“Qazpulu” vətəndaşdan alınır, məmurdan yox - NİYƏ?

 

14 nazirlik və 12 büdcə təşkilatının "Azəriqaz"a 32 milyon manat borcu var. "Azəriqaz" İB tərəfindən əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debütor borc yığılıb. Bu barədə "Azərbaycan respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

 

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 550 abonent üzrə 473 min manat, may ayı ərzində 1408 abonent üzrə 1,449 milyon manat, iyun ayları ərzində isə 627 abonent üzrə 354 min manat debitor borc siyahısı hazırlanıb: "399 abonentə məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66 624 abonentin qaz təminatı dayandırılıb".

Qeyri-əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla may ayı ərzində 6,755 milyon manat, iyun ayı ərzində isə 4,091 milyon manat debütor borc yığılıb. 14 nazirlik və 12 digər büdcə təşkilatları üzrə 32,302 milyon manat borcun ödənilməsi üçün həmin təşkilatlara rəsmi müraciət olunub. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 155 müəssisə üzrə 12,921 milyon manat, iyun ayı ərzində isə 328 müəssisə üzrə 2,240 milyo manat debütor borc siyahısı təqdim olunub. 96 müəssisəyə məhkəmə iddiası qaldırılıb. Qeyri-qanuni qazdan istifadəyə görə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş ziyanın bərpası üzrə hesabatın verilməsi, qeyri-qanuni istifadə halının və dəymiş ziyanın ödənişinin təmin edilməsi məqsədilə tələbnamələr hazırlanıb. Belə ki, 2017-ci ilin 6 ayı ərzində aşkar edilmiş qeyri-qanuni istifadə hallarının nəticəsində yaranan itirilmiş qaz həcminin bərpası məqsədilə "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 11486 akt tərtib edilib. Qazdan qeyri-qanuni istifadə hallarının nəticəsində dəymiş 543 508,6 manat (27 175 443 kubmetr) ziyanın ödənişinin təmin edilməsi məqsədilə müvafiq tələbnamələr hazırlanıb və ödənilməsi üçün abonentlərə təqdim olunub.

Xatırladaq ki, dövlət qurumlarının yaranmış borcunun silinməsi təcrübəsi Azərbaycanda mövcuddur. Belə ki, bu ilin yanvar ayında Vergilər Nazirliyi tərəfindən dövlət qurumlarının 22 milyon manatlıq vergi borcu silinmişdi. Belə ki, ləğv olunmuş Nəqliyyat Nazirliyinin 1 milyon 998 min 41,8 manat, Gənclər və İdman Nazirliyinin 4 milyon 175 min 386,4 manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 158 min 688,8 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 milyon 145 min 408,7 manat, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 218 min 746 manat məbləğində borcu silinmişdi. Bununla yanaşı, "Azərsu" ASC-nin 13 milyon 692 min 457,9 manat, "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin 6 milyon 426 min 555 manat, "Azərkosmos" QSC-nin 864 min 727 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 542 min 246,9 manat, "İmişli Regional Elektrik Şəbəkəsi" MMC-nin 2 milyon 726 min 348,3 manat, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyasının 14 min 475,1 manat məbləğində borcu silinmişdi.

Həmçinin Müdafiə Sənayesi Nazirliyi "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin, "Sosial Xidmətlər İdarəsi" MMC-nin, "Azon Zavodu" MMC-nin, Müdafiə Sənayesi Nazirliyi "Təhlükəsizlik və Mühafizə İdarəsi" MMC-nin, "Cihaz İstehsalat Birliyi" MMC-nin "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin, "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-nin, "Bakı Cihazqayırma Zavodu" MMC-nin, "Radioquraşdırma Zavodu" MMC-nin borcunun silinməsi də təmin olunmuşdu. Görünür, adları məlum olmayan həmin nazirliklər də, sonda onların kommunal borclarının silinməsinə ümidlidir...
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, müstəqillik illərində dövlət qurumlarının bir-birinə olan borclarının qarşılıqlı şəkildə silinməsi faktı bir neçə dəfə təkrarlanıb: “Sonra “Azərişıq” ASC, “Azəriqaz” ASC, “Azərenerji” ASC kimi şirkətlərin vergi borcları silinir. Belə bir praktika olduğu üçün dövlət orqanları təkrar fəallaşıb. İstifadə etdikləri kommunal xidmət borclarını vaxtında ödəmirlər. Halbuki hər ilin əvvəlində büdcə təşkilatlarına kommunal xidmət borcunun ödənilməsi üçün xüsusi vəsait nəzərdə tutulur. Sadəcə, o vəsaitləri digər istiqamətlərə xərclədiklərindən kommunal borcları ödəməkdən yayınırlar. Bir müddət sonra o borclar şişir, sonda da həmin borclar silinir. Dövlət qurumlarında belə bir arxayınlıq var. Borcsilmə əməliyyatı dəfələrlə təkrarlanıb. Dövlət qurumlarının çox vaxt vergi və kommunal borcları silinib. Ona görə də bu qurumlar borclarla arxayın davranırlar. Son nəticədə bu da vətəndaşa ziyan olur. O mənada ki, kommunal xidmət göstərənlər vətəndaşlarla daha ciddi davranır. Hətta borcun ödəməsi üçün son tarix keçən kimi vətəndaşın qazını, işığını, suyunu kəsirlər. Amma dövlət qurumları ilə bağlı belə addımlar atılmır. Bu, doğru yanaşma deyil. Halbuki dövlət qurumlarına kommunal xidmətlərin ödənişi üçün büdcədən xüsusi vəsait nəzərdə tutulur”.

İqtisadçı onu da qeyd edib ki, nə qədər təəccüblü səslənsə də, dövlət və hökumət qurumlarının bir-birinə qarşı münasibəti vətəndaşa münasibətindən daha yaxşıdır: “Çünki vətəndaşa xidmət etməli olan orqanlar vətəndaşa xidmət etməkdənsə, bir-birilərinə olan “xətir-hörməti” pozmaq istəmirlər. Doğrudur, aralarında strateji obyektlər də var ki, onların kommunal xidmətləri vaxtlı-vaxtında işləməlidir. Dövlət qurumlarının bir-birinə olan münasibətilə vətəndaşa qoyulan münasibət arasında ciddi fərq var”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:36