İran-Ermənistan münasibətlərinin inkişafı yeni təhlükə qaynağıdır

Bu gün dünyada super etnosiyasi mənzərədə yer alan ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, Çin və Hindistanın ardından Türkiyənin irəli çıxması bir sıra problemlərə səbəb olub. Belə ki, Türkiyə dışında mövcud etnosiyasi mərkəzlərin hamısı süni bir düzənlə özlərinin neoimperiya formulunu yaratmışlar. Türkiyə isə, təbii qaynaqlara bağlı olan,  yəni Türk Dünyası anlamı ilə “çoxüfüqlü” dünya düzəni ideyasını tərcih edir. Buna görə də, Rusiya, Çin və Hindistan Türkiyənin dünyanın etnosiyasi tablosunda yer almasını əngəlləməyə çalışırlar. Bunun üçün “alternativ ideya” da əldə ediblər. Bu, 1925-ci ildən “paniranizm” və “panfarsizm” ideyasının xəstəliyinə tutulmuş “İran rejimləri”dir. İran rejimləri isə “şiəlik”, “ələvilik”, “ariyayi” və “cəfərilik” ülküsünün sınırları çevrəsində yayğınlaşması düsturuna pərçimlənib.

Nədən ilk hədəf Azərbaycan dövlətidir?

Unutmaq olmaz ki, 1992-ci ildə Tehranda İran xarici işlər nazirliyinə bağlı olan “Risalət” dərgisinin ilk sayında dönəmin xarici işlər naziri, indi isə “Dünya Müsəlmanlarının Lideri” Ayətullah Xamenəyinin baş müşaviri olan Əliəkbər Vilayəti belə yazırdı: “Azərbaycan dövlətinin quruca adı hər zaman İran dövləti üçün ən böyük təhlükə mənbəyi olacaq”. Elə bu səbəbdən İran mollakratiya rejimi daim Ermənistana dəstək verir. İranın hədəfi “farsdilli xalqlar” modeli ilə Qafqazda tat, talış, lahıc, osetin, kürd və digər toplumları öz çevrəsində bütünləşdirməklə yanaşı,  “ariyayi toplumlar”, yəni “Hind-Avropa Xalqları” doktrinasına dayanıqlı olaraq erməniləri qorumaqdır. Bundan əlavə, “farsdilli dövlətlər” modeli ilə Tacikstan, İraq, Əfqanıstan və Pakistanla bir bütün olmaq taktikası isə iflasa uğrayıb. “Əhli beyit”, “şiə”, “ələvi” və “cəfərilik” adı altında Azərbaycan, Küveyt, Bəhreyn, İraq, Suriya, Türkiyə, Oman, Sudan, Nigeriya, Livan, Fələstin, Pakistan kimi dövlətlərdə “neoiranizm” dalğasının yaradılmasına çalışılır. Bunun arxasında duran tək ideya isə, mümkün qədər bu dövlətlərdə “paniranizm” və “panfarsizm” ideyaları məzhəb pərdəsi adı altında dərin çeteyə çevrilsin. Azərbaycan Respublikasının dövlət bağımsızlığını 25 ildir qoruya bilməsi əslində Tehran mollakratiya rejiminə ən böyük sarsıdıcı zərbələrdən biridir. Bu dövlətin ömrünün uzanması Güney Azərbaycan və İran Türkləri faktorunun daha da sanballı şəkildə inkişafına təkan verilməsi deməkdir. Azərbaycan dövlətinin nə qədər çətinliklərlə üz-üzə qalması, ərazilərinin işğal altında saxlanılması, idarəetmənin məmur avtoritarizmi siyasətinə söykənilməsi, digər mənfi halların süni şəkildə üstün bir səviyyəyə qaldırılması prosesləri belə, Azərbaycan Milli Davasını bir addım da olsun geridə saxlaya bilməmişdir. XXI yüzilin sinergetik fəlsəfi-estetik yanaşım tərzinin artıq bir sosial xarakter daşıması bütün bunların təsdiqidir. Heç bir rejim və işğalçılıq siyasəti bu prosesin qarşısını ala bilməyəcəkdir. Azərbaycanın bir dövlət olaraq prioritetlərinin Türk Dünyası, Qərblə və Qafqaz regional uzlaşımında önəmli rolunun artması İran rejiminin strateji hədəflərinin sonu kimi də başa düşülür. Ona görə də, bəzi dövlətlərin Qafqaz və Türk Dünyası strategiyasında yer almaq istəyi təbii qarşılanır. İsrailin Azərbaycanın yanında olması əslində qürurverici bir olaydır. Ona görə ki, biz tolerantlıq düzənini milli hədəflərlə uzlaşdıraraq onun inkişafını tərcih etmişik. Orta Doğuda süni şəkildə “islam həmrəyliyi” və “müsəlman qardaşlığı” ideyasının hər hansı sonuc verəcəyi artıq tarixin ironiyası kimi qəbul edilir. Ona görə ki, Azərbaycanın işğal edilmiş əraziləri məsələsində elə bu gün də həmin o müsəlman dövlətləri tamamilə fərqli mövqe tuturlar.

“Praqmatik fars-erməni qardaşlığı”

1992-ci ilin dekabr ayında Bakının 8-ci Mikrorayon ərazisində Azərbaycanın MTN-i tərəfindən həbs olunan İran kəşfiyyatçılarından Qarabağ boyunca hərbi sirlərimizin  xəritəsi, döyüş sursatlarımızın miqdarı və digər məlumatlar əldə edilmişdi. Araşdırmalar zamanı bəlli olmuşdu ki, Tehranın maliyyələşdirdiyi AİP-in emissarları Azərbaycan vətəndaşı kimi hərbi sirlərimizi əldə edərək buradan Tehrana ötürürmüşlər. İran da öz növbəsində bütün məlumatları təmənna ummadan İrəvana verirmiş. Qarabağın işğal olunmasında bu faktların da önəmi vardır. İran və Ermənistandakı rejimlər bütün bunlara “praqmatik siyasət” adını verirlər. Blokada durumunda yaşayan Ermənistanın yeganə “nəfəsliyi”  İran mollakratiya rejiminin onun üçün yaratdığı münbit durumdur. Bu iki ölkə arasında illik maliyyə dövriyyəsi 380 milyon dollara çatıb. Bundan əlavə, Orta Doğuda indi baş verən olaylarda, vətəndaş savaşlarında, terror eyləmlərində vahid taktika ilə hərəkət edirlər. Suriyada diktator Bəşər Əsədin dəstəklənməsi, PKK-nın yanında yer almaq, İraq və Suriyada soydaşımız Türkman əhalisinə qarşı İranın himayə etdiyi “Hezbollah” tərəfindən amansızcasına terror eyləmlərinin idarə olunması, Türkiyədə radikal dini qruplaşmaların və ultrabölücü cərəyanların terror siyasətini dəstəkləmələrini göstərmək olar. Ermənistanla İranı strateji çevirən digər amil Tehran rejiminin qurduğu “Buşehir Atom Stansiyası” məsələsidir. İranın hədəflərindən biri də Quzey Koreyadakı rejimə uyarlı olan bir tərzdə Orta Doğunu və Hind Okeanı hövzəsi dövlətlərini təhdid altında saxlamaq taktikasıdır. Hələ 2000-ci illərin başlanğıcında ABŞ kəşfiyyatının açıqladığı bilgilərdə qeyd olunurdu ki, ermənilərə məxsus şirkətlər İrana qanunla yasaq olunan və atom bombasının düzəldilməsi üçün gərəkən ləvazimatların biznesi ilə məşğuldurlar. Yayılan açıqlamada o da qeyd olunurdu ki, erməni şirkətləri atom bombası üçün tələb olunan  ləvazimatları ancaq İrana satırlar. Təbii olaraq, durumun belə bir həddə çatmasından dünyanın demokratik düşərgəsi narahatlığını ifadə edir. Orta Doğuda demokratik qaydalarla dövlət olma düzəni İsrail və Türkiyəyə məxsusdur. Son 37 ildə İranda oliqarxa çevrilmiş əmmaməli ayətullahlar öz hakimiyyətlərini qorumaq üçün “atom bombası” təhdidi ilə bu oyunlardan yayınmaq taktikasını tərcih etmişlər. Hal-hazırda Orta Doğuda yaşanılan hakimiyyət böhranları və vətəndaş savaşlarının sonucunda ən çox qazanan tərəf elə İran mollakratiya rejimi olmuşdur. İraq, Suriya, Misir, Livan, Tunis və Əlcəzairdəki savaş sonucunda körfəz ölkələri arasında son 12 ildə yüzmilyardlarla dollar gəlir əldə edib. Orta Doğuda yaşanılan böhranların uzanmasında ən çox maraqlı tərəf kimi İran iştirak edir. Azərbaycan və Qafqaz regionunun Orta Doğunun bir parça olmasını nəzərə alsaq, o zaman “Qarabağ böhranı”nın aradan qaldırılmasına qarşı sərt şəkildə dirənən yenə İran mollakratiya rejimidir. İran Ermənistana neçə illərdir yağlı vədlər verərək, öz maraqları çərçivəsində regionda “söz sahibi” olmaq taktikası ilə hərəkət edir. 140 km-lik qaz kəməri, 40 km-lik dəmir yolu xətti və Ermənistan üçün digər strateji həyat mənbəyi sayılan təkliflərlə çıxış etsə də, bu günə kimi ciddi addımlar atmayıb. Həsən Ruhaninin son İrəvan səfərində isə, İran tərəfinin 2017-ci ilin sonuna kimi Ermənistana 500 milyon dollar dəyərində yatırımlar yapacağı vədləri verilib. Neft-kimya zavodunun inşasının taleyi isə havadan asılı qalıb. Ekspertlərin də etiraf etdiyi kimi, bu gün Ermənistan iqtisadiyyatının 37 faizi İrandan asılılıq səviyyəsinə qalxıb. Bu faktın özü sübut edir ki, tədricən İran Ermənistanı özünün vassalına çevirmək taktikası ilə hərəkət edir.

İran nədən Azərbaycanı təhdid edir?

Gilan vilayətinin Rəşt, Talış, Rizvanşəhr, Masal, Sövmə Sara, Fumən, Şəft, Rudbar, Siyahkəl, Lahican, Rudsər, Ləngərud və Əmləş bölgələrində Azərbaycan dövlətinə qarşı  separatizmi alovlandırmaq üçün, Tehran rejimi “Talış mədəniyyət mərkəzi”, “Talış elmi araşdırmalar mərkəzi”, aylıq “Talış” dərgisi, “Talış kinostudiyası” və başqa strukturlar yaratmışdır. Bütün bunlar azmış kimi, “Beynəlxalq Talış Araşdırmalar Mərkəzi”ni İrəvan Dövlət Universitetinin inranşünaslıq kafedrası ilə birlikdə idarə edir. Şuşada “Sədoye Talışstan” radio kanalını maliyyələşdirir. 30 milyondan çox Azərbaycan Türkünün ana dilində bircə dərginin açılmasını yasaq edən İran rejimi, bölgədəki 70 minlik talışlar üçün bunca səxavətli siyasət yürüdür. İran mollkratiya rejimi son illərdə Rusiyanın Həştərxan və Dağıstan bölgələrində “İran Mədəniyyət Mərkəzi” adlı qurumları yaradaraq, onların vasitəsilə Azərbaycan dövlətinə qarşı erməni proyektinin tərkib hissəsi olan “ləzgidilli xalqlar” adlı süni ideyaların rəsmiləşdirilməsinə çalışır. Hətta bu yöndə yaradılan qurumlara maliyyə dəstəyi də verir. Gürcüstanda Azərbaycan Türklərinin yaşadıqları Borçalı bölgəsində “Əhli beyit” adı altında savadsız əhalinin böyük bir qismini öz tərəfinə çəkərək onların da Azərbaycan dövlətinə qarşı yönələndirilməsini düzənləyir. Beləliklə  Tehran rejimi güneydən “talış”, quzeydən “ləzgi”, batıdan “Borçalı” sindromlarını işə salmağı hədəf seçib. Ölkə daxilində isə, savadsız əhalinin sosial anlamda böyük bir güc kimi İran yönlü olmasına istiqamətləndirilməsi taktikası ilə hərəkət edir. Bu problemlərin qarşısını ala biləcək tək güc isə, indiki gerçəkliklərə görə Türkiyə və İsrail dövlətləridirlər. İsrailin baş naziri Benjamin Netanyahu məhz bu səbəblə Azərbaycanda rəsmi səfərdə oldu. İran necə müsəlman dövlətidir ki, Tehran, İsfəhan, Yəzd, Şiraz, İsfəhan kimi fars şəhərlərində qondarma “erməni soyqırımı” abidələrini inşa edib. Hətta anıt abidələrinin qarşısında ayətullahlar sayğıduruşu da edirlər. Müşahidəçilərin qeyd etdiklərinə görə, Ermənistan Orta Doğuda qara bazarın ən rahat idarə olunduğu bir məkandır. Buradan İran yolu ilə silah, narkotika, insan orqanizmlərinin transplantasiyası kimi genişmiqyaslı ticarət dövriyyəsi idarə olunur. Ermənistanın büdcəsi bu yolla doldurulur. Qafqazda öz təbii yolu ilə supergücə çevrilmək imkanları olan Azərbaycanın təklənməsi İran rejiminə buna görə gərəkdir. Erməni qaynaqları etiraf edirlər ki, son 10 ildə İran ordusunun Baş Qərargahında “Azərbaycan dövləti məsələsi” iki dəfə geniş şəkildə müzakirə olunub. Qərar isə bundan ibarətdir: “Araz çayı boyunca əraziləri Azərbaycan tərəfinin geri qaytarmasına qətiyyən imkan vermək olmaz”. Bunun tək cavabı isə odur ki, Araz çayı boyunca ermənilərin işğalı altında olan ərazilər geri qayıdarsa, bu zaman Qarabağ məsələsində Ermənistan tamamilə təklənə bilər. Bu, İran mollkratiya rejiminin “Qafqaz masası”nın iflası deməkdir. Ona görə də Azərbaycanın Muğan bölgəsində aşırı “paniranizm” siyasətinin yedəyi olan “radikal şiəçilik” doktrinasını tətbiq edir. Bizim fikrimizcə İranın Azərbaycan dövlətinə qarşı apardığı bunca siyasətlərin tək qarşısının alınması yolu demokratiyadır. Əgər demokratik proseslər inkişaf edərsə, o zaman alternativ fikirlərə cəmiyyətdə meydan açılar. Cəmiyyətin maariflənməsi baxımından bu çox mühümdür. Nə qədər ki, adicə efir məkanında alternativ fikirlərə, ölkənin bu günü və gələcəyi naminə hər şey çılpaqlığı ilə açıqlanmır, İranın mərkli oyunlarının mənasını anlayan da olmayacaq. Kimin dost, kimin yağı olduğunun fərqinə varmaq xalqımızın borcudur.

Ənvər BÖRÜSOY  

18:28