Makrondan Qarabağ mesajları

 

Fransada baş tutmuş prezident seçkilərinin ilk turunun qalibi Emmanuel Makron prezident seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi səy göstərəcəyini vəd edib. 39 yaşlı namizəd bu problemin təkbaşına həllinin mümkün olmadığını deyib. Siyasi ekspertlərin rəyinə görə, E.Makronun seçkilərdə qələbə çalması hələ Ermənistan-Azərbaycan münaqişəsinin həllində Fransanın həlledici rol oynayacağı anlamına gəlmir. Onun rəqibi Marin Le Pendən fərqli olaraq, E.Makronun prezident seçilməsi Azərbaycanın maraqlarına uyğundur.

 

Marin Le Pen münaqişənin həllində kimi Dağlıq Qarabağı Ermənistana birləşdirməyi təklif edir. Makronun isə Dağlıq Qarabağ probleminin nizamlanmasına münasibətdə təmsil etdiyi siyasi kursa uyğun olaraq, mərkəzçi mövqedən çıxış edəcəyi gözlənilir. Üstəlik, onun iqtisadçı olması Azərbaycanla münasibətlərdə Fransanın strateji maraqları baxımından praqmatik mövqedən çıxış edəcəyinə əsas yaradır. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyəti hazırkı prezident Fransua Ollandın mövqeyinə daha yaxın olacaq. Bu da ilk növbədə, Fransanın Avropa Birliyi tərkibində qalmasının tərəfdarı olan namizədin seçkilərdə qalib gəlmək şansının yüksək olması ilə bağlıdır. Seçkilərdə “Milli Cəbhə”nin namizədi Marin Le Penin məğlub olması Dağlıq Qarabağ probleminə ultrasağçıların populist yanaşmasını əks etdirən təhlükənin aradan qalxması deməkdir. Makronun prezidentliyi isə Fransanın bu məsələdə mövqeyinin Avropa Birliyi ilə uzlaşdırılmış şəkildə həyata keçiriləcəyini vəd edir. Emmanuel Makron rəqibləri Marin Le Pen və Fransua Fiyondan fərqli olaraq, təbliğat-təşviqat kampaniyasında ermənilərin maraqlarına uyğun vəd verilməyib. Erməni diasporu güclü olduğundan Makronun seçki öncəsi  Azərbaycanın xeyrinə mövqe nümayiş etdirməsi də qeyri-mümkündür. E.Makron erməni diasporunun dəstəyini əldə etmək üçün müəyyən siyasi manipulyasiyalar edə bilər. 39 yaşlı namizəd Azərbaycanın maraqlarına toxunan bəyanat vermədiyindən, ermənilərin istəyinə uyğun davranış nümayiş etdirəcəyi də inandırıcı görünmür. Ümumilikdə, Onun çox balanslı siyasi addımlar atacağı gözləniləndir. Onu da qeyd edək ki, Avropa Birliyinin və NATO-nun şərqə doğru genişlənməsi, eyni zamanda beynəlxalq terrorizmə qarşı mübarizənin qlobal problemə çevrilməsi həmin qurumların aparıcı dövlətlərindən biri olan Fransanın Cənubi Qafqazda geostrateji fəallığını artırır. Hazırda Fransa Cənubi Qafqazdakı əsas oyunçulardan biridir. Son dövrlər Fransada tez-tez baş verən terror aktlarının törədilməsində Mərkəzi Asiya kökənli insanların iştirakı müşahidə edilir. Həmin terrorçuların Yaxın Şərqə və oradan Avropaya çıxışını təmin edən tranzit qapısı Cənubi Qafqazdan və Rusiya üzərindən keçir. Ona görə də E. Makronun Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi səy göstərəcəyinə dair mesajları Fransanın bu bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini genişləndirəcəyi kimi də başa düşülə bilər.

Müşfiq Abdulla

Cebhe.info

 

09:35