Ata yurdum

Ata yurdum

 Doğma ata yurdum,Füzuli rayonu Hoğa(Üçbulaq)kəndinə həsr edirəm.

İllərdi hicrindən yanıb qovruldum,
Ay mənim sevimli,şən ata yurdum!
Allaha çox şükr,azad olmusan
Yağı tapdağından sən,ata yurdum!

Qarabağın füsunkar guşəsisən,
Füzuli elinin bir hissəsisən,
İgid oğulların şir nə'rəsisən,
Ana laylasına tən ata yurdum!

Geniş çöllərinə bahar gələndə,
Bənövşələr ətirlənib güləndə,
Necə tə'rif desəm azdır,yenə də,
Sənin şərəfinə mən,ata yurdum!

Zalım düşmən oda atdı,dağladı,
Düz otuz il səni əsir saxladı,
Halına quşlar da səssiz ağladı,
Saçını bürüdü dən,ata yurdum!

Cənnət idin qara şala bükdülər,
Səhidlərim yolunda qan tökdülər,
Qanlarıyla torpağa gül  əkdilər,
Yenə gülüstana dön,ata yurdum!

Şəhid anaların yuvana səslə,
Ovundur,əzizlə,qoynunda bəslə,
Haylarla bir daha, duz-çörək kəsmə!
Qəlbi qucağıtək gen,ata yurdum!

Qalx ayağa,həsrətini qaldır,at,
Qucaqla bizləri,vüsalına çat,
Qoy ölsün düşmənin,sən yaşa,yarat,
Yenə kəhər atı min ,ata yurdum!
Dünyaya sal səda,ün,ata yurdum!

----------------------------------------------------------------

 

Gözəldi

Füzuli rayonu Govşadlı kəndinə həsr edirəm.

Gəlin, sizə bir obadan bəhs edim,
Govşadlının səs-sorağı  gözəldi.
Təpələri,tarlaları,çölləri,
Govşadlının hər bucağı gözəldi.

Geceləri işıq saçan yolları,
Bənövşəyə qanad gərən kolları,
Gəlinləri,qızları,oğulları,
Govşadlının od-ocağı gözəldi.

Ulduzları,al günəşi,bədr ayı,
,,Qarağac düzü"nün o tay,bu tayı,
Dəyirmanı,tükənməz Quruçayı,
Govşadlının xan,,Tutbağı"gözəldi.

İgidləri mal-qaranı bəsləyər,
Sağmaq üçün xanımları səsləyər,
Köpüklənər,dolub daşar badyələr,
Govşadlının axşamçağı gözəldi.

,,Xiyavan"da gəncləri gül dərərlər,
Aşiq olub bir-birini sevərlər,
Sədaqətli olmağa söz verərlər,
Govşadlının hər növrağı gözəldi.

Yerə sığmaz qızlarının qəmzəsi,
Heç tükənməz ərlərinin nə'rəsi,
Bal-qaymağı,yumurtası,kətəsi,
Govşadlının nehrə yağı gözəldi.

Mən gəzmişəm bu ölkənin hər yanın,
Çox dadmışam həm çörəyin,həm balın,
Yasəmənəm,hər məkandan,inanın,
Govşadlının təm-tərağı gözəldi.

Yasəmən Qara

Xudaferin

11:27