"Qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də, qəssab onun bu naləsinə baxmaz..."

Azərbaycan mətbuatı-144
      
İyulun 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 144 ili tamam olur.İlk mətbuatımızın yaradılmasında isə böyük mütəfəkkir H.Zərdabinin əvəzsiz xidmətləri olmuşdur.Bu mənada Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin 1907-ci ildə H.Zərdabinin dəfn mərasimindəki tarixi  çıxışının mühüm əhəmiyyəti vardır.Həmin çıxışı oxuculara təqdim edirəm.
 
M.Ə.RəsulzadəninAzərbaycan mətbuatının banisi H.Zərdabinin dəfn mərasimindəki nitqi
 
 “Həzərat!  Indicə keçən natiq Əbülhəsən gördünüz ki, nə ürəkdən, ürəyinin ən dərin guşəsindən bu günkü hali-övzamızdan, şəhrimizin bir zülm-mücəssəm və qədr dəhşətnakə giriftar olmasından şikayət etdi. 
 
Bu bəlayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm və qəddarlar əlindən xilas olmaq üçün o, təklif ediyordu ki, rəislərimizə yalvaraq- yaxaraq, taki onlar bizə rəhm edib yazıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsaz olsunlar.
 
Heyhat! Möhtərəm natiq səhvdədir. Bizdə rəis yoxdur. Bizim rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşdur. Biçarə cəmaəti bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da cəmaətin öz əli ilə gərək olsun. Başqa bir yol yoxdur. Cəmaət özü-öz azadlığına gərək çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olamaz. Çün həmişə qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də qəssab onun bu naləsinə baxmaz. Ancaq öz işinə məşğul olar, başın kəsib dərisini soymağa, ətini çəkib taraş etməyə çalışar.
 
İştə cəmaəti bu dərəcəyə çatdırmaq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, həqqi və batili ona bildirmək lazımdır. Dəyər ki, cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz.
Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər.
     
İştə bu yolda da təşyiinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdir. İştə bu qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı və vaxt mü¬saidət etmədiyindən nitqimi uzun etməyib qurtarıram.
 
Həmin bu maarif mücahidi olan pirirövşənlərimizə xitabən cəmaətin maarifmənd və mütərəqqi olduğunu özünə məslək tutan “Nicat” maarif cəmiyyəti tərəfindən deyirəm ki, yat, Allah sənə rəhmət eyləsin!”.
 
“İrşad” qəzeti. 2 dekabr, 1907-ci il, N122.
Nəsiman Yaqublu,
tarix elmləri doktoru
 
xudaferin.eu

10:43