İndoneziyada Şuşanın Ermənistan tərəfindən işğal olunmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

 

Azərbaycanın İndoneziyadakı səfirliyində Şuşanın Ermənistan tərəfindən işğal olunmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən verilən məlumata görə, müxtəlif gənclər təşkilatları, tələbələr assosiasiyaları, QHT nümayəndələri, müstəqil gənc tədqiqatçılar, yazıçılar və jurnalistlərin iştirakı ilə baş tutan tədbirdə ümumi olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü, digər işğal edilmiş ərazilərdə olduğu kimi, Şuşa şəhərində də bəşəriyyətə, tarix və mədəniyyətə qarşı törədilmiş cinayətlərdən bəhs edilib.

Şuşa şəhərinin tarixi, Azərbaycan mədəniyyətində, İslam tarixində və mədəni irsindəki əvəzolunmaz məqamı haqqında məlumat verilib. Ermənistanın Azərbaycana qarşı təcavüzünə beynəlxalq ictimaiyyətin rəyi, hüquq və normaların tələbi və sair müxtəlif aspektlərdən yanaşılaraq müzakirə olundu və çoxsaylı suallara cavab verilib. Tədbir iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətlərin İndoneziya ictimaiyyətinə çatdırılması üçün öz fəaliyyət sahələrində səy göstərəcəklərini qeyd ediblər.

Həmin gün, İndoneziyanın nüfuzlu “Kiblat” xəbər və araşdırma portalı, eləcə də “Islampos”, “haripanpublik”, “kabarviral”, “dakta”, “JURNALISLAM”, “arrahmah” və digər xəbər portallarında Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib. Xüsusilə də regionun müsəlman əhalisi arasında böyük nüfuza malik olan portallardakı məqalənin başlığı “Şuşa şəhərinin işğalının 25 ili: Məscid donuz tövləsinə çevriləndə” adlanır.

Məqalədə ilk olaraq qeyd edilir ki, 8 may gününün tarixi bir an olduğunu çoxları bilmir. 25 il əvvəl bu tarixdə Şuşa adlı kiçik bir şəhər işğal olundu. Əhalisinin əksəriyyətinin etnik azərbaycanlı müsəlman təşkil edən bu şəhər Azərbaycanın Dağlıq Qarabağ regionunun şəhərlərindən biridir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal edildi, yüzlərlə azərbaycanlı dinc əhaliyə divan tutuldu, öldürüldü, qədim İslam mədəni abidələri dağıdıldı. Daha sonra Şuşanın tarixindən bəhs edən məqalə, şəhərin 18-ci əsrdə Pənah Əli xan Cavanşır tərəfindən salındığını və Azərbaycanın Qarabağ xanlığının paytaxtı olduğunu bildirir. Şuşanın Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatının beşiyi kimi xarakterizə edən müəllif bu şəhərin yetirdiyi şəxsiyyətlərdən ilk müsəlman opera bəstəkarı kimi Üzeyir Hacıbəyovu, Azərbaycanın operasının banisi Bül-Bülün, Azərbaycan muğamının ustadı Cabbar Qaryağdının, daha sonra müğənni Rəşid Behbudovun, bəstəkarlar Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Fikrət Əmirovun, Fərhad Bədəlbəylinin, Seyid və Xan Şuşinskinin, yazıçılar Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və şairə Xurşidbanu Natəvanın adlarını sadalayır.

Qısa tarixi məlumatdan sonra müəllif yenidən Şuşanın işğal faktına geri dönür və qeyd edir ki, Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı geniş miqyaslı hərbi təcavüzünün və etnik təmizləmə siyasətinin bir hissəsi idi. Bu siyasətin nəticəsi olaraq, Azərbaycanın 20 faiz əraziləri Ermənistan tərəfindən işğal olundu və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildilər. Müəllif qeyd edir ki, Ermənistan ordusu Azərbaycanın Xocalı şəhərini işğal edib orada soyqırımı törətdikdən sonra Şuşa şəhərinə hücum etdilər. Şuşadakı İslam tarixi abidələrini dağıtdılar, oradakı məscidləri donuz tövləsinə çevirdilər. Bu faktları sübut edən fotoşəkillər məqaləyə əlavə edilib.

Müəllif onu da vurğulayır ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası 4 dəfə (822, 853, 874 və 884) Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzü dayandırmağa, Azərbaycan ərazilərini qeyd şərtsiz tərk etməyə tələb etsə də, Ermənistan ona dəstək verən bəzi xarici himayədarlara arxalanaraq bu qətnamələrə məhəl qoymur, əksinə, bu təcavüzün nəticələrini leqallaşdırmaqla məşğuldur.
Məqalənin sonunda müəllif bütün ölkələrin, xüsusilə də müsəlman ölkələrini Azərbaycana yüksək dəstək verməyə səsləyir. Ermənistan hökumətini isə, öz xalqına xidmət etməyə - qonşu Azərbaycana qarşı təcavüzə son verərək həm Ermənistan, həm Azərbaycan, eləcə də bütün region xalqlarının haqqı olan sülhü bərqərar etməyə çağırır.

TREND IA

 

11:25