“Kürd bumeranqı” Rusiyanı parçalayacaq: “21 subyektə qarşı müharibə elan etmək mümkün olmayacaq”

 

Rusiya müstəqil kürd dövlətinin yaradılması ilə bağlı sentyabrın 25-də keçirilmiş referenduma dair mövqeyini hər an dəyişə bilər. Hazırda rəsmi Moskva İraqın ərazi bütövlüyünü tanıdığını və referendumun nəticələrini tanımadığını bəyan edir. Rusiya prezidenti Vladimir Putinin sentyabrın 28-də Türkiyəyə səfəri zamanı da İraq regional Kürd Muxtariyyatının keçirdiyi referendumun nəticələrinin tanınmadığı bir daha vurğulanıb. Ancaq əldə olunan məlumatlar Kremlin qeyd edilən açıqlamasının taktiki planda atılmış bir addım olduğunu göstərir.
 

Məsələyə strateji yanaşmada isə Moskvanın mövqeyinin İraq, Tükiyə, İran və Suriyadan fərqləndiyi, yəni “ müstəqiil Kürdüstan”ı tanımağa hazır olduğunu nümayiş etdirir. Moskva Kürdüstanın müstəqilliyini şərtlər daxilində dəstəkləyir. “Moskva hesab edir ki, İraq Kürdüstanındakı referendum kürd xalqının perspektivinin və ideallarının ifadəsidir”-Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. Eyni zamanda, S.Lavrov Kürdüstan Muxtariyyətinin rəhbərliyinə bu addımı atarkən siyasi, geosiyasi, demoqrafik və iqtisadi nəticələrini nəzərə almağı tövsiyə edib. Rusiya Qərbin böyük güclərindən və İsrail istisna olmaqla Yaxın Şərq ölkələrindən fərqli olaraq, referendumun nəticələrini qanunsuz və konstitusiyaya zidd adlandırmayıb. Bu baxımdan, Rusyanın Ərbildəki konsul-müşaviri Yevgeni Arjansevin açıqlaması Kremlin referenduma münasibətdə İraq, Türkiyə, İran və Suriya qarşısında heç də səmimi olmadığından xəbər verir. Yevgeni Arjansev Rusiyanın Kürdüstanın müstəqilliyi il bağlı xalqın qərarına hörmətlə yanaşacağını deyib.

“Kurdistan24” agentliyinin İraq, Türkiyə, İran və Suriyanın referendumun keçirilməsinə yol verməmək üçün Rusiyaya təzyiq etməsi barədə sualına konsul belə cavab verib: “Hər bir tərəf öz maraqlarından çıxış edir. Biz müstəqillik referendumunun keçirilməsinə qarşı çıxan ölkələrin rəyini bölüşmürük. Əgər Kürdüstan xalqı müstəqilliyi seçməli olsa, biz bu qərara hörmətlə yanaşmalıyıq”.

Eyni zamanda, prezident Vladimir Putin İraqın ərazi bütövlüyünə hörmət etdiyini və bu mövqeyinə sadiq olduğuna dair bəyanatlar verir. Rusiyanın İraq Kürdüstanının müstəqilliyi məsələsində fərqli yanaşma nümayiş etdirməsi problemin həllində iki istiqamətin olması ilə izah edilir.

Birincisi, Rusiyanın İraqın ərazi bütövlüyünü dəstəkləməsi real vəziyyətdən çıxış edərək ortaya qoyulan mövqedir. Moskva bir tərəfdən kürdlərin Suriya böhranının həllinə dair Cenevrə danışıqlarına cəlb olunmasına çalışır. Suriya probleminin Rusiyanın siyasi patronajlığı altında həllinə nail olmaq istəyən Kreml danışıqlar prosesində münaqişə tərəflərindən biri kimi kürdlərin təmsil olunmasınıda maraqlıdır. Ancaq Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təzyiqləri nəticəsində kürdləri Astanadakı beynəlxalq müzakirələrə dəvət edə bilmədi. Rusiya anlayır ki, Tehran, Ankara və Dəməşq, Kremlin mövqeyindən narazıdır. Bununla yanaşı, onlar kürd məsələsinin həlli üçün konkret heç nə təklif edə bilmir. Türkiyə İraq Kürdüstanından Rusiyanın köməyi ilə həyata keçirilən neft idxalında maraqlıdır. İranın isə ABŞ-ın artan təzyiqləri qarşısında Rusiyaya ehtiyacı var. Kürdlərin müstəqillik qazanmasının təhlükəli nəticə doğurmayacağına dair fikirlər İranda daha tez-tez səslənir. Portuqaliyanın “Publico” nəşri qeyd edir ki, Putinin 2007-ci ildə Ərbildə baş konsulluq açması İraq Kürdüstanı ilə birbaşa əlaqə yaratmaq məqsədi daşıyırdı. “Rosneft” şirkəti mərkəzi Bağdad hökumətinin mövqeyini öyrənmədən İraq Kürd Muxtariyyətinin rəhbərliyi ilə 2017-2019-cu illərdə neft alqı-satqısısı müqaviləsi imzalayıb. Moskva bu addımı ilə İraqın konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini növbəti dəfə pozub. Bu ilk növbədə, İraqın federativ quruluşunun pozulmasına xidmət edir, ölkədə sülhün və təhlükəsizliyin bərqərar olmasına mane olur. İraq Kürdüstanı muxtariyyətini itirir və kvazi- müstəqil dövlətə çevrilir.
İkincisi, hərbi gücə və zəngin təbii sərvətlərə sahib olan kürd əhalinin sayı onlara gec-tez müstəqil dövlət qurmaq imkanı verir. Bu baxımdan, kürdlər ABŞ-a “Böyük Orta Şərq” layihəsini həyata keçirməyə kömək edə bilər. Kürdlərin müstəqil dövlət qurması 1916-cı il may ayının 16-da imzalanmış və Böyük Britaniya, Fransa, Rusiya və sonradan bu müqaviləyə qoşulmuş İtaliyanın Yaxın Şərqdəki maraq dairəsini müəyyən edən Sayks-Piko sazişinin iflasa uğramasına gətirib çıxara bilər.

Üçüncüsü, qeyd etmək lazımdır ki, İraq Kürdüstanı ABŞ və Rusiya arasında “nifaq alması” deyil. Lakin Amerikanın və Rusiyanın neft şirkətləri İraqda dinc yanaşı fəaliyyət göstərir. Moskvanın İraq Kürdüstanında mövqeyinin güclənməsi Ankara, Bağdad, Dəməşq və Tehranla münasibətlərə mənfi təsir göstərə bilər.

ABŞ referendumunn nəticələrinə qarşı çıxdıqdan sonra isə Kürdüstan regional hökumətinin rəhbərliyi “Rosneft”ə neft yataqlarının işlənilməsinə dair meqa kontrakt imzalamağı təklif edib. “Rosneft” İraq Kürdüstanında müxtəlif layihələr həyata keçirir. Hətta bölgədə neft yataqlarının işlənilməsi üzrə ölçülərinə dair Amerikanın “Exxon Mobil” neft-qaz şirkətinin fəaliyyətini üstələyir. Kürd nefti çox ucuz başa gəlir. Rusiya şirkəti isə həmin nefti öz zavodlarında emal etməklə beynəlxalq şəbəkədə onun səmərəliliyini daha da artırmağa çalışır. “Rosneft” eyni zamanda, Avropaya “mavi yanacaq” ixracını nəzərdə tutan və ötürücülük qabiliyyəti 30 milyard kubmetr olan təbii qaz boru kəmərinin çəkilməsi üçün Bərzani hökuməti ilə danışıqlar aparır. Kəmər bölgədəki elektrik stansiyalarını təbii qazla təmin edəcək. Avropa bazarına tədarük ediləcək yanacağın Türkiyə ərazisindən nəqli planlaşdırılır. Təbii qaz layihəsi reallaşarsa, cənab Ərdoğan Putinlə daha da yaxınlaşmağa məcbur olacaq.

Kürd Regional Muxtariyyatı İŞİD üzərində qələbədən sonra neftlə zəngin Kərkük əyalətinə nəzarəti ələ keçirməyə çalışır. Rəsmi Bağdad isə Kərkükə nəzarəti geri qaytarmaq istəyir. Bağdad və İraq Kürdüstanı arasındakı münasibətlər hipotetik baxımdan, neqativ geosiyasi nəticələrə və bölgədə yeni müharibəyə gətirib çıxara bilər.

Əslində, Rusiyanın “kürd kartı”nı əldən verməyəcəyi gözlənilən idi. Çünki kürd amili Rusiyanın əlində Türkiyəyə qarşı ən böyük təzyiq vasitəsi kimi istifadə olunub. Birinci Dünya Müharibəsinin başa çatması və Osmanlı İmperyasının dağılmasından sonra bolşevik Rusiyası ilk dəfə kürdlərin öz müqəddaratını təyinetmə məsələsini siyasi gündəmə gətirib. 1922-ci ildə isə Moskvanın siyasi dəstəyi ilə Azərbaycanda “Qırmızı Kürdüstan” adlı separatçı muxtar ərazi vahidi elan edilib. Kürd terror təşkilatlarına maliyyə və silah dəstəyi verilməsi SSRİ-nin Yaxın və Orta Şərq siyasətində xüsusi yer tutub. Hazırda həmin siyasət davam etdirilir. Rusiya İraqın və Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu bəyan etsə də, faktiki olaraq, kürdlərlə birbaşa əlaqələrini davam etdirir. Bu məsələdə İraq hökumətinin və Bəşər Əsəd rejiminin rəyi nəzərə alınmır. Moskvada həm PYD terror təşkilatının, həm də Bərzani hökumətinin nümayəndəliyi fəaliyyət göstərir. İndi isə konsul Arjansevin açıqlaması Rusiyanın kürd separatizminə və terroruna dəstəkdən imtina etmək niyyətində olmadığını bir daha təsdiq edir. Kreml hər an Kürdüstanın müstəqilliyini tanıya bilər. Bu gün isə referendumun nəticələrini müvəqqəti olaraq tanımamaqla Türkiyə, İraq, Suriya və İrana təzyiq vasitəsini əlində saxlayır. Ancaq görünür, müstəqil kürd dövlətinin yaranmasında maraqlı olan Putin iqtidarı Rusiyanın federativ dövlət olmasının fərqində deyil. İraqın üç hissəyə bölünərək yerində Kürdüstan dövlətinin qurulmasına müsbət baxan Rusiya yalnız Dağıstanda yüzə yaxın xalqın yaşadığını nəzərə almalıdır. 1990-cı illərdə Rusiyanın kiçik bir federativ subyekti olan Çeçenistanda başlanan milli-azadlıq mübarizəsi bütün federasiyanı dizə gətirmişdi. İndi İraqdakı presedentin Rusiyanın bütün federal bölgələrinə keçməsi Kreml üçün qarşısıalınmaz bir prosesə çevrilə bilər. Cənab Putin nəzərə almalıdır ki, qonşudakı alova barıt tökmək daha təhlükəli nəticələrə gətirib çıxaracaq. Həmin alov onun da evinə keçə bilər. O zaman Rusiya Federasiyasının 21 subyektinə qarşı müharibə elan emək mümkün olmayacaq.

 

Müşfiq Abdulla

 

09:35