Qış günəşi parlaqdı, amma isitmir

İsveçin Linköpinq şəhərində ilin ilk günü günəşliydi. Pəncərədən baxsan, deyərdin bəs yazdır. Amma çöldə şaxta vardı. Günəşli şaxta elə bahar illüziyalı qış kimidir. Bir növ pessimist ovqatlı adamın üzündəki optimist təbəssümə oxşayır…

İsa Qəmbərin İsveçə gəldiyini eşidəndə dedim mütləq gedib görüşməliyəm. Nə vaxt azlığı, nə yolun uzaqlığı bəhanə ola bilərdi. Başqa ölkələrə baxmayın, İsveçə hər deyəndə vətəndən belə qonaq gəlmir.

Bir-iki atüstü salam-sağolu nəzərə almasam, İsa bəylə son on ildə rahat söhbətimiz olmayıb. Həm də neçə vaxtdır ölkənin, xalqın – elə dünyanın da – bu günü, sabahı barədə pessimist duyğularımı bölüşməyə (izahlar almağa) adam gəzir, fürsət axtarırdım.

Onunla ünsiyyətdə olanlar bilir, İsa Qəmbər hər mövzuya intellektual baxışı olan maraqlı həmsöhbətdir, həm də “Yaxşı olacaq!” sözünə özü inanaraq inandırmağı bacaran siyasətçidir. Hər halda onu belə tanıyıram.

İstər axşam dostumuz Sərdar Ağayevin açdığı vətən qoxulu süfrə başında, istər hotelin ağzında bir siqaretlik zaman kəsiyində, istərsə də səhər “Waynes Coffee”nin sarışın gözəlinin dəmlədiyi qəhvəni içəndə xoş ovqata köklənən söhbətlərin içində girəvələyib məni rahat buraxmayan gümanlarımdan da söz salırdım. Vətənin stress dolu həyatından gəlmiş qonağı ağır mövzularla yükləməyin yaxşı iş olmadığını bilsəm də, belə söhbətə ehtiyacım vardı.

Nə idi söhbətin mövzuları? Bir-ikisini deyim, siz də bilin.

Ac qılınca çaparsa?.. Çoxdan proqnozlaşdırılan neft mənşəli iqtisadi böhranın doğurduğu kütləvi yoxsulluq fonunda toxların harınlığı “acların qiyamı”na fürsət yaradır. Bu gün görünən mənzərə budur.

Tanrı vətəni harın toxlara qızan acların qəzəbindən qorusun – dəhşətli sonucları olur belə qəzəbin.

Deyir bir dəfə parad vaxtı hərbi texnikanın keçidindən sonra zəhmətkeşləri nəzərdə tutan Stalin tribunada yanındakılardan birinə belə deyib: “İndi qoyunlar keçəcək”.

Seçicisi qaçqınlar olsa da qaçqınların seçmədiyi bir millət vəkilimiz dolanışıq ucbatından yad ellərə səpələnən adamlara “otxod” deyirsə, daha yüksək postlu dövlət adamlarının ürəyində hansı sözlər var görən!

Ümid Allaha qalarsa?.. Özünə güvəni itirən toplum nicatı kənar qüvvədə axtarır. Aclıq və səfalət dini fanatizmin çiçəklənmə mənbəyidir.

Rifah cəmiyyətlərində din ibrətamiz söz məcmusundan başqa bir şey deyil. Bir araşdırmada oxumuşdum ki, İsveç əhalisinin 35 faizi ateistdir. Öz kor-koranə müşahidəmlə isə görürəm ki, bu ölkədə aqnostiklər, yəni dinə şübhəylə yanaşanlar lap çoxdur.

Dində vətəndaş olmur!

Bizdə iqtisadi çöküşlə mənəvi aşınma fonunda dini xurafatın çiçəyi çırtlayıb.

İstanbulun gecə barında terror qurbanı xanım soydaşımızın ölümünə sosial şəbəkələrdə sərgilənən münasibət yalançı namus-qeyrət təəssübkeşliyi kimi ötəri bir hal deyil, dini radikal fikirlərin şüurlara total təsirinin parlaq nümayişidir. Bu, tək sosial şəbəkələrdə yox, elə küçə-bazarda, yol-rizdə, evlərdə də edilən söhbətdir, şübhəniz olmasın.

Görün bir vaxtlar sekulyar, tolerant olmuş Azərbaycan toplumu indi hansı durumdadır!

Regionda başlamış qlobal yüklü olaylar dövlətçiliyimizə təhdid deyilmi?.. Rusiyanın Putinləşdiyi, Türkiyənin Ərdoğanlaşdığı, Amerikanın Tramplaşdığı, Avropanın “Brexit”ləşdiyi zamanda Azərbaycanın öz milli sekulyar zəka kəsimindən savayı bir ümid yeri varmı? Toplumda “sekulyar zəka”nın çəkisi nə qədərdir? Bu çəki dünyanın indiki iqtisadi-siyasi-mənəvi çalxalanmasından Azərbaycanı salamat çıxarmağa yetərlidirmi?

Hələ nə qədər başqa söhbətlər vardı. Mövzuların üstündən çaparaq keçdik. İsa bəyin hər mövzuya optimist baxışı beynimin pessimist dumanını dağıtmağa cəhdlər idi. Onun söylədiklərini bura yazmıram, əvəzində jurnalist dostlara ipucu verirəm, onunla bu mövzularda maraqlı müsahibə edə bilərlər.

***

Qayıdanbaş maşının güzgüsündə gördüm ki, üzümdə qəribə bir hal var – bir suyu optimist təbəssümə oxşayırdı. Bilirsiniz, maşında güzgü geridə qalan yolu ömrün yaşanmış illəri kimi göstərir, amma sən qabağa baxırsan. Mən də qabağa baxırdım, qarşıda isə səhər günəşinin şəfəqləri yerdən çıxırmış kimi düz gözümə girirdi. Sanki içimin pessimist buzunu əritmək istəyirdi.

“Sizdə bu qədər optimizmin qaynağı haradır, İsa bəy?”

“Mənbəyi birdir, elə sizin pessimistliyiniz başlayan yerdir!”

Onun dünyamıza ümid dolu baxışları xoşuma gəldi. Şaxtanı isitməyə can atan qış günəşinə bənzəsə də…

P.S. “Qonaq qonaq istəyər, ev yiyəsi hər ikisini” – atalar inciməsin, onların sözünü balaca redaktə etdim ki, İsa Qəmbərlə, Arzu Səmədbəyliylə görüş fürsəti yaratdığı üçün dostum Sərdar bəyə təşəkkür edim.

XUDAFERİN.eu üçün,
Vahid Qazi

13:09