Filli-pələngli Seylondan pürrəngi foto-reportaj

Şri-Lanka gözəlləməsi

Desəm, bəlkə də inanmayacaqsınız, amma düz sözümdü, inanın, təmiz ürəklə etiraf edirəm: indiyədək gəzdiyim şəhərlər içində, nə bilim, Paris, London, Nyu-York olsun, heç biri uşaq vaxtı Ağdamdan Bakıya elədiyim səfərlərin yerini verməyib!

Böyük şəhər dəlisi əyalət uşağında Bakı nağıllar dünyası idi. Karusel dolu sahil bulvarı, səs-küylü şəhər küçələri, qoşatelli trolleybus, zəhmli tramvay, əvvəl-əvvəl eskalatorundan qorxduğum metro, anlamadığım cürbəcür dildə, ləhcədə danışan uşaqlarla “sanka-sanka” oyunu, bibimgilin qapıqonşusu sarısaçlı gözəl qızın mənə ürkək baxışı – hansını deyim!

Hər belə səfərdən təzə çıxan maraqlı oyuncaqlarla, çanta dolusu kitab-dəftər, rəngli karandaş, flamaster filanla dönərdim. Bunların çoxunu bibim qızı bağışlayardı. Yaşca məndən böyük olsa da uşaqlığımın ən simsar dostu idi o.

filler menim dostumdu 1

Bir dəfə onlarda üstündə müxtəlif ölkələrin, şəhərlərin şəkilləri olan bir qalaq açıqca gördüm. “Otkrıtka” deyirik, bax, ondan. Çox yerlərin açıqcası vardı, mən birini götürdüm. Üstünə “Şri-Lanka” yazılanı.

Bu qış Şri-Lankaya səfər üçün elektron viza blankını dolduranda o açıqca yaddaşımın illərin tozu basmış hücrəsindən boy verdi. Özümü həmin açıqcadakı fil üstündə buddist rahib kimi yox, elə o 8 yaşlı uşaq kimi hiss elədim.

Hovuzda okean səması

hotelden gorunus

Sizi bilmirəm, mən o yerlərə səfəri xoşlayıram ki, həm özünü günə verib dincəlməyə, həm də sənə təzə bilgilər verəcək gəzib görməyə cəlbedici yerləri olsun. Siz də bu cür səyahətləri sevirsinizsə, tərəddüd etmədən yolunuzu Şri-Lankaya sala bilərsiniz.

Bir tövsiyyəm də var – Şri-Lankaya qışda gedin. Qışda yaylamaq həvəsi “qırxında yorğalamaq” sevdası kimi bir şeydi. Elə mən də bu ölkəyə yanvar ayında Stokholmda yaşayan bir qrup soydaşımıza qoşulub getdim.

Bakıdan elə də uzaq deyil. Bizim Stokholmdan uçuşumuzsa 12 saatlıqdı.

Təyyarədən birbaşa Kolombonun Bandaranayke hava limanına düşəndə adamı xoşsima budda qarşılayır. Elə bilərsiniz özünü deyirəm, yox, heykəli. Anındaca fərqli bir ölkəyə gəldiyini duyursan. Şəhərdə ilk gördüklərindən elə zənn edirsən ki, Hindistandasan. Amma bu təəssürat çox çəkmir, tezliklə buranın filmlərdə gördüyün Hindistan olmadığını anlayırsan.

qarga ve hind okeani

“OZO Colombo” hoteli elə aralıdan ürəyəyatım göründü. Hələ bəxtimə onuncu qatda balkonu Hind okeanına baxan otağın çıxmasını demirəm. Hələ hotelin damındakı hovuzlu kafe-barı heç demirəm. Maldivdə yaşadığımız günvurmanın acı ağrılarından sonra belə yer lap cənnət guşəsi oldu bizə. Onu deyim ki, bura Maldiv adalarına səfərdən vaxt girəvələyib gəlmişdik. Araları bir saatlıq yoldu. Maldiv yazısını səyahətsevər oxucular bloqumda rahat tapıb oxuya bilər. Ora da qiyamət yerdi.

Hovuzlu kafe-bardan şəhərə füsünkar mənzərə açılır. Hovuzun bitdiyi yerdə okean başlayır, bu qovuşuq mənzərəsi sonsuzluğa – üfüqdən də o yana baxmaq təəssüratı yaradır adamda. Səhər bir fincan kofeylə okeanın, axşam bir qədəh şərabla sayrışan şəhərin seyrinə dalmağı da bura əlavə edim ki, sizin üçün mənzərəni tam verə bilim.

Elə okean deyib durmuşam, əslində isə görünən Hind okeanı akvatoriyasındakı Lakkadiv dəniziymiş. Sonra öyrəndim.

Keçmişdən gələn qatar

sri lanka train

Hotellə Lakkadiv dənizini qatar yolu ayırır. Səhərlər ətraf bölgələrin sakinləri sallaşa-sallaşa Nuh əyyamından qalmış vaqonlarda Kolomboya gəlirlər. Axşam da elə o cür geri qayıdırlar.

Bir dəfə istədim hotelimizə yaxın Bambalapitiya stansiyasında minib bu balacaboy, gülərüz adamlarla sahil qırağı dolanaq, dostların həvəsi olmadı, mən də ta inad eləmədim.

Şri-Lankada dəmir yolunu Britaniya hökuməti çəkdirib. Çəkilişə 1858-ci ildə başlayıblar. Müstəmləkə hökumətin qəsdi adanın dərinliklərində becərilən çayı, kofeni dəniz limanına daşımaq olub. Adama elə gəlir ki, elə qatarlar da o vaxtdan qalıb.

Çay demişkən. İlk səhərimizdə hotelin damındakı kafedə çay istədim. Paketdə “Lipton” verdilər. Ərinmədim, şikayətimi feysbuka belə yazdım: “Şri Lankada “Seylon çayı” istəyəsən, deyələr yoxdu, “Lipton” var. Lənətə gəlmiş qloballaşma”.

Heç olmasa ingilislərin öz adlarına çıxdığı dünyaca məşhur “English Breakfast” çayı da vermədilər barı.

cay plantasiyasi 1

Əsl “Seylon çayı”nı isə Kandiyə gedən yolun üstündəki “Ceylon Tea Bungalows”da içdik. Qoyun, qabağa qaçmaq olsa da, deyim. Deməli, “çay düşərgəsi” dağlar qoynunda salınmış çay plantasiyaları arasında yerləşir. 1921-ci ildə tikilən çay fabriki də buradadı.

Bizi fabriklə tanış edən xanımın dediklərindən anladım ki, vaxtilə fabrik malını əsasən Sovet hökumətinə satırmış. Demək, üstü filli çaylar bizə burdan gəlirmiş. Bələdçi xanım izah elədi ki, burada 3 cür çay istehsal olunur: qara, yaşıl, bir də ağ. Ağ çay müalicəvidi, xərçəng xəstəliyinə davadı, tütyə kimidi, çox az miqdarda becərilir.

“Seylon çayı”nın çoxlu sortları var: BOP, BOP Sp, BOPF, FBOP 1, PEKOE və sairə. Bu bölgü çayın keyfiyyətinə görə yox, yarpaqların ölçüsünə, bir də xarici görünüşünə görədi.

cay fabriki

Bizim diqqətimizi bələdçinin dediyi başqa bir söz daha çox çəkdi. Sən demə, çaylar istifadə qaydalarına görə də fərqlənirmiş. Barmaq tuşlayıb bir-bir bizə göstərib dedi ki, o çayı şəkərlə, bunu südlə içməzlər.

Biz bir neçə sort çay dəmlədib dadına baxdıq. Çaydan daha yaxşı başı çıxan lənkəranlı dostumuz Əli Ağayevin məsləhətini dinləyib üstünə “PEKOE” kodu yazılan çaydan bir neçə qutu aldım. Bu kod o deməkdi ki, onu şəkərlə də, südlə də, lap belə bizim kimi limonla da içmək olar.

Çay hər xalqın mətbəxində bir cür dəmlənir, hərə də onu bir şeylə içir. Türklər şəkərlə, ingilislər südlə, biz qəndlə. Monqolustanda qoyun quyruğu da salırlar çaya.

Əli Ağayev bir vaxtlar kəndlərində becərilən çaydan yana-yana söz salır. “Müstəqillik illərində elə bil qənim kəsildilər, hər gələn icra başçısı daha çox çay plantasiyası məhv etdi, kolları çıxarıb torpağı satdı”. Deyir, heç düşmən də belə eləməzdi. O biri lənkəranlı dostumuz Asif Haqverdiyev də ona qoşulur. “İndi duyuq düşüblər ki, bəs, gəlirli sahəymiş, təzədən qayıtmaq istəyirlər çayçılığa”.

sri lankada seylon cayi

Şri-Lanka çay istehsalına görə Çindən, Hindistandan sonra dünya üçüncüsüdü. Yalan-gerçək deyir, dünyada istehlak olunan çayın 23 faizini bu şəkildə gördüyünüz bax bu qızlar becərir. Adanın içərilərinə doğru dağlıq ərazinin rütubətli iqlimi çayçılıq üçün əlverişlidi. Bunu Britaniya müstəmləkəsi zamanında Ceyms Teylor adlı bir ingilis fəhm eləyib. Çayın sənaye üsulu ilə istehsalına onun təklifiylə 1867-ci ildən başlanılıb. O vaxtacan isə burada Hollandiya müstəmləkəsi dövründən qalma darçın becərilərmiş.

Adrenalin qoxusu

kolombo muzeyinde

Şri Lanka Milli Muzeyinin Luvr, Ermitaj, Britaniya, canım sizə desin, Metropoliten kimi məşhur muzeylərdən üstün fərqi ondadı ki, burada nümayiş olunan eksponatların biri də xaricdən gətirilməyib, hamısı min illər boyu bu adada yaşanmış həyatın işarətləridi.

Ölkə əsrlərcə portuqalların, hollandların, ingilislərin əsarətində olsa da başda sinhallar olmaqla yerli xalqlar öz identliyini, milli adət-ənənələrini qoruyub saxlayıblar. Muzey adanın ən qədim dövrlərindən xəbər verən arxeoloji qazıntılarda tapılmış eksponatlarla zəngindi.

sigiriyarock1

Şri-Lanka ibtidai insanların yaşadığı ölkələrdəndi. Burada mağaralar, qədim məbədlər, qalalar, şəhər qalıqlarına çox yerdə rast gəlinir. Turistləri cəlb edən belə yerlərin başında Siqiriya durur. Bu dağ zirvəsində bir vaxtlar kral sarayı varmış. Qədim yazılarda sarayın möhtəşəmliyi detallı təsvir olunub. Buradakı qayalara çəkilən freskaların 2 minəcən yaşı var. Siqiriya qalıqlarını 19-cu əsrin sonlarına doğru bir ingilis ovçu təsadüfən tapıb. İndi muzey-qoruqdu. Dağa qalxmaq bileti 30 ABŞ dolları civarındadı.

Şri-lankada yazılı ədəbiyyatın 2 min iləcən yaşı var. Sinhal ədəbiyyatı qədim pali dili əsasında yaranıb. Ən qədim tamil yazılı ədəbiyyat nümunəsi “Tamilakam” da burada yazılıb. Onu Putantevanar adlı şair 250-ci ildə yazıb.

buddist rahibler

Ölkə əhalisinin 72 faizi sinhallardı, onlar buddistdilər, ölkənin şimal bölgələrində yaşayan tamillər sayca ikinci çoxluq təşkil edən xalqdı. Şri-Lankada cəmi-cümlətanı 3 milyondular, 60 milyonu Hindistanın cənub ştatlarında yaşayır. Onlar hinduizmə sitayiş edirlər.

Ötən əsrin 70-ci illərindən bəri dünya mətbuatının gündəmindən düşməyən Tamil-İlamin Azadlıq Pələnglərini yaşlı oxucular xatırlayar. Sinhal çoxluğun tamilləri gözümçıxdıya saldığını əldə dəstəvüz eləyən bu təşkilat 1976-cı ildə yaranıb, sonra hərbi birləşməyə çevrilib. Hindistanın baş naziri Raciv Qandinin qətli də daxil çoxsaylı terror onların boynundadı. İndi təşkilat buraxılsa da o bölgədən təhlükəli xəbərlər hələ də gəlir. Ona görə də o tərəflərə üzükmədik.

Şri-Lanka baxmalı qədim tarixi abidələrdən, görməli təbiət gözəlliklərindən boldu. Ölkə dağlıq olduğundan bu yerlərə səfər etmək böyük vaxt itkisinə səbəb olur. Vaxta, pula qənaət üçün səfəri əvvəlcədən ciddi planlamaq vacib şərtdi. Yolunuzu bura salsanız, səfər proqramınızı elə tutun ki, mümkün qədər çox yeri görəsiniz. Bütün səfər günləri üçün Kolombonun, ya başqa sahil şəhərinin hotelində yer götürməyin. Ən yaxşısı, ölkəyə düşdüyünüz ilk gecəni Kolomboda qalıb səhər adanın dərinliklərinə doğru bir-birindən mənzərəli yerlərə çoxgünlük tur edin. Elə marşrut seçə bilərsiniz ki, bir yerdən başqasına keçərkən çox vaxt itirməyəsiniz.

SONY DSC

Dəniz həvəskarısınızsa, başqa məsələ, elə sahil hotellərindən birində yer alın. Ölkənin məşhur çimərlikləri əsasən qərb, cənub-qərb və cənub sahillərindədi. Şimal və şərqdə dəniz kurortları təzəlikcə inkişaf etməyə başlayıb.

İşdi-şayəd, aranızda serfinq sevdalısı varsa, Arugam Bay deyilən kurort bölgəsinə gedə bilər. Vaxtilə balaca balıqçı kəndi olan Arugam Bay indi serfinq kurortları arasında dünya onluğundadı. Dörd-bir tərəfdən serfinq həvəskarları bura axışır tufan sezonunda. Eyni adlı körfəz tək hündür dalğa aşiqlərini cəlb etmir, burda – okeanın sakit yerində sualtı gözəllikləri, mərcanlar dünyasını seyr etməyi xoşlayanlar üçün də hər cür şərait var.

sigiriyarock11

Şri-Lankanı turizm baxımdan cəlb edən təbiət, tarix zənginliyiylə yanaşı həm də çeşidli istirahət və əyləncə mərkəzlərinin bolluğudu. İlin dörd fəslində okean, dağ, cəngəllik öz flora və faunası ilə ekzotik həyat duyğuları vəd edir. Okeanda akuladan, şimal cəngəlliklərində pələngdən, ada dərinliklərində fildən qorxmayın, olsa-olsa bir az artıq adrenalin alacaqsınız.

Turist firmaları ilin musson mövsümünü nəzərə alaraq, noyabr-aprel ayları adanın qərb və cənub-qərbində, may-oktyabr ayları isə şərq və şimal-şərq sahillərində hotel kirayələməyi məsləhət görür, cürbəcür səyahət marşrutları təklif edirlər. Çox bilgi almaq üçün onlara qoşulmaq yaxşıdı. Azad dolanmaq istəyənlərsə bizim kimi edə bilər.

Rus qadınlardan ehtiraslanan zəncirli fil

fil cimizdirenler

Biz birgünlük qısa marşrutla üzü Kandiyə getdik. Sürücümüz gün ərzində xeyli yerlərlə bizi tanış etməyə söz vermişdi. Buddası kömək olsun, əsl turist bələdçisi kimi bizi yaxşıca gəzdirdi.

Kandi əhali sayına görə ölkənin ikinci şəhəridi. Kolombodan 114 kilometr aralıda, füsünkar gözəlliyi olan dağlar, meşələr qoynunda yerləşir. 1590-cı ildə portuqallar adanın cənub-qərb sahillərini işğal edəndə sinhal hakimləri dağlara çəkilərək Kandidə öz dövlətlərini yaradıblar. Bu dövlət 225 il, yəni 1815-ci ildə ingilislər şəhəri tutanacan öz müstəqilliyini qoruyub.

Yuxarıda söz açdığım çay fabrikinə elə Kandi yolunda döndük. Fillərin yaşadığı çoxsaylı milli parklardan biri – “Pinnawala Elephant Orphanage” da bu yoldadı. Bələdçimiz bizi ora yaxşı vaxtda çatdırdı. Gündə bir dəfə filləri parkın başından ayağına gətirib Maha Oya çayında çimizdirir, sulayırlar. Bizim gəlişimiz elə o vaxta düşdü.

filler menim dostumdu

Fillərin çimişməyinə tamaşa eləmək nə qədər xoşdusa, ayağı zəncirli filin üstündə dövrə vuranlara baxmaq bir o qədər ürək ağrıdandı. Həmin gün yanvarın 20-siydi. Məzlum görkəmli bir filin şəklini paylaşıb feysbukda bunu yazdım: “Zəncirli fil dünyada ən kədərli mənzərələrdəndi. 20 yanvar bizim zəncir qıran günümüzdü. Fil kimi güclüydük onda”.

Əsas fil kimi güclü olmaq deyil, zəncirli həyata dözməyib azadlığa can atmaqdı! Dərd odu ki, bir zənciri qırıb, başqasına bağlanasan!

Turistləri belində gəzdirən o boyda filin zənciri çəlimsiz sısqa bir oğlanın əlində idi. Adamlar fili minmək üçün səfə düzülmüşdülər. Qəribədi, kişili-qadınlı neçə nəfəri gəzdirən erkək filin ehtirası iki rus qadın minəndə kəllə-çarx vurdu. “Ehtirası” əyani görünən fil geri dönəndə özümü saxlaya bilməyib rus qadınlara söz atdım. “Siz tək Şərqin kişilərini yox, fillərini də ehtirasa gətirməyi bacarırsınız”. Deyəsən birinin adı Nataliya idi, sözümdən xoş hal olub filə meyvə yedirtməyə başladı.

fil karvani

Çayda fillərin bir xeyli şəklini çəkdim, qayıdanbaş gördüm ki, təbrizli dostumuz Məmməd Azər bəy yekə bir ilanı boynuna dolayıb. Qorxub eləmədim, yapışdım boğazından ilanın, bir şəkil də mən çəkdirdim. Onu da sosial şəbəkədəki səhifəmdə paylaşıb belə yazdım: “İlanlar yox, ilankimilərdi qorxu yayanlar – şər adamlar, hikkəli diktatorlar və sair. Hamısının canı beləcə, xirtdək ələ keçincədi”.

Milli parkda kağız məmulatlarından suvenir düzəldib satan dükan-emalatxanada maraqlı bilgi aldıq. Sən demə, burada kağızı ağacdan yox, fil nəcisindən hazırlayırlar. İstehsal prosesi park ziyarətçilərinin gözü qarşısında baş verir. İşçilərin əməyinə dəyər verdiyimi nümayiş eləmək üçün 2018-ci ilin bir təqvimini aldım.

ekzotik meyveler

…Fillərdən ayrılıb yolumuza davam edirik, yol qırağında mini-bazar görüb maşını saxladır, ekzotik meyvələrdən dadırıq.

Nahar yeməyinə düşdüyümüz restoranda isə, sən demə, toy varmış. Toyxanaya girib bəylə-gəlinə baxır, uzaqdan əl edirik. Bəy qaş-qabaqlıdı, gəlinsə bizi üzdə təbəssümlə qarşılayır. Musiqi bizim toylardakı kimidi, səsi qulaq batırır, amma süfrə fərqlidi, tıx-təpili deyil, yemək adamın yeyə biləcəyi qədərdi.

Budda məbədinin sükunəti

budda mebedi

Ölkəyə ayaq açan ilk avropalı portuqallar olub. 1506-cı ildə adanı sahil boyu zəbt etməyə başlayıblar. Paytaxt Kolombo öz adını və memarlıq üslubunu onlardan saxlayıb. Sonra hollandların əlinə keçən ada 1796-cı ildən Britaniya imperiyasının koloniyası olub. 1972-ci ildə tam müstəqillik qazanıb, elə həmin ildən Seylon adını dəyişib Şri-Lanka edib.

Kolomboda hər yana üç təkərli Tuk-Tukla getdik. Tuk-Tuk tək Şri-Lankada deyil, cənub-şərqi Asiya ölkələrində geniş yayılmış ucuz nəqliyyat vasitəsidi. Maşın taksilərdən fərqli olaraq, onda gedərdə özünü qonaq yox, şri-lankalı kimi hiss edirsən.

Kolombodakı Gangaramaya buddist məbədinə də Tuk-Tukla getdik. Məbəd sükunət içindədi. Neçə ibadət edənə ustufca qulağımı şəklədim. Burda dualar ürəkdə oxunur, heç pıçıltı da eşitməzsən. Elə bil Budda adamların duasını onların qəlbində dinləyir. Eşitdiyim tək buddist rahib – monkun səsi oldu, məbədi ziyarət etdiyimiz üçün təşəkkürünü bildirirdi.

Kolomboda Ul-Alfar camisinə də baş çəkdik. Bura ölkənin ən iri məscidi sayılır. Şri-Lanka əhalisinin cəmi 10 faizi müsəlman olsa da məscid demək olar, hər şəhərdə var. Ul-Alfar məscidi gözəlliyiylə göz oxşayır. O 1908-ci ildə cənub-şərqi Asiya stilində tikilib.

kolomboda mescid

Myanmadakı kimi olmasa da axır vaxtlar Şri-Lankada da dini zəmində qarşıdurmalar olur. Son belə münaqişə bu ilin martında – Allah üzümüzə baxıb – biz qayıdandan sonra baş verib. Kandidə başlayan iğtişaşlar ölkənin başqa yerlərində də davam edib. Buddistlər müsəlmanlara məxsus dükanları yandırıblar. Araya buddist rahiblər girib. Onlar məscidlərə gedib müsəlmanlara başsağlığı verib, səbr diləyiblər. Hökumət fövqəladə vəziyyət elan etməklə müqanişəni durdura bilib.

Amma deyəsən bu iğtişaşlarda şuluq müsəlmanların da barmağı olub. Nəysə, bundan çox yazmıram. Yazaram, birdən, Şri-Lankaya səfərdən vaz keçərsiniz. Əksinə, ora dünyanın sakit, hüzur yerlərindən biridi.

Cənnəti göydə axtarırıq, Budda onu yerdə – Şri-Lankada yaradıb!

Gəlin, ruhunuzu dincə qoyun!

P.S. Yazıda dərc olunan bəzi fotolar internetdən götürülüb.

Vahid Qazi

Yaz, 2018

Karlskrona, İsveç

vahidqazi.wordpress.com

cay plantasiyasi

fil necisinden kagiz

ilanbogan

kolombo muzeyi

kolombo

rus qadin fil uste 1

rahible sohbet

mebed

sri lankada toy

sri lanka toyu

kolombo gecesi

tuk tukda
 

23:43