“Ölkənin əsas iqtisadi problemi “kupça” məsələsidir”

 

 

“Sahibkarlığı kökündən boğan əsas qurum məhz Əmlak Məsələləri Dövlət Komitəsidir”

“Dünən burada sorğu keçirərək sual etmişdim: “Sizcə, Azərbaycanda sahibkarlığa ən çox zərər vuran hansı dövlət orqanıdır?” Sorğuda iştirak edənlərə minnətdarlığımı bildirirəm. Çox maraqlı cavablar oldu. Əlbəttə, ölkəmizdə sahibkarlığı boğan qurumlar çoxdur. Amma heç kəs Əmlak Məsələləri Dövlət Komitəsinin adını çəkmədi. Halbuki, ölkədə bazar iqtisadiyyatını, səmərəli institutların inkişafını və sahibkarlığı kökündən boğan əsas qurum məhz odur”. Bu barədə hüquqşünas Əkrəm Həsənov “feysbuk” səhifəsində yazıb:

“Ölkədə fəaliyyət göstərən əksər biznes obyektlərinin sənədləri bərbad vəziyyətdədir”
 

“Hüquq-mühafizə orqanları, məhkəmələr və digərlərin fəaliyyəti ikinci dərəcəlidir. Niyə?
 

Ona görə ki, bazar iqtisadiyyatının əsas institutu mülkiyyət hüququdur. İlk növbədə, daşınmaz əmlak, torpaq hüququn rəsmiləşdirilməsində xeyli problem var. Buna görə də ölkənin əsas iqtisadi problem “kupça” məsələsidir. O, mülki dövriyyəyə ciddi əngəl törədir.

Əksər hallarda torpağa mülkiyyət hüququ lazımi şəkildə rəsmiləşdirilmir. Rəsmiləşdiriləndə də ən yaxşı halda sərhədlər dəqiq müəyyən olunmur. İllərlə hesab edirsən ki, sahə sənindir, amma sonra gəlib deyirlər ki, sənin deyil. Ölkədə fəaliyyət göstərən əksər biznes obyektlərinin sənədləri bərbad vəziyyətdədir. Niyə? Ona görə ki, sözügedən Komitə bilə-bilə belə vəziyyət yaradır ki, sahibkarlar ondan asılı vəziyyətə düşsün. Sahibkar məhkəməyə müraciət edəndə isə hakimlər də sənədin qaydasında deyil deyə vəziyyətdən sui-istifadə etməyə başlayır”, - deyə hüquqşünas bildirirb.

“Bu gün sahibkar obyekti özəlləşdirir, sabah isə Komitə müxtəlif bəhanələrlə onu geri alır”

Ə. Həsənov nəzərə çatdırır ki, bu Komitənin digər əsas vəzifəsi özəlləşdirmənin təşkilidir: “Bəs, niyə özəlləşmə belə ləng gedir? Ona görə ki, bu Komitəyə etibar edən azdır. Bu gün sahibkar obyekti özəlləşdirir, sabah isə Komitə müxtəlif bəhanələrlə onu geri alır. Bir sözlə, bu Komitə ilə bağlı problem çoxdur. Onun Əsasnaməsinin ilk bəndində əsas səlahiyyətləri belə təsbit olunub: “dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsi”. Görürsüz, necə genişdir. Amma bir baxın, bu Komitənin bir salamat və səmərəli qolu varmı?”

“Gəlin, birlikdə bu ziyanverici mikrobun ilk baxışdan çoxlarına görünməyən fəaliyyətini araşdıraq”
 

“Qeyd edilənləri nəzərə alaraq, ölkədə qeyri-neft sektorunun inkişafına əsas əngəl olan bu Komitənin yarıtmaz fəaliyyətini daha dərindən araşdırmaq qərarına gəlmişəm. Bu barədə hər hansı məlumatı, təklifi və s. olan varsa, buyursun. Gəlin, birlikdə bu ziyanverici mikrobun ilk baxışdan çoxlarına görünməyən fəaliyyətini araşdıraq”, - deyə hüquqşünas əlavə edib.

Şamo
Hurriyyet.org

 

09:54