Əlirza Abdullahi: Güney Azərbaycan Türklərinin maraqları ilə super-güclərin maraqları

 

Əlirza Abdullahinin dediklərinə görə, Güney Azərbaycan Türklərinin maraqları ilə dünyanın super-güclərinin maraqları üst-üstə düşmür və buna görə də, güneylə ilgili  təşkilatların fəaliyyətləri boykot edilir. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının üzvü “Amerikanın Səsi” radiosuna müsahibəsində milli hərəkata mənsub təşkilatların fəaliyyətləri və üzləşdikləri problemləri dəyərləndirib.

Əlirza Abdullahi mənsub olduğu təşkilatın Güney Azərbaycan siyasi təşkilatları tarixində xüsusi mövqeyə sahib olduğunu önə çəkir: “Səttar Xan hərəkatından başlayaraq Seyid Cəfər Pişəvəriyə qədər bir ardıcıllıq görürük. Amma Pişəvərindən sonra təəsüflər olsun   Güney Azərbaycanda bir təşkilatçılıq anlayışı olmur və o davamlılıq bir şəkildə aradan gedir. 1979 İslam İnqilabından sonra Müsəlman Xalq Hərəkatı (Xalqın Mücahidləri) gəlir. Amma onun da ardı olmur. Belə bir durum GAMOH-un təsisinə qədər davam edir. GAMOH son dönəmlərdə Güney Azərbaycan sərhədləri daxilində təsis edilmiş ilk böyük təşkilat olur.”

O, bütün tənqidlər və problemlərə baxmayaraq “təşkilatın son 20 ildə davamlı fəaliyyət edə bilməsini” böyük bir uğur hesab edir. ABŞ-da yaşayan türk fəalın fikrincə, ölkə daxili ilə sağlam təmaslarda olmaq xaricdə fəaliyyət göstərən milli hərəkata mənsub təşkilatlar üçün təyinedici bir faktordur. “Bir təşkilatın mövcudluq məsələsinə baxanda, xaricdə fəliyyət göstərən təşkilatlar arasında da içəri ilə daha sağlam təmasları olanlar güclərini ortaya qoya bilirlər,” deyə o söyləyir.

GAMOH son dönəmlərdə Güney Azərbaycan sərhədləri daxilində təsis edilmiş ilk böyük təşkilat kimi tanınmaqdadır. Lobbiçilik fəaliyyətlərinə diqqət çəkən Abdullahi GAMOH-un bu sahədə keçmişdə bir çox ölkədə, indi xüsusilə Türkiyədə fəaliyyətlər göstərdiyini önə çəkir: “Görünən o ki, xaricdə fəaliyyət göstərən hər təşkilat diaspor fəaliyyətlərini da ələ almalı və Güney Azərbaycan problemlərini dünya səviyyəsində gündəmə gətirməlidir... 2000-ci illərə qədər yurd xaricində bəlkə də bəzi mədəni fəaliyyətlər olurdu, amma tam olaraq siyasi mahiyyət daşıyan hərəkət görməmişdik. GAMOH yurd xaricində də 2000-ci illərdən sonra öz təsirini göstərdi. Bəlkə bəzən zəif, bəzən güclü, amma o dönəm Güney Azərbaycan məsələsini Türkiyə, Quzey Azərbaycan, Avropa Parlamenti və Amerikaya daşıya bildik. GAMOH son illərdə yurd xaricində xüsusilə Türkiyədə fəaldır.”

Əlirza Abdullahi əlavə edir ki, “Güney Azərbaycan məsələsi dünya səviyyəsində super-güclərin maraqları ilə üst-üstə düşmür. Buna görə də bizlər onların maraq dairəsində yerləşməyi [bacarmaq] bilmirik. Bu səbəblə də bizi boykot edirlər. Bizim siyasi, ictimai və kültürəl hərəkətlərimiz gözə gəlmir.”

GAMOH-un üzvü keçmişdə bu təşkilatdan ayrılıb və başqa təşkilatlar təsis edənlərə dair münasibətini “GAMOH-a illər boyu gələnlər olub, gedənlər də. Gələnlərə salam olsun, gedənlərin yolu açıq olsun,” sözləri ilə ifadə edib.

Amerikaninsesi.org

 

09:30