Söymək haqqı – sonuncu insan hüququ

Mənim bir dostum var. Tanıdığım ən əxlaqlı adamdı. Əxlaq deyəndə tək məişət etikasından danışmıram, bizim dar mənada qavradığımız namus-qeyrəti də demirəm, vətəndaş mövqeli, ictimai əxlaqlı olmağı deyirəm.

“Heç kəs öz ayranına turş deməz” məsəli hamı özünü yaxşılardan hesab edər. Mənə görə mən də tərbiyə görmüşlərdənəm. Amma dostum məndən də tərbiyəlidi. Təsadüfən ayağının altında qalan qarışqaya belə ürəyi sancı verər. Yetim bir uşaq baxışını günlərlə unuda bilməz. Haqsızlığa dözməz, səsini çıxarar, gücü yetməzsə içində çərləyər. Ta çox sadalamıram, elə bircə onu deyirəm ki, dini kitabların təsvir elədiyi müqəddəslər sayaq biridi dostum.

O adamı iki dəfə söyüş söyən görmüşəm. 1993-cü ilin yayında, bir də 2003-cü ilin payızında. Hər dəfəsində donuq nəzərlə çönüb üzünə baxmışam. Hamıya əxlaq nümunəsi olan dostum ağızdan hayfa söyüşçül birinə çevrilmişdi!

Niyə?

Ölkədə baş verənləri görüb çarəsiz, aciz duruma düşmüşdü, dişi bağırsağını kəsirdi, ona görə!

***

Marksist-leninçi təlimlərlə böyümüş müsəlman-şərq mentalitetli bizlərdən fərqli olaraq, dünyanın tərəqqipərvər kəsimində söyüşə dözümlü münasibət var. Siyasətçilərin, dövlət, hökumət adamlarının publik söyüldüyünü hər inkişaf etmiş ölkədə rastlaya bilərsiniz.

Məsələn, bu gün ən çox söyülən dünyanın ən qüdrətli dövlətinin prezidenti Doland Trampdı. Küçə yürüşündə kütlənin onun kuklasının açıq gündəyməzini təpiklədiyi videonu və onlarca başqa nümunəni hamınız görmüsünüz. Görməyənlər bu linki barmaqlayıb baxa bilər: rel="nofollow" style="text-decoration: none; color: rgb(79, 153, 141);">https://

Ayıb bilib yazılmadığına baxmayın, bizim də dilimiz dünyanın aparıcı dilləri kimi söyüşlə zəngindi. Az qala hər feilimizin bir başı söyüşə bağlıdı.

Elə çıxmasın ki, mən söyüş söyməyi təbliğ edirəm. Yox, dedim axı, özümü tərbiyəgörmüşlərdən sayıram. Yazılarımda söyüşə bənzər bir kəlməyə belə rastlamazsınız. Amma dostum sayaq arada mənim də söyməyim gəlir. Son vaxtlar tutmam lap tez-tez tutur.

Söyüşü hərə bir cür başa düşür. Hər söz söyüş olmadığı kimi hər söyüş də pis söz anlamına gəlməməlidi. Mənə görə ən ağır söyüş küçədə dava eləyən tin adamlarının ana-bacı söyüşü deyil, həqiqət adına gözümün içinə baxa-baxa deyilən ağ yalandı. Elə bilirəm yeddi arxa dönənimi söyür beləsi.

Bir-iki nümunə deyimmi?

Məsələn, Qarabağ alverçiləri –  Qarabağın külü üstündə səltənət quranlar və onlara məddahlıq edənlərin vətən haqda hər kəlməsi, yüzminlərin səfil kimi dünyaya səpələndiyi bir vaxtda yüzminlərlə iş yeri açıldığını bəyanlayanların rəqəmli hesabatları, dövlət əmlakını yağı malıymış kimi yağmalayan çapovulçuların xalqın gözünün içinə rifah yalanları üfüləmələri söyüşlərin ən yekəsidi.

Mən belə söyüşlərə söyüşlə cavabı insan haqqları sırasına qoyardım! Söyüş haqqı haqsızlıq qarşısında yanıb tökülən çarəsizlərin hayqırtısıdı.

Qarabağ əlili Zaur Həsənovun özünü yandırıb öldürməsi onu “söyən”lərə ən böyük söyüş cavabı idi. Vaxtınız olsa, oxuyun onun bu “söyüş”ünə həsr etdiyim “Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov” yazısını.

Vətəndaşın bütün hüquqların alınıbsa. BMT sənədlərində sadalanan ən adi insan haqlarından belə məhrumdursa, əli-qolu bağlısa, gördükləriylə razılaşmır, barışmırsa söymək onun haqqıdı! Söymək hüququ şərəfi tapdanmışların, ləyaqəti alçaldılmışların sonuncu insan haqqıdı!

Heç kim insanın sonuncu haqqını – söymək hüququnu əlindən ala bilməz! Sən haqqı pozulmuşu söyüş söyməkdə qınaya bilməzsən!

Qaytarın mənim hüquqlarımı! Adam kimi yaşamaq, rifaha can atmaq, seçmək-seçilmək, söz demək, vətəni vətəndə, Qarabağı Qarabağda sevmək hüquqlarımı verin özümə – dünyanın ən əxlaqlı adamı ollam!

Söymərəm, öyərəm! Ən gur səslə öyənlərdən ollam!

…Haqqım olanları qaytaranacan, buraxın, söyüm!

Vahid Qazi
xudaferin.e

 

14:18