İşğaldan azad edilən ərazilərin bərpa planı - ekspertdən təklif

İqtisadçı-alim: “Bu, çox qürurverici proses olacaq; yeni smart şəhərlərin salınmasına üstünlük verməliyik”

Azərbaycan Ordusu bütün cəbhə boyu Ermənistan yaraqlılarına ağır zərbələr endirərək torpaqlarımızı işğaldan azad edir. Artıq Füzuli, Cəbrayıl rayonları, Ağdərə, Xocavənd rayonlarının bir hissəsi düşmən işğalından azad olunub. Ölkə Prezidenti İlham Əliyevin bildirdiyinə görə, müzəffər ordumuz bütün torpaqlarımızı yağı işğalından azad etmədən dayanmayacaq. Bu isə tezliklə azad olunan torpaqların bərpası məsələsinin gündəmə gəlməsi deməkdir.

Azərbaycan cəmiyyətində azad olunacaq torpaqlarda bərpa-yenidənqurma işlərinin aparılması məsələsi dəfələrlə müzakirə olunub. 2016-cı ildə düşmən əsarətindən qurtarılan Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində aparılan sürətli bərpa işləri göstərdi ki, Azərbaycan hökuməti Ermənistan tərəfindən dağıdılan yaşayış məntəqələrinin bərpası istiqamətində ən qısa zamanda zəruri addımları atmaq niyyətindədir. Lakin nəzərə alsaq ki, Dağlıq Qarabağ və ətraf rayonlarda 721 şəhər, qəsəbə və kənd tamamilə yer-yeksan edilib, onda Azərbaycanın təkbaşına bu qədər yaşayış məskənlərini qısa müddətdə bərpa etməsinin qeyri-mümkün olduğunu görərik.

Azər Mehtiyev

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin “Yeni Müsavat”a dediyinə görə, işğaldan azad edilmiş ərazilərin bərpasına strateji yanaşılmalıdır: “Necə ki, o ərazilərin azad olunmasına strateji yanaşıldı, eləcə də bərpa məsələsi də eyni yanaşma tələb edir. Nəzərə almaq lazımdır, söhbət kifayət qədər böyük və çox müxtəlif relyefli ərazidən gedir. Bu ərazilərdə həm şəhərlər var, həm kəndlər, həm qəsəbələr və onların hər biri ayrıca yanaşma tələb edir. İkinci tərəfdən, işğal olunmuş rayonlarda torpaq islahatları aparılmamışdı. İndi bu ərazilərdə torpaq islahatı həyata keçiriləcəkmi? Keçiriləcəksə, necə, hansı prinsiplərlə aparılacaq? Üçüncü məsələ budur ki, biz müəyyən etməliyik ki, işğaldan azad olunan ərazilərimizdə sovet dövründən qalma kəndləşmə siyasətinəmi qayıdacağıq, yoxsa müasir məskunlaşma prinsiplərinə uyğun hərəkət edəcəyik? Müasir məskunlaşma prinsipləri bundan ibarətdir ki, ayrı-ayrı kiçik kəndlər deyil, böyük qəsəbələr salınır. Torpaqlardan istifadədə fermer təsərrüfatlarına üstünlük verilir. Digər məqam bizim şəhərsalmada da müasir çağırışları nəzərə alıb-almamağımızdır. Düşünürəm ki, biz yeni smart şəhərlərin salınmasına üstünlük verməliyik”.

İqtisadçı-alimə görə, işğaldan azad olunmuş ərazilərdə rayonlaşmaya deyil, pilot qaydada regional idarəetməyə keçilməlidir: “Biznesin inkişafına gəldikdə, ərazilərdə bunun üçün bütün infrastrukturun yaradılmasında ağırlıq yəqin ki, dövlətin üzərinə düşəcək. Amma iş yerlərinin yaradılması məsələsi bütünlüklə biznesə həvalə olunmalıdır. Dövlət biznesi stimullaşdırmaqla kifayətlənməlidir. Bundan başqa, sənayeləşmə, turizmin inkişafı məsələlərinə bərpa prosesində xüsusi diqqət yetirilməlidir. Əvvəlcədən hansı ərazidə turizmin, hansı ərazidə sənayenin inkişafına üstünlük veriləcəyi müəyyən olunmalı, bərpa prosesi bunun əsasında aparılmalıdır. Bütün bu qeyd etdiklərim çox ciddi strateji planlaşmanın olmasını tələb edir. Buna görə də artıq müvafiq komissiyalar yaradılmalı, onlar planlaşma işlərinə başlamalıdır. İşlər elə planlı aparılmalıdır ki, xaotik tikintilərin aparılmasına yer olmasın. Bütün qəsəbə və şəhərlər üzrə inkişaf planları hazırlanmalıdır”.

A.Mehtiyevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə Dağlıq Qarabağ münaqişəsinin tarixi, işğalın əhaliyə, dövlətə, infrastruktura vurduğu zərəri, həmçinin ərazilərin işğaldan azad olunması uğrunda həyatını qurban verən insanların xatirəsini əks etdirən böyük memorial kompleksi yaradılmalıdır: “Bu kompleksdə işğal nəticəsində, həmçinin işğaldan azad olunma uğrunda döyüşlərdə həyatını itirənlərin hamısının ad-familiyası qeyd olunmalıdır”.

Birlik rəhbəri ərazilərin bərpa olunması planının hazırlanmasında iştirakın bir qürur məsələsi olduğunu deyir: “Bu, qürurverici bir proses olacaq və orada iştirak hər kəs üçün arzuolunan bir işdir. Bu prosesə hansısa formada cəlb olunarıqsa, bu, bizim üçün həqiqətən çox xoş olardı. Nəinki xoş olardı, biz bunu ürəkdən arzulayardıq”.

xudaferin.eu

11:02