Hökumətdə komandadaxili savaş: İslahat tərəfdarları ilə əleyhdarlar qarşı-qarşıya

Hökumət rəsmiləri referendumdan sonra ciddi islahatlara gediləcəyini və hətta artıq islahat proqramının hazır olduğunu deyirdilər. Referendum bitdi, nəticələri təsdiq olundu ancaq hökumət islahatlarla bağlı heç bir addım atmayıb. Heç islahatların baş verəcyilə bağlı işartı da yoxdur. Hökumətin indiki məqamda islahata getməsi zəruri hesab olunur. Ən azından ictimaiyyətin gözləntiləri bundan ibarətdir. Ölkədə baş verən ağır böhran nəticəsində bir çox dövlət qurumlarının yarıtmaz fəaliyyəti açıq şəkildə üzə çıxdı. Həmin qurumların dövlət büdcəsi hesabına maliyyələşdiyini də nəzərə alsaq məsələnin ciddiliyi müzakirə predmeti belə deyil. İslahatlar aparılmalıdır və bunu uzatmaq olmaz. Referendumdan sonra hökumətin susqunluğunu qoruması ictimaiyyətdə bir qədər anlaşılmazlıq yaratdı. Çünki islahatların tezliklə aparılacağı gözlənilirdi. Siyasi şərhçilər hesab edir ki, islahatların aparılması üçün işlər tam yekunlaşmayıb. Proqram tam hazır olsa belə, bəzi məsələlər həll olunmalıdır ki, sonradan hakimiyyətin təhülkəsizliyinə zərbə vuracaq amillər olmasın. Ehtimal olunur ki, islahatlar 2017-ci ilin ilk yarısında aparılacaq və o vaxta qədər bütün məsələlər öz həllini tapacaq. Ona görə də hökumət islahatları ləngidir.

“Hökumətin islahat planı yoxdur”

Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə şərhində deyib ki, hakimiyyətdaxili bəzi qüvvələr islahatlara qarşıdır. Onun sözlərinə görə, hələ ki, islahatlara qarşı çıxan tərəf güclü olduğu üçün hökumət islahatlara getmir: “Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin stabil iş qrafiki, planı yoxdur. Azərbaycanda orta, uzun müddətli proqramlar hazırlamağa adət etməyən hakimiyyət var. İstər dövlət ənənələrinin olmaması, istərsə də hakimiyyət anlayışının doğru qavranılmaması səbəbindən ki, bir çox məsələlər məhz birinci şəxs tərəfindən həll olunur. Birinci şəxsin əhval-ruhiyyəsi belə bu islahat proqramının istiqamətini dəyişdirə bilər. Burada hakimiyyətdaxili qruplaşmaların mübarizəsini də nəzərə almalıyıq. Rəqabət predmeti deyəndə söhbət böyük kapitaldan gedir ki, bunun da islahatlara kifayət qədər iqtisadi təsiri olur. Yəqin ki, Azərbaycanda da islahat baş verərsə bir tərəf itirəcək, digər tərəf isə qazancaq. Düşünürəm ki, elan olunub sonradan islahatların gecikdirilməsinin yalnız bir səbəbi var. Elan olunan zaman islahatlarda maraqlı olan quruplaşma daha güclü olur və ona görə bu proqram hazırlanır, elan olunur. O, planlar hazır olduqdan sonra isə qarşı tərəf güclü mövqe nümayiş etdirərsə atıq bütün planların, proqramların üzərindən xətt çəkilir. Odur ki, bu hakimiyyətdən stabillik gözləmək olmaz. Bu hakimiyyət ancaq qruplaşma maraqlarından idarə olunur. Siyasi islahatların aparılması hakimiyyət daxilində nsbətən güclü olan qurupun maraqları ilə üst-üstə gəlmir və ona görə də islahatların aparılması yubanır. Bunu başqa cür analiz etmək olmaz. Belə bir söhbətlər də var idi ki, referendumdan sonra prezident seçkiləri olacaq. Ancaq prezident seçkinin olmayacağını bəyan etdi”.

“Bir nazirin istefası...”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev isə qeyd edib ki, hökumət öz komandasında islahat aparmağa ehtiyat edir: “Hökumət referendumdan sonra ciddi islahatlara gedəcəyini deyirdi. Lakin yenə də ənənəvi olaraq vaxt udmağa çalışan hökumətin bu vədi də puça çıxdı. Ölkədə dəyişən sadəcə dolların məzənnəsi oldu. Əslində hakimiyyət seçkilərdən sonra deyil, seçkilərdən öncə bu islahatları həyata keçirməli idi. Çünki sosial problemlərin günü-gündən artığı bir dönəmdə, sosial partlayışın qarşısını almaq üçün  hökumətin yalnız bir optimal yolu qalırdı, o da siyasi-iqtisadi islahatlar aparmaq. Amma hökumət komandasında islahat aparmağa ehtiyat etdi. Çünki komandadan bir nazirin istefası hakimiyyət piramidasının sökülməsinə gətirib çıxara bilər. Bu isə hakimiyyətin çöküşü deməkdir. Hətta prezident İlham Əliyev Respublika Günündə siyasi islahatların zəruriliyi ilə bağlı çıxış da etmişdi. Görünür, hökumət islahatlardan ehtiyyat edir və daxildən real olaraq parçalanmağa deyil, güclənməyi üstün tutur. Düzdür, müəyyən zamanlarda hökumət islahat adı ilə bir neçə qurumun adını dəyişdirərək yerdəyişmə siyasəti apardı. Bununla cəmiyyətin fikrini dəyişdirməyə çalışsalar da bu istiqamətdə aparılan siyasət islahat sayılmırdı.  Çünki ad dəyişmə xarakterində olan bütün islahatların heç bir nəticə vermədiyinə hər kəs şahiddir”.
AXCP sədrinin müavini AXCP-nin siyasi islahatlarla bağlı təkliflərinə toxunaraq qeyd edib ki, siyasi islahatların aparılması yubadılmamalıdır: “Milli gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb. Buna görə də ölkəni bu ağır durumdan çıxarmaq üçün iqtidar da, müxalifət də daha da səmərəli işləməlidir. Bunun üçün AXCP islahatlarla bağlı hökumətə bir neçə təkliflər proqramı vermişdi. Partiya olaraq düşünürük ki, siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu Azərbaycan hakimiyyətinin qarşısında duran vəzifələrin həlli üçün də bir çətinliyə səbəb ola bilər. Azərbaycanın müasir ölkəyə çevrilməsi üçün siyasi islahat mütləq aparılmalıdır”.

Vilayət Muxtar

20:41