Lavrov son nöqtəni qoydu: Məmmədyarovun “substantiv” danışıqlarını qəbristanlığa basdırdı

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistana səfəri haqqında siyasi Ekspertlərin təhlili, müzakirələri davam edir. 
 
Moderator.az tanınmış konfliktoloq, İstanbul Marmara universitetinin müəllimi Elxan Mehdiyevin bu səfərlə bağlı fikirlərini diqqətinizə çatdırır.
 
“Yerevanda jurnalistlərin -“danışıqların artan intensivliyi” ilə bağlı sualını cavablandırarkən, Lavrov Nalbandyanın məsələdən uzaq çərənləməsini faktiki olaraq dəstəkləyərək dedi: “Bu məsələ sadə məsələ deyil və tez də həll olunmayacaq”. 
 
Lavrov Nalbandyanın yanında dedi ki, Azərbaycan daha yaxşı başa düşsün. Yəni işğal davam edəcək.
 
İşğalın sakit tərzdə davam etməsi üçün isə, mexanizmlər hazırlanması və monitorinq missiyalarının gücləndirilməsi lazım. Gündəmdə duran məsələ də budur. Bunu Ermənistan istəyir və Rusiya da, Amerika da dəstəkləyir. Ona görə də həmsədrlər arasında fikir ayrılığı yoxdur.
 
Lavrovu başa düşdük. Son illər ərzində, əslində Medvedyevin vasitəçiliyi dönəmində bu işlərin uğurla başa çatmasını elə Lavrov da sabotaj etmişdi və o bu məsələni ermənilərin arzusuna uyğun olaraq firladır.
 
Bəs Azərbaycan nə deyir? Eyni mövqeni də Elmar Məmmədyarov nümayiş etdirir. Onun baxışı Azərbaycanın yox, yumşaq desək vasitəçilərin baxışıdır. Bu baxışlarla tanış olan şəxsdə yaranan ilk fikir budur ki, sanki bu fikrin sahibi neytral ölkəni təmsil edir, Azərbaycanı yox. Baxın, Azərbaycan diplomatiyasının lideri Lavrovla mətbuat konfransı zamanı nə deyir (XİN saytında verilən kimi isnad edirəm): “Belə ki, bütün ideyalar – masa üzərindədir. Biz bütün mövcud ideyaların cəmindən konfliktin tərəfləri üçün qəbul olunan vahid bir sənəd ortaya qoymalıyıq. Bu sadə məsələ deyil. Bu problemin həlli asan olsaydı, biz bunu çoxdan həll etmişdik”.
 
Bundan sonra erməniyə nə deyək? Biz artıq heç bir beynəlxalq toplantıda Ermənistanı məhkum edə bilmirik. Çünki hamı E. Məmmədyarovdan sitat gətirir. Onun dediyi kimi:“məsələ asan olsaydı çoxdan həll olunmuşdu, siz niyə Ermənistanı günahlandırırsınız, məsələnin mürəkkəb olduğunu sizin nazir də həmişə deyir”-deyirlər.
 
Elmar Məmmədyarov bu sahədə mübarizə aparan bütün azərbaycanlıları ofsaydda qoyub. Biz, ermənilər qarşısında arqumentsiz qalmışıq. O nə danışır, hansı dövlət işğalçı ilə bu dildə danışır? O zaman E. Məmmədyarova mənim iki sualım var: bəs, siz 2004-cü ildən bəri ermənilər ilə nə danışırsınız? Üç ildən bir bu məsələni yerindən tərpətmək lazımdır deyirsiniz, o zaman bəs erməni ilə görüşəndə nə haqda danışırsınız? Bunu, yalnız mən deyil, bütün işğal əhalisi sizdən soruşur?
 
İkinci sual: Sizə bu “məsələ”-ni həll etmək üçün neçə yüz il lazımdır?
 
Elxan Mehdiyev –siyasi təhlilçi

11:34