NİDA üzvünün cəzaçəkmə müəssisəsində ölümlə hədələndiyi bildirilir

 

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin cəzaçəkmə müəssisəsində ölümlə hədələndiyi bildirilir. Bu barədə sosial şəbəkələrdə onun valideynləri bildirib. Valideynləri 13 Saylı Cəzaçəkmə Müəssisəsində İ.Rüstəmzadə ilə görüşüblər.

Onların dediyinə görə, sözügedən müəssisəyə Elçin Əlicanov yeni rəis müavini təyin edilib.

"Avropadan gələn homoseksual komissarlara arxayın olma. Səni bizim əlimizdən onlar da ala bilməz. Gör, səni bir bəhanə tapıb nə günə qoyacam. Səni islah etməyin yolunu bilirəm", valideynlərinin dediyinə görə, bunları İ.Rüstəmzadəyə yeni rəis müavini söyləyib.

İ.Rüstəmzadənin anası övladının həyatından narahat olduqlarını deyib. O bildirib ki, E.Əlicanov əvvəllər başqa cəzaçəkmə müəssisələrində çalışıb.

"Oradakıların kimliyinin cəzaçəkmə müəssisəsi işçiləri üçün fərqi olmamalıdır. Hər biri müxtəlif səbəblərdən cəza çəkən insanlardır. Cəzaçəkmə müəssisəsi işçilərinin vəzifəsi hədələmək yox, məhbusların təhlükəsizliyini təmin etmək olmalıdır", fəalın anası əlaqəli qurumlara tədbir görülməsindən ötrü müraciət edib.

Ana həmçinin deyib ki, İ.Rüstəmzadənin səhhətində problemlər qalır. İmmuniteti zəifləyib, hazırda vitaminlər qəbul edir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə “Azadlıq Radiosu”na deyib ki, nə İ.Rüstəmzadə, nə də digər məhkum ölümlə hədələnə bilməz: "Bütün cəzaçəkmə müəssisələri üçün qüvvədə olan daxili nizamnamə mövcuddur. Bu qaydalara hamı əməl etməlidir. O ki qaldı həmin şəxsin hansısa bir rəsmi tərəfdən ölümlə hədələnməsinə, bu, tamamilə absurd iddiadır. Belə bir şey olmayıb və ola da bilməz".

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili və bir sıra ittihamlarla uzun müddətə həbs olunublar. İlkin Rüstəmzadə isə 2014-cü il mayın 6-da saxlanılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdan məhrum edilib. "Amnesty International" hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları "vicdan məhbus"u elan edib. Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıb.

Amerikaninsesi.org

09:17