Milli Məclisin deputatı Əfqan Muxtarlı işinə cəlb ediləcək

 

Bakı Apellyasiya Məhkəməsi jurnalist Əfqan Muxtarlının həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında şikayətini təmin etməyib. Muxtarlının özünün iştirakı ilə proses qapalı rejimdə keçirilib. Vəkil Elçin Sadıqov bildirib ki, müdafiə tərəfi sədrlik edən hakim Vüqar Məmmədovu qətimkan tədbirinin dəyişdirilməsinin tamamilə əsaslı olduğuna inandırmağa çalışıb. Amma məhkəmə heyəti şikayəti təmin etməyib.

Nəsimi rayon Məhkəməsi də qətimkan tədbirini dəyişdirməkdən imtina edib. Müdafiə tərəfi Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir. Vəkil həmçinin müvəkkilinin işində bəzi yeniliklər haqqında danışıb.

"Əfqan Muxtarlının səhhətindəki problemlər davam edir. Ancaq əlaqəli qurumlara müraciət olunsa da, ona yardım göstərilməsi ilə bağlı gərəkli addımlar atılmır, deyə vəkil bidirib. E.Sadıqov əlavə edib ki, Ə.Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirliyinin onunla maraqlanmamasından narazıdır.

"Jurnalist hələ də Gürcüstanın Azərbaycandakı səfiriliyinin nümayəndəsinin onunla görüşə gələcəyini gözləyir. Bundan əvvəl Ə.Muxtarlının səfirliyə belə müraciəti olmuşdu. O hesab edir ki, Gürcüstan hökuməti onun Tiflisdən oğurlanıb gətirilməsinə aydınlıq gətirməlidir".

Vəkil həmçinin deyib ki, Əfqan Muxtarlı ilə bağlı açılmış cinayət işi bir neçə il əvvəl açılan başqa bir cinayət işi ilə - Almaniyadan fəaliyyət göstərən Meydan TV internet televiziyasının cinayət işi ilə birləşdirilib. İki cinayət işinin birgə araşdırılacağını söyləyən vəkil istintaq qrupuna əlavə şəxslərin cəlb olunacağını xəbər verib. Əfqan Muxtarlının işi ilə bağlı daha bir yenilik millət vəkili Elman Nəsirovun işə cəlb edilməsi ilə bağlıdır.

"İTV-nin əməkdaşının və deputat Elman Nəsirovun Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana gətirilməsinin xüsusi əməliyyat olması haqda açıqlaması olmuşdu. Biz bununla əlaqədar vəsatət vermişdik. İTV-nin "Carçı" proqramının əməkdaşının və deputatın istintaqa cəlb edilib dindirilməsini istəmişdik. Bu vəsatətlərimizi istintaq təmin edib", vəkil bildirib.

​Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tiflisdə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tiflisdə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının müəllifidir.

 

Amerikaninsesi.org

 

09:29