Pakistan Senatı: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında islam abidələrini dağıtması və təhqirə məruz qoyması qəbuledilməzdir

 

Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında islam aləminə aid dini-mədəni abidələri dağıtması və ya təhqirə məruz qoyması qəbuledilməzdir. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, səfir Əli Əlizadənin bu ölkənin Senatının sədr müavini Mövlana Abdul Qafur Heydəri ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələr, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu, hər iki ölkənin nüfüzlu beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd olunub. Pakistan Senatının xarici əlaqələr komitəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı Soyqırımının tanınması və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin qəbul edilməsinin yüksək qiymətləndirildiyi, Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında islam aləminə aid dini-mədəni abidələri dağıtmasının və ya təhqirə məruz qoymasının qəbuledilməz olduğu vurğulanıb.

Pakistan Senatının sədr müavini, nüfuzlu din alimlərindən sayılan M.A.Q.Heydəri Pakistanın Azərbaycanı özünə qardaş ölkə hesab etdiyini, islam ölkələri arasında birlik və əməkdaşlığın möhkəmlənməsinin vacib olduğunu, Pakistan-Azərbaycan münasibətlərinin buna bir nümunə sayılacağını, hökümətlərarası əlaqələrlə yanaşı xalqlarımız arasında əlaqələrin daha da artırılması gərəkdiyini qeyd edib. O, beynəlxalq və regional məsələlərdə Azərbaycanın da Pakistana verdiyi dəstəyin dostluq və qardaşlığın bir təzahürü kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Görüşdə həmçinin, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılması, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələri ilə bağlı da fikir mübadiləsi aparılıb.

TREND İA

 

10:20