Odlar yurdunun qızıyam!

Qarabağın dilbər guşəsi olan doğma kəndimə həsr edirəm.
Füzuli(keç.Qarabulaq)rayonunun Hoğa(ind.Üçlulaq)kəndinə.
Hal-hazırda düşmən işğalındadır.

Ay Hoğa kəndi
Güllü təpələrin,sərin meşənin
Qoynunda yerləşən,ay Hoğa kəndi !
Payız gecələri dağlar döşündə
Dumanla öpüşən,ay Hoğa kəndi !

Sənsən, igidlərin arzu-diləyi,
Düşmənin başını əzən biləyi,
Sənsən,Qarabağın vuran ürəyi,
Cəsurca döyüşən,ay Hoğa kəndi !

Yandın,alovlandın,yandın da yandın,
Sinən parçalandı,qana boyandın,
Ahla,fəryad ilə ərşə dayandın,
Canıyla əlləşən,ay Hoğa kəndi !

Nədən, bulaqların qan ilə axır?
Tökdüyün qan-yaşlar suya qarışır?
Bilirəm,düşmənlər sənə kəc baxır,
Deyilsən, xoşbəxt-şən,ay Hoğa kəndi !

Çınardərəsində çinar,  dururmu?
Xan Ulubulağın, boynun bururmu?
Bəs Almalıbağın, qəlbi vururmu?
Ahusu mələşən,ay Hoğa kəndi?!

Yanığın döşündən günəş,saçırmı?
Daşatlan dağında kəklik,uçurmu?
Geniş Gendərəndə  lalə,açırmı?
Çöl-çəməni gülşən,ay Hoğa kəndi ?!

Malqurdərən çoban neyin , özlərmi?
Qalayolun yolumuzu,gözlərmi?
Başın üstdən düşmən səni,izlərmi?
Hadrut(Xocavənd)a birləsən,ay Hoğa kəndi ?!

Gömürdərən gözyaşını,sıxırmı?
Keeşkəndin Batdaxlıya, baxırmı?
Xan Balanlın, ürəkləri,yaxırmı?
Govşadla dərdləşən,ay Hoğa kəndi?! 

Məzarlığın susqun-susqun, inlərmi?
Söylədiyin ağıları,dinlərmi?
Bu düşmənlər, iblislərmi,cinlərmi?
Haylarla güləşən,ay Hoğa kəndi ?!

Yolunda neçə ər canını verdi,
Alçaq düşmənlərə hey sinə gərdi,
LBelini bükübdü şəhidlər dərdi,
Əsir-yesir düşən,ay Hoğa kəndi!

Bir quş olub Qozbağından keçəydim,
Dərəbulağından bir qab içəydim,
Son mənzilə mən qoynunda köçəydim,
Yal-yamacı yovşan,ay Hoğa kəndi !

Kədərin çox ağır kədər,bilirəm,
Dərdlərimi yad dillərdə bölürəm,
Yasəmən Qarayam,sənsiz ölürəm,
Yolları pərişan,ay Hoğa kəndi !

Odlar yurdunun qızıyam!

Odlar yurdunun qızıyam
Ey yurduma göz dikənlər,
Gül bağında kol əkənlər,
Üstümüzə kin tökənlər,
Yaxaram,od parçasıyam,
Odlar yurdunun qızıyam !

Hər birisi bir ər kimi,
Düşmənə sədd,sipər kimi,
Sara kimi,Nigar kimi
Burla xatun balasıyam,
Odlar yurdunun qızıyam!

At belində qılınc çalan,
Tarixlərdə adı qalan,
,,Kir"i qanıyla doyuran,
Tomris qızın anasıyam,
Odlar yurdunun qızıyam!

Aləmşaham ,,Vətən"-deyib,
Kim mənim tək qurban verib ?
Həcər kimi hiddətlənib
Dağlara səs salasıyam,
Odlar yurdunun qızıyam !

Banuçiçək nəticəsi,
Şah İsmayıl Tehminəsi,
Mömünəxatun türbəsi,
Möhtəşəm qız qalasıyam,
Odlar yurdunun qızıyam !

Mən Şirinəm,eşqə varam,
Nüşabəyəm,hökmdaram,
Fatehlərə qan uddurram,
Divan,hakim bir qazıyam,
Odlar yurdunun qızıyam!

Qarateləm,şəhid ollam,
Salatınam,yadda qallam,
Haqq yoluna işıq sallam,
Günəşəm,nur damlasıyam,
Odlar yurdunın qızıyam !

Sorarsınız-,,Kimsən,qadın,
Od doğuldun,oddur adın ?"
Söylədiyim xanımların,
Xatunların hamısıyam,
Odlar yurdunun qızıyam!

Ata
Analar nə qədər cəsur olsa da
Əlbəttə,hər yerdə böyükdü ata
Qanadın gərəcək üstünüzə o,
Sanki əzəmətli söyüddü ata.

Atalı böyüyən kədərsiz,qəmsiz,
Atasız olmasın nə hec kim,nə biz,
Bu yasda olsam da inan ki,sənsiz
Boynum bənövşə tək bükükdü ,ata!

Atasız dadı yox çörəyin,nanın,
Süfrəmdə hər nemət duzsuz,inanın.
Hətta yaratdığım şer-dastanın
Sənsiz qafiyəsi sönükdü ,ata!

15:37