İran mollakratiya rejimindən Güney Azərbaycana daha bir xəyanət

 

 

Ölkə parlamentində Türk sözünə qarşı gizli nifrət notları üzərində yeni siyasət yaradılır

İran mollakratiya rejiminin parlamentində təmsil olunan Tərbiz millət vəkili Şəhabəddin Bimiqdar “Türk Bölgələri Fraksiyası”nın yerinə başqa bir layihənin gündəmə gətirildiyini bildirib. Amma Urmudan olan millət vəkilləri “Türk Bölgələri Fraksiyası”na qarşı zərif və incə  həssaslıqlara baxmayaraq fəaliyyətə davam edəcəklərini açıqlayıblar. Bu məsələ ilə bağlı Urmu bölgəsindən olan hər üç millət vəkili Tehran rejiminin oyunları ilə razlaşmayacaqlarını bildiriblər.

Ölkə parlamentinin muhafizəkarlar qanadını təmsil edən Urmu millət vəkili Nadir Qazipur fraksiyanın fəaliyyətə davam etdiyini söyləyib. Digər mühafizəkar millət vəkili Ruhullah Həzrətpur parlamentdə “Türk” adına həssaslığın olmadığını bəyan edərkən, islahatçı vəkil Hadi Bahadıri “Türk” adına qarşı həssaslığın mövcud olduğunu, amma buna baxmayaraq fraksiyanı ayaqda tutmağa çalışdıqlarını ifadə edib.
​“Fraksiyanın adı Türk Bölgələri Fraksiyasıdır. Biz sözümüzün üstündəyik,” deyə Hadi Bahadıri söyləyib. Bu açıqlamalardan sonra Tərbizin islahatçı millət vəkili Bimiqdar deyib ki: “Məclisin başqanlıq heyəti fraksiyanın fəaliyyətinə icazə verməyib. Buna görə, bəzi millət vəkilləri həssaslıqları aradan qaldırmaq üçün fraksiyanın adının “Şimal-Qərb Vilayətləri Fraksiyası” olmasını təklif edirlər. Əlbəttə mən bunu qəbul etmirəm.”

Amma muhafizəkar vəkil Ruhullah Həzrətpur başqanlıq heyətinin “Türk Fraksiyası”nın fəaliyyətinə icazə verdiyini irəli sürür.

“Türk Bölgələri Fraksiyası” ilə bağlı ziddiyyətli açıqlamalar yayımlanarkən, fraksiyanın başqanı Məsud Pezeşkian və sözçüsü Zəhra Sai indiyədək hər hansı izahat verməyiblər.

Urmulu vəkillər həmçinin Həsən Ruhaninin məclisə təqdim etdiyi yeni nazirlər siyahısı haqqında danışıblar. Həzrətpurun bildirdiyinə görə, “yeni kabinetdə Azərbaycanın sərhəd vilayətlərindən olan türk siyasətçilərə yer verilməyib, amma digər vilayətlərdən olan bir neçə türk nazirin adı siyahıda mövcuddur.”

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:28