Kənd təsərrüfatı: ixtisaslı kadrlar niyə çatışmır?

 

 

Azərbaycan artıq bir neçə ildir ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün səylər göstərir. Bu sahə üçün strategiyalar təsdiqlənir, kənd təsərrüfatı təşviq edilir, fermerlərə kreditlər verilir.

Ancaq bu sahənin inkişafı üçün mövcud olan əsas problemlərdən biri mütəxəssislərin çatışmazlığıdır.
 

Təhlilçilər bunun səbəbini kənd təsərrüfatı sahəsinin prestijli hesab edilməməsində görür.

Hökümət isə kənd təsərrüfatı ixtisasını cəlbedici etmək üçün addımlar atsa da, bu ixtisas üzrə təhsil alan tələbələrin sayı hələ də barmaqla sayılacaq qədərdir.

Mütəxəssis "tapılmır"

Yeddi ildir ki, 10 hektar ərazisində alma yetişdirən bir fermer ixtisaslı aqronom tapa bilmir.

"İxtisaslı əməkdaşları tapmaq çox çətindir və ordan-burdan soruşmalı oluram. Bir vaxt mən hətta kiminsə təhsili üçün nəinki Gəncədə, hətta İsraildə də ödəniş etməyə hazır idim, amma arzuedənlər tapılmadı", - adını açıqlamağımızı istəməyən bir fermer bizə danışır.

"İşçimin oğlu əsgərlikdən gəldi və mən onun aqronom təhsili alması üçün pul verməyi təklif etdim. O isə mənə dedi ki, yaxşı olar ki, mənə avtomobil alın, taksiçilik edərəm", o deyir.

Başqa bir fermer Zakir Kərimov isə deyir ki, istixana işlətmək sərf etmir: "Çünki onu bacaran da yoxdur, vərdişimiz yoxdur".

"Prestijli deyil"

Fəaliyyətini genişləndirmək və ya istixana yaratmaq istəyən müsahiblərimiz ixtisaslı kadrların çatışmazlığından şikayətlənən yeganə fermerlər deyil. Onların sözlərini təhlilçilər də təsdiqləyir. Fermerlər məhsullarını onların yetişdiyi mövsümdə satmağa çalışır.

İqtisadçı Natiq Cəfərli qeyd edir ki, kadr çatışmazlığına görə, Azərbaycanda məhsuldarlıq Avropa ölkələrindən 3-4 dəfə aşağı olur. "Bununla yanaşı, Azərbaycanın şumluq ərazisi çox deyil", deyə o əlavə edir. İqtisadçı Toğrul Maşallı isə səbəbi nəinki aqronomluğun, kənd təsərrüfatı ilə əlaqəli istənilən sahənin prestijli hesab edilməməsində görür.

"Bakı Dövlət Universitetində dərs verərkən, "Kənd təsərrüfatının iqtisadiyyatı" adlı fənn saldılar, amma tələbələrin marağı yox idi", cənab Maşallı BBC Azərbaycancaya bildirib.

O əlavə edir ki, dövlətin kənd təsərrüfatı strategiyası da kadr çatışmazlığından təsirlənir.

"Xüsusilə söhbət arıçılıqdan gedir. Kəndlilər bal məhsulunun 100 faizini yığır, ondan sonra arılar ölür, onların yerinə isə yenilərini gətirirlər. Bunun üçün Azərbaycan hər il arı idxal etməli olur, bu belə olmamalıdır."

Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən ixtisaslı kadrların artırılması üçün planlar barədə məlumat almaq mümkün olmayıb.

"Aqronomluqda pul var"

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Bağçılıq kafedrasının müdiri, aqronom ixtisasından dərs deyən əməkdar müəllim Hüseyn İdrisovun sözlərinə görə, son zamanlar bölgələrdə istixanalara və fermerliyə maraq artdığından kadrlara ehtiyac yaranıb.

Lakin o, bu çatışmazlığın regionlardan asılı olaraq yarandığını qeyd edir.

"İstixanaların genişlənməsi ilə əlaqədar ola bilər ki hansısa bölgədə mütəxəssis çatışmazlığı olsun. Quba-Xaçmazda istixana demək olar ki, olmayıb və onlar üçün bu, yenilik ola bilər", Hərçənd İdrisov onu da bildirib ki, sırf istixana mütəxəssisi hazırlayan ixtisasın açılması təqdirə layiq olardı. Dərs dediyi ixtisas üzrə rəqəmləri xatırladan cənab İdrisov qeyd edir ki, təşviqedici addımlardan sonra tələbələrin sayında artım olub.

"Keçən il 3 nəfər, bu il 4 nəfər aqronomluq ixtisasını bitirdi. Növbəti ildə 32 nəfər və daha sonrakı ildə 61 nəfər bitirəcək".

Hüseyn İdrisov əlavə edir ki, bu artım, dövlətin aqrar sahəyə, xüsusən aqronomluğa olan marağı, 2 ildir 11 kənd təsərrüfatı ixtisası üçün təhsil haqqının tələb edilməməsi və təqaüd verilməsi, tələbələrin marağı, yerlərdə kütləvi surətdə iş yerinin açılması və nisbətən yuxarı maaşın təklif edilməsi ilə əlaqədardır.

"Üç il bundan qabaq 150 balla uşaq axtarırdıq, amma keçən il minimum keçid balı 200-dən çox olub."
 

Maaşa gəldikdə isə o, bildirir ki, günaşırı aqronom məsləhəti görməklə bağlı müraciətlər edilir. "Bu gün mənə dörd yerdən zəng ediblər, üç istixana və bir açıq sahə üçün aqronom yönəltmişəm. Aqronomluqda pul var, maaş yüksəkdir", deyən cənab İdrisov əlavə edir ki, yeni başlayanlar sınaq müddəti üçün 500 AZN, sonrakı aylar üçün 800-1500 AZN və hətta 5000 manatadək maaş ala bilirlər. Ölkədə aqrar sahədə ixtisaslaşmış ADAU-da bu il 1370 ixtisas yeri müsabiqəyə çıxarılıb. Bu, ötən ilkindən 95 yer çoxdur. Bu yerlərdən 600-u dövləti sifarişi ilədir. 2016-cı ilin dekabrında təsdiqlənən və yaxın 10 ildə kənd təsərrüfatı sahəsində inkişafı planlayan strateji xəritədə qeyd olunur ki, ölkədə aqrar təhsilə maraq hələ də istənilən səviyyədə deyil və onun artırılması aktual vəzifələrdən biridir. Proqrama əsasən 2020-ci ilədək bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz artması proqnozlışdırılıb.

Bbc.com

10:02