İsveçrədə əcnəbilər üçün bank sirri ləğv edildi

Vergidən yayınan şəxslərə qarşı aparılan mübarizəni gücləndirmək məqsədilə İsveçrə də yanvarın 1-dən əcnəbi müştəriləri üçün bank sirrini ləğv edəcək. Gələn ilin əvvəlindən başlayaraq yerli rəsmi qurumlar əcnəbi müştərilərin məlumatları və bank hesabları ilə bağlı sorğulara cavab ala biləcəklər. 2018-ci ildən başlayaraq xarici ölkələrin vergi orqanları ilə informasiya mübadiləsi mümkün olacaq. “Çirkli və qara” pulların yatırılması üçün dünyada ad qazanan İsveçrə beynəlxalq təzyiqi nəzərə alaraq bir il bundan əvvəl avtomatik informasiya mübadiləsi sisteminə qoşulacağını bəyan etmişdi. Həmin sistemə dünyanın artıq 100-dən çox ölkəsi qoşulub. Yeni sistemin şərtlərinə görə, gələn ilin əvvəlindən başlayaraq İsveçrə bankları əcnəbi müştərilərin bank hesabları ilə bağlı bütün məlumatları, eləcə də hesablardakı vəsaitin verdiyi mənfəəti yerli maliyyə qurumlarına bildirməlidirlər. Həmin məlumatların mübadiləsi isə hər il bu sistemə qoşulmuş ölkələr arasında aparılacaqdır. Bununla da avtomatik informasiya mübadiləsi sisteminə qoşulmuş dövlətlər öz vətəndaşlarının İsveçrə, eləcə də digər ölkələrdə bank hesablarının olub-olmaması haqqında məlumat əldə edəcəklər. Çirkli pulların gizli hesablarda yatırılması onilliklər boyu İsveçrə bankları üçün gəlirli biznes idi. Müştərilərin çoxu üçün yatırılan vəsaitin verdiyi mənfəətdən çox, bank hesablarının məxfiliyi əsas önəm daşıyırdı. Lakin son illərdə beynəlxalq maliyyə bazarında baş verən dəyişikliklər və getdikcə artan təzyiqlər İsveçrəni də öz bank sistemindəki məxfiliyi yenidən nəzərdən keçirməyə vadar edib.

Xudaferin.eu

11:43