəşfiyyat tapşırığı ilə Azərbaycan tərəfə keçdiyini etiraf edib.

Erməni əsirin aqibətinin necə olacağı, Ermənistanın ona sahib çıxıb-çıxmayacağı müzakirə olunur. Hərbi əsirlərlə beynəlxalq konvensiyalara görə necə davranılması da suallar sırasındadır.

Əlövsət Allahverdiyev 1905.az

 

Əlövsət Allahverdiyev: “Onun Dilqəm və Şahbazla dəyişdirilməsi mümkündür”

Hüquqşünas Əlövsət Allahverdiyev bununla bağlı suallara cavabında dedi ki, atəşkəsin olduğu bir dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən saysız hücumlar baş verir, diversiya qrupları ərazilərimizdə hər hansı formada təxribat törətməyə cəhd göstərir: “Son günlərdə erməni hərbiçisinin əsir götürülməsi bunu bir daha təsdiq edir. Ermənistan dəfələrlə bunları inkar etməyə çalışsa da, fakt hər kəsə məlumdur.

Əsirlərlə rəftar beynəlxalq hüquq normaları ilə tənzimlənir: istər mülki şəxslərin əsir götürülməsi, istərsə də hərbi qulluqçuların əsir götürülməsi. Hər iki halda əsirlərlə qanunauyğun rəftar təmin olunmalıdır. Baxmayaraq ki, qarşı tərəf əsir götürdüyü vətəndaşlara dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar olunub və ya öldürülublər. Araşdırsanız görərsiz ki, onların bizdə saxlanan əsirləri ilə normal rəftar olunur və qanunamüvafiq şəkildə məsuliyyətə cəlb olunaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum olunurlar. Beynəlxalq hüquq normalarına görə hərbi əsirlər döyüşlərdə birbaşa iştirak etdiklərinə görə məsuliyyətə cəlb oluna bilməzlər, onların tutulması cəza demək deyil, bunun məqsədi yalnız silahlı qarşıdurmada iştirakının qarşısını almaqdır, hücumlar bitdikdən sonra dərhal o, azad edilməli və ölkəsinə qaytarılmalıdır. Əgər söhbət sadə tutulmaqdan deyil, onun hər hansı formada təxribat törətməsindən və ya bu istiqamətdə yaxalanmasından gedirsə, bu halda onun əməlində cinayət tərkibi yaranır və o, mütləq məsuliyyətə cəlb olunmalıdır. Məhz bu əsir də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normalarına görə məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaq. Ermənistanın ona sahib çıxmasına gəlincə, hər zaman təbii ki, onu azad etməyə çalışacaqlar, bu sıradan bir şəxs deyil, kifayət qədər məlumatlı olan hərbi qulluqçudur. 

Beynəlxalq humanitar hüquq normaları və Müharibə Qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları hərbi əsirlərin hərtərəfli müdafiəsini təmin edir, onların hüquqları, sağlamlığının qorunması, lazım gəldikdə müalicə olunması, habelə əsirlikdən azad olunması qaydalarını müəyyənləşdirir. Təbi ki, ölkəmiz tərəfindən bu normalar həmişə gözlənilir və əsirlərlə normal rəftar olunur.  Üçüncü Cenevrə Konvensiyasının 17-ci maddəsinə görə hər bir hərbi əsir dindirilmə zamanı yalnız soyadını, adını və rütbəsini, doğum tarixi və şəxsi nömrəsini və ya olmadıqda digər ekvivalent məlumatları təqdim etməlidir. Bir hərbi əsir bilərəkdən bu qaydanı pozarsa, hərbi rütbəsinə və ya vəzifəsinə görə verdiyi üstünlüklərin məhdudlaşdırılması ilə təhdid edilə bilər. Əsir götürülmüş şəxslərdən onlardan hər hansı bir məlumat almaq üçün fiziki və ya ruhi işgəncə, hər hansı digər məcburi tədbir tətbiq edilə bilməz. Cavab verməkdən imtina edən hərbi əsirlər təhdid, təhqir və təcavüzə məruz qala və ya hər hansı bir şəkildə məhdudlaşdırıla bilməz. Fiziki və ya əqli vəziyyətinə görə şəxsiyyəti haqqında məlumat verə bilməyən hərbi əsirlər tibb xidmətinə təhvil veriləcək. Bu hərbi əsirlərin şəxsiyyəti, əvvəlki bəndin müddəaları nəzərə alınmaqla mümkün olan bütün vasitələrlə müəyyən ediləcəkdir. Əsirlərin dindirilməsi başa düşdükləri dildə aparılmalıdır. Ölkəmiz tərəfindən hər zaman Cenevrə Konvensiyasının bu müddəaları qorunur və ona əməl olunur, lakin Ermənistan tərəfi heç vaxt bu normanın tələblərinə əməl etmir. Məsələn, vətəndaşlarımız, ümumiyyətlə, silahlı qüvvələrlə əlaqəsi olmayan və mülki şəxs kimi əsir düşən Dilqəm və Şahbaz ermənilər tərəfindən sistemli şəkildə işgəncələrə, qeyri-insani rəftara məruz qalıblar. Bunu bütün dünya ictimaiyyəti də bilir. Təəssüf ki, bu acı həqiqətdir. Yeri gəlmişkən, bu əsirin Dilqəm və Şahbazla dəyişdirilməsi mümkündür".

Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın  etdi” - FOTOLAR

 

Emin Həsənli: “Dünya niyə Ermənistana demir ki, ordunuzun zabiti Azərbaycan ərazisində nə gəzir?”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri  Emin Həsənli dedi ki, Ermənistan atəşkəs rejimini pozaraq diversiya-kəşfiyyat əməliyyatları həyata keçirir. Bu təxribatları davamlı xarakter alır: “Azərbaycan istər hərbi, istərsə də mülki əsirlər olsun, nümunəvi davranıb. Dəfələrlə olub ki, Azərbaycan tərəfi erməni əsirləri beynəlxalq qanunlara uyğun şəkildə erməni tərəfə təhvil verib. Hərbi əsirlərlə də davranış hər zaman biz tərəfdə normal olub. Amma baxın, öz dədə-baba yurdlarına gedən, valideynlərinin məzarlarını ziyarət edən Dilqəm və Şahbazla ermənilər nə cür davranırlar. Onlar məhkəməyə hansı formada gətirilir? Adi bir vətəndaş, mülki insanlardır. İnternetdə video görüntülər var. Onlara nə cür məhkəmənin təşkil olunduğunu gördük. Uzun müddətdir ki, Ermənistan tərəfi əsirləri qaytarmır. Qarabağ müharibəsinin ilk dönəmindəki əsirlərimizlə ermənilər ağılagəlməyən, faşist metodları ilə rəftar etdilər. Əsirlərin sayını gizlətdilər. Ermənistan bu davranışları ilə göstərir ki, sülh prosesinə hazır deyil. Beynəlxalq hüququ pozublar. Azərbaycanın əsirlərlə davranışı hüquq normalarına tam uyğun olub. Amma Ermənistan tərəfinin mülki insanlarla davranışı belə beynəlxalq hüquq normalarına söykənməyib. Təəssüflər olsun ki, Minsk qrupunun ölkələri düzgün mövqe sərgiləmirlər. İşğal edilən torpaqları boşaltmaq, əsirləri geri qaytarmaq məsələsində ermənilərə sanksiyalar tətbiq olunmur. Ermənilərdən hesab sorulmur. Sülhün təminatçısı olan dövlətlər bununla bağlı konkret addımlar atmırlar. Niyə Ermənistan hakimiyyətinə demirlər ki, ordunuzun zabiti Azərbaycan ərazisində nə gəzir? Niyə Paşinyana sual vermir ki, oğlun Qarabağda nə üçün xidmət edir? Sən hansı haqla danışıqlar aparırsan? Sənin özün Şuşaya nə haqla gedirsən? Ordunun zabiti niyə təxribat həyata keçirməlidir? Niyə sual verilmir ki, Dilqəm və Şahbazla o cür davranmaq olmaz?”

xudaferin.eu

13:43