Qarabağ savaşının daha bir strateji nailiyyəti:Türkiyə Naxçıvana açılan dəhliz vasitəsi ilə türk dünyasına bağlanacaq

Azərbaycanın Qarabağ zəfəri son illərdə hərbi sahədə əldə edilmiş ən qəti qələbədir. Onun Qafqaz və Orta Asiyaya təsiri də o dərəcədə köklü olacaqdır. Və əlbəttə, bu zəfərdə Türkiyənin çox böyük payı vardır.

Bəli, “Qarabağ Azərbaycandır!” və elə də qalacaqdır. Düz 28 ildir davam edən kabus artıq bitmişdir. Azərbaycanlı qardaşlarımız qanla, canla, böyük qəhrəmanlıqla əldə etdikləri bu zəfərlə bağlı sevinə bilərlər. Şairin dediyi kimi:

“Bayraqları bayraq edən üstündəki qandır

Torpaq, əgər uğrunda ölən varsa vətəndir.”

Qarabağ zəfərinin mahiyyəti məhz budur.

1992-ci ildə Qarabağda nələr baş verdi, bu gün nələr baş verir? O günlərdə hələ öz müstəqilliyinin başlanğıcını yaşayan qardaş ölkə torpaqlarını qoruya biləcək bir silahlı gücə, təəssüf ki, sahib deyildi. Durum belə olduğu üçün Rusiyanın birbaşa dəstəyilə Ermənistanın hərbçidən çox talançıları andıran silahlı quldur qrupları həm Qarabağı işğal etdi, həm də orada qətliam və soyqırımı həyata keçirdi. Təəssüf ki, dünya hər zaman olduğu kimi, bu dəhşəti seyr etdi. Və Qarabağ məsələsi hamımızın içini sızıldadan bir məsələ olaraq ortada qaldı.

Aradan keçən 28 illik bir müddət ərzində Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri tərəfindən ən mükəmməl şəkildə hazırlandı. Təhsil alan, intizama, hər şeydən öncə vətən sevgisilə torpağı uğrunda savaşma idealına və özünəinama qovuşan bir ordunun nələr edə biləcəyini bütün dünya gördü. Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ əsarətdən qurtarıldı. Lakin hələ ki, hər şey bitmiş deyildir. Atəşkəs haqqında anlaşma bir çox yöndən sual işarələrilə doludur. Bu anlaşmanın ümumi çərçivəsini cızan Rusiya, təbii olaraq, qaşığın yönünü hər zaman olduğu kimi öz tərəfinə çevirmişdir. Atəşkəs haqqında qərar verilməsindən həmən sonra gözlənilməz bir sürətlə Qarabağ torpaqlarına hərbçi və silah göndərən Rusiyanın çox öncədən bu hazırlığı gördüyünü ayrıca izah etməyə ehtiyac varmı? Xatırlayırsınızsa, Suriyada da ABŞ hərbçilərinin geri çəkildiyi bölgələrə buna bənzər bir şəkildə həmən yerləşmişdi. Bəlkə də bununla bağlı birbaşa ABŞ-la razılaşmışdı…

Doğrusu, Rusiyadan fərqli bir şey gözləmək sadəlövhlük olardı. Rusiya, böyük dövlət siyasətilə hər bir fürsətdən maksimal dərəcədə yararlanmağı çox yaxşı bacarır. Kreml Amerikadakı seçki atmosferini də dəyərləndirərək, Qarabağ məsələsində Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanı çox praktik bir formada kənarda qoydu…

Azərbaycanın Qarabağ zəfərində siyasi-hərbi baxımdan hərtərəfli böyük payı olan Türkiyə isə önəmli bir strateji mövqe əldə etmişdir. Bəzilərinin daha çox gözlənti içində olduğunu təxmin etmək də çətin deyil… Lakin siyasi, hərbi, tarixi və geopolitik şərtlərin və güc balanslarının nəyi haradək etməyə imkan verəcəyini yaxşı dəyərləndirmək lazımdır.

Qarabağ torpaqlarında Ermənistan hərbçisi qalmayacaq. Ancaq orada yaşayan etnik erməni əhalinin mövcudluğu davam edəcək. Hər şeydən öncə bu keçid müddətində atəşkəsin qalıcı olmasının təmin edilməsi üçün müşahidə və nəzarət funksiyası çox önəmlidir. Bunun üçün Türkiyə Silahlı Qüvvələrinin təmsilçilərinin haralarda və hansı şərtlərdə vəzifə yerinə yetirəcəyi, hələ ki, dəqiqləşmiş deyil.

Rus hərbçilərinin qaşla göz arasında Qarabağ torpaqlarına yerləşməsi gələcəkdə hansı proseslərə yol aça bilər? Prezident Ərdoğanın dünən verdiyi açıqlamaya görə, Türkiyə və Rusiya arasında ortaq hərbi nəzarət mərkəzinin yaradılması üçün anlaşma memorandumu imzalanıb. Bu mərkəz Qarabağda təsis ediləcək. Hərbi baxımdan meydanda faktiki olaraq yer tutmaq fövqəladə önəm daşıyır. Bu, Türkiyənin Qafqaz bölgəsində mövcudluğu baxımından tamamilə yeni bir hadisədir. Önümüzdəki günlərdə bunun əks-sədasını görəcəyik.

Digər tərəfdən, Naxçıvanla Azərbaycan arasında bir keçid dəhlizinin açılacaq olması öz-özlüyündə tarixi bir hadisədir. Beləliklə, Türkiyə üçün ən qısa yoldan Orta Asiyaya açılma imkanı yaranmış olur. 1992-ci ildə Qarabağın işğal edilməsini planlayan Rusiyanın niyyəti və hədəfi elə bu yolu qapatmaq deyildimi?

Bir başqa önəmli xüsus da Qarabağda erməni muxtar bölgəsi qurmağa yönəlik çalışmaların uğursuzluğa düçar olmasıdır. Yəni, Qarabağ əsil Azərbaycan torpağıdır. Bu status BMT TŞ-nin 4 qətnaməsilə də təsdiq edilmişdir. Son anlaşma mətnində yer alan hökmə görə, Xankəndi və ətrafında yaşayan erməni əhalinin Ermənistanla əlaqəsinin təmin edilməsi üçün də yeni bir yol açılacaqdır. Humanitar və iqtisadi münasibətlərin davam etməsini təmin etmək bu şəkildə planlaşdırılır.

Təkrar altını cızaraq qeyd edək ki, Türkiyənin təminatçı haqqına sahib olduğu Naxçıvan Respublikası ilə Azərbaycan arasında keçid dəhlizinin açılması türk dünyası baxımından son dərəcə önəmli strateji bir nailiyyətdir. Xeyirli olsun. Azərbaycanlı qardaşlarımızı əldə etdikləri şanlı zəfər münasibətilə bir daha təbrik edirik.//Tərcümə Strateq.az-ındır

Xudaferin.eu

09:35