Qiyas İbrahimə anası ilə danışmağa icazə verilməyib

 

Vəkil Elçin Sadıqov 2 saylı Cəzaçəkmə Müəssisəsində gən fəal Qiyas İbrahimlə görüşüb. Bu barədə Elçin Sadıqov “Facebook” səhifəsində məlumat paylaşıb. Vəkil məhbusun əhvalının yaxşı olduğunu, dostlara salam söylədiyini qeyd edib.

 

Vəkilin sözlərinə görə, iyulun 12-də Ombudsman Aparatının nümayəndələri Qiyas İbrahimlə görüşüblər: “Görüşdən sonra müəssisənin əməkdaşları Qiyas İbrahimə anası ilə telefonla danışmaq hüququndan istifadə etməyə icazə verməyiblər. Ona bildiriblər ki, ancaq hesabına pul qoymalı, həftədə iki dəfə 1 dəqiqəsi 30 qəpikdən danışmalıdır. Amma sabah bir dəfə zəng etməyə icazə veriblər”.

Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun şikayətini icraata götürüb. Şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqları pozulub.

Həcər ABASOVA

Yukselis.info

09:15