Rusiyadan Qarabağ şərti

 

Şimal qonşumuzdan ədalət gözləyəkmi?

ABŞ-ın “Stratfor” Siyasi Araşdırmalar Mərkəzi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sensasion iddialarla çıxış edib. Mərkəzin ehtimalına görə, Rusiya münaqişənin həll prosesində dəyişikliyə gedərək, Ermənistana təzyiq etməklə Azərbaycanın lehinə mövqe sərgiləməyə başlayıb. “Stratfor” qeyd edir ki, Qafqaz regionunda hər hansı dəyişiklik münaqişədə xarici oyunçudan - özünün uzunmuddətli maraqlarından çıxış edən Rusiyadan asılı olacaq”.

“Rusiya Bakı vasitəsilə İrəvana təsir edəcək”

Sənəddə deyilir ki, 2016-cı ildə Rusiya neytral mövqe tutaraq erməni müttəfiqini dəstəkləməyib: “Azərbaycanın hərəkətləri Rusiya ilə razılaşdırılmadan mümkün deyildi. Mesaj göndərilmişdi ki, Bakı sərbəst hərəkət etmək imkanlarına malikdir, İrəvan isə bütünlüklə Moskvaya güvənə bilməz”. Mərkəzə görə, Bakını yeni hərbi hücuma təhrik etmək Rusiya üçün İrəvana təsir etməkdən ötrü daha əməli vasitə olacaq, baxmayaraq ki, vəziyyətin nəzarətdən çıxma riski qalır.

Bakının Kremlə şərti

 

O ehtimal gözardı edilmir ki, rəsmi Bakı Rusiyanın Dağlıq Qarabağ münaqişəsini ədaləti həllinə inanır. Amma bu gözlənti və nəzəri olaraq hakimiyyətin öz daxilində hissolunan güvən özündə bir sıra məqamları gizlədir. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın şərtləri daxilində həll olunması müqabilində Rusiyanın dominant rola sahib olduğu Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv olmaq mümkündür. Xarici işlər nazirinin müavini Xələf Xələfov, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentarilər və digər səviyyələrdə Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü istisna edilmədi. Lakin ayrı-ayrı vaxtlarda azərbaycanlı diplomatların dillərindən səsləndirilmiş bu fikirlərin yanında “Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra” ifadəsi vardı. Özlüyündə bu fikir - Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi Bakı tərəfindən Rusiyanın qarşısında irəli sürülmüş şərt ola bilər.

Rusiyanın hesablamaları

 

Azərbaycan cəmiyyətində də o fikir hakimdir ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyadadır. Ölkənin siyasi institutları bunu dilə gətirməsələr də bu səviyyədə də həll yolunun Rusiyadan keçdiyinə inanılır. Amma Kreml hələlik səssizliyini qoruyur. İndiyədək heç “Kremlin danışan dili” sayılan Vladimir Jirinovski səviyyəsində də bu məsələ şərt kimi irəli sürülməyib ki, “Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü qarşılğında Dağlıq Qarabağı geri qaytarmağa hazırdır”. Putinə yaxın KİV-lərdə də bu müzakirə olunmayıb. Çünki Şimal qonşumuzun da öz hesablamaları var. Kreml münaqişənin həllindən sonrakı dönəmdə ortaya çıxacaq nəticələri götür-qoy edə bilər. Əgər münaqişənin Azərbaycanın lehinə həll olunması qarşılığında bizi Avrasiya İttifaqı və Gömrük Birliyində görəcəksə, Ermənistanda öz əleyhinə yaranacaq vəziyyəti də düşünür. Bu halda İrəvanın mərkəzdənqaçma siyasətinə - Qərbə meyillənəcəyini gözardı etmir. Əlbəttə, Ermənistandakı vəziyyətə nəzarət tamamilə Rusiyanın əlindədir. Amma Dağlıq Qarabağı birdən-birə Azərbaycana geri qaytarmaq, əlavə baş ağrısına çevirəcək problemləri ortaya çıxaracaq. Nəticədə məsələnin mərhələli həll planını - Ermənistanı da razı salan strategiyanı nəzərdən keçirə bilər. Yəni, bu vəziyyətdə Rusiyaya güvənmək mümkün deyil.

Qərbin təzyiqləri

 

Bakı digər yandan ABŞ və Avropa İttifaqından olan təzyiqləri də nəzərə alır. Əgər münaqişənin Azərbaycanın istəkləri daxilində həll olunacaqsa və bunun qarşılığında Kremlin qravitasiya sahəsinə daxil olunacaqsa, Qərb buna səsssiz qalmayacaq. Ən az diplomatik təzyiq rıçaqlarını işə salına bilər. Təkcə Azərbaycandan Avropaya qaz və neft tranzitinə embarqo qoyulsa, bunun zərərlərini kompensasiya etmək hakimiyyətə asan olmayacaq. Sonrakı nəticələri nəzərdən keçirən iqtidar “nə şişi, nə də kababı yandırmamaq” üçün ortaq məxrəc üzərində düşünə bilər. Əlbəttə, belə bir ehtiyatlı davranış da münaqişənin həll prosesini uzatmaqla yanaşı münaqişənin ədalətli həllində Qərbə, yoxsa Rusiyaya güvənmək məsələsində seçim variantlarını gündəmə gətirir. Rəsmi Bakı mövqeyini müəyyən etmədikcə, eyni anda həm Rusiya, həm də Qərbin təzyiqləriylə üzləşir.

Kremlin tələbi

 

“Stratfor”un ehtimalların əksinə olaraq, biz bu güvənin hansı nəticələr ortaya çıxaracağını əvvəldən nəzərə alaraq iddia edə bilərik ki, münaqişənin həllində Rusiyaya etimad etmək qarşılığında müstəqilliyimizi itirməli və rus qoşunlarının Azərbaycanda yerləşməsinə icazə verməliyik. Əlbəttə, Dağlıq Qarabağın geri qaytarılması üçün Kreml regiondakı maraqlarının birdəfəlik təmin olunduğunu qarantiyaya almaq üçün Bakıdan öz qoşunlarının Azərbaycanda yerləşdirilməsini istəyəcək. Bakı bundan imtina edəcəksə, Rusiya həll prosesində nəzəri bitərəf, praktiki olaraq Ermənistanın lehinə olan münasibətlə münaqişənin həllini uzatmaqla regionda təsir rıçaqlarını saxlayacaq. Beləliklə, indiki situasiyada və təhlükəli şərtlər qarşılığında Rusiyaya güvənmək etibarlı deyil.

 

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

09:10