“Heydər Əliyev Fondu”ndan “Hürriyyət”ə dəstək gəldi

I Vitse-Prezident və “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban Əliyeva əməkdaşımız Ənvər Börüsoyu ağır xəstəliyinə görə xüsusi nəzarətə aldı…

“Hürriyyət”in yazarı Ənvər Börüsoy 2019-cu ilin avqust ayından ağ ciyərindəki problemlərə görə müalicə olunur. Təbii olaraq bütün məsrəfləri də səssizcə kimsəyə bildirmədən özü çəkib. O, bir müddət Təbrizdəki məşhur onkoloq həkimlərin yanında müalicə aldı. 2020-ci ilin fevral ayından pandemiyanın ucbatından sərhədlər bağlandığı üçün müalicəsini davam etdirə bilmədi. Həkimlər onun ağciyərinin yuxarı paramediastinal sahəsinin yuxarı pay bronxunun obstruksiya və sağ bronxun invaziya payında total atelektrazına səbəb olan şişlərin olmasını qeyd etmişdilər. Bu, həm də patoliji kütlə sayılır. Ağciyərinin divararalığında paratraxeal, aortapumonar pəncədə və subkarinar sahədə patoloji limfa düyünlər aşkar edilmişdir.

Ötən ilin avqust ayından xəstəliyi də şiddətləndi. Beləliklə yenidən müalicə almaq üçün hərəkətə keçdi. Maddi sıxınıtları ucbatından dostları ona dəstək üçün “Heydər Əliyev Fondu”nun prezidenti və I Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdilər. Onunla görüşüb, durumunun nə yerdə olduğunu öyrənməyə çalışdıq.

– Ənvər bəy, indi səhhətinizlə bağlı vəziyyət nə yerdədir?

– Fiziki baxımdan durumum hələ ki, ürəkaçan deyil. Ancaq yaxşı olmağa çox böyük ümidlərim var. Ruhən sınmamışam.

– Respublikamızın nüfuzlu jurnalist təşkilatları sizə dəstək məqsədi ilə “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdilər. Aradan xeyli müddət vaxt keçib. Sizi arayan oldumu?

– İlk öncə professor Qulu Məhərrəmli, “Azərbaycan Jurnalistlər Birliyi”nin sədri Elçin Şıxlı, “Yeni Nəsil Jurnalistlər Birliyi”nin sədri Arif Əliyev, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov, “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun prezidenti Umud Mirzəyev, “Demokratik Jurnalistlər Liqası”nın sədri Yadigar Məmmədli, “Jurnalist Qadınlar Assosiasiyası”nın sədri Sevil Yusifova, yazıçı-publisist, millət vəkili Aqil Abbas, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfael Becanov və Avropada yayınlanan “Xudafərin” dərgisinin baş redaktoru Elman Mustafazadə kimi uzun illərin təcrübəli və peşəkar jurnalistlərə təşəkkürümü bildirirəm. Müasir Azərbaycan mediasında xüsusi çəkisi və sambalı olan və adlarını çəkdiyim şəxsiyyətlərin təbii olaraq, cəmiyyətimizdə böyük nüfuzu var. Çox sağ olsunlar. Səhətimlə bağlı müraciət olunan ərəfədə Ermənistanın işğalçı qüvvələrinə qarşı aparılan antiterror əməliyatlarının ən qaynar çağı idi. Hamının başı qarışıq idi. Yeddisindən yetmişinə kimi hamı Vətən torpaqlarının azad edilməsi anını yaşayırdı. Bir sözlə, hər kəs bu prosesə cəlb olunmuşdu. Mən də öz-özümə utanırdım ki: “camaat nə hayda, sən nə hayda”. Ona görə də ümidlərimi üzmüş və müalicə almırdım. Ancaq ağrılarım daha da şiddətlənir və sancıdan gecələri yata bilmirdim.

Ötən həftə Milli Onkologiya Mərkəzində olduğum zaman bildirdilər ki, bəs “Heydər Əliyev Fondu”nun və onun rəhbəri Mehriban xanım Əliyevanın xüsusi nəzarəti ilə müalicə məsrəflərinin hamısı Fondun hesabına olacaq. Özü də Fond bu işi səssizcə və qabartmamaq şərti ilə məndən xəbərsiz əfəndicəsinə tapşırıqlar verib. Lap çaşıb qalmışdım. Sağ olsunlar.

– Yəqin müalicə prosesində xərcləriniz çox çıxırdı.

– Tamamilə doğru deyirsiniz. Ancaq bu xəstəlik elə bir şeydir ki, istənilən şəxsdən zəruri xərclər çıxır. Xüsusilə ev şəraitində müalicə alırsansa. Dərman, iynə, tibb bacısı, xüsusi dieta və s. detallara çox da varmaq istəmirəm. Milli Onkologiya Mərkəzində müalicəmlə bağlı zəruri sistem köçürülməsi prosesində iştirak edirəm. Bir də həkimin yazdığı reseptlərə görə hərəkət edirəm.

– Milli Onkologiya Mərkəzində indi durum nə yerdədir?

– Mərkəzin direktoru akademik Cəmil Əliyev, baş həkimi professor Azad Kərimli və birbaşa müalicəmlə məşğul olan peşəkar onkoloq həkim, nadir ziyalılarımızdan biri, dərin tibbi biliklərə və geniş erudusiyaya malik Tahir Tahirova öz adımdan dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar, həssaslıq göstərərək müalicə kursunu müasir standartlar çərçivəsində həyata keçirirlər. Gözləməzdim ki, müalicəmlə bağlı həmkar dostlarımın müraciətinə dövlət səviyyəsində bu qədər həssaslıqla yanaşacaqlar. Belə açıqlama verməyimin təkcə bir mənası var ki, bu şükranlıq borcudur. Əgər kimsə sənə təmənnasız olaraq yardımlarda bulunursa, ona şükranlıq borcunu verməlisən.

– Belə aydın olur ki, bundan sonra müalicənizlə bağlı hər hansı bir çətinliklər gözləmirsiniz…

– Bayaq qeyd etdiyim kimi, ilk müalicə kursuna başladığımız gündən bunun hansı nəticə verdiyini hiss etməkdəyəm. Müalicəm Təbrizdəki sevimli həkimlərimizdən heç də geri qalmır.

– Axı, siz hər zaman iriçəkili məmurları çəkinmədən sərt çəkildə tənqid edən yazar kimi tanınmısınız. İndi bu yumşaqlıq haradandır?

– Mən mətbuatda 34-cü ildir ki, çalışıram. İxtisasca sənətşünas olduğum üçün bu sahədə milli mədəniyyətimizin inkişafına mane olan, onu yad ladların məxrəcinin girovuna çevirən, büroktatik təsir vasitələrlə dövlətimizə qarşı çıxan çetelərlə, milli mədəni sistemimizi dağıdanlarla mətbuat vasitəsilə döyüşmüşəm. Hətta buna görə bir neçə dəfə məhkəməyə verilmişəm. Sonunda qalib çıxmşam. Sərt şəkildə tənqid etdiyim məmurların və mədəniyyət feodallarının heç biri bu gün ortada yoxdurlar. Yenə biz varıq. Lap əvvəlki kimi kimsədən çəkinmədən tənqidi mövqeyimizi ortaya qoyuruq. Çünki hakimiyyət uğrunda deyil, dövlətçilik uğrunda mücadilə aparırıq. Bu da bizim qərəzli mövqedə olmağımıza dəlalət etmir.

– Bəs indi necə, mədəniyyət sahəsindəki kadr dəyişikliklərdən razısınızmı?

– Əsla razı deyiləm. Bunun üçün bir qədər zaman gərəkdir. Peşəkar səviyədə çağdaş dünya mədəni irsinin dəyərlərini bilənlər və bu siyasəti yürütmək bacarığı olanlar iş başına gəlməlidirlər. Mədəniyyət Nazirliyinin kadr islahatları ilə bağlı bizim öncədən təklif etdiyimiz heç bir məsələyə baxılmayıb. Bu, “informasiya bankı”dır.

– Fikrinizi bir qədər şaxələndirə bilərsinizmi?

– Təzə nazir təyin olunub. Nazir Anar Kərimov mədəniyyət üzrə peşəkar mütəxəssis sayılmasa da, ona çox böyük etimad göstərilib. Sosial və humanitar məsələlər üzrə yetkin kadrlardan biridir. Ancaq bu sahədə ən azından peşəkar kadrları cəlb etmək üçün “informasiya bankı”ndan istifadə etməlidir. 16 strukturdan ibarət və 20 şöbəyə malik nazirlikdə bütün sahələrdə islahatlar aparılmalıdır. İtaliyada muzeylərin illik gəliri 10 milyard 628 milyon avrodur. Bu rəqəm İspaniyada 20 milyard dollardır. Almaniya, ABŞ, Norveç, Hollandiya, İngiltərə, Belçika, Avstriya, Polşa, Yaponiya və digər ölkələrdə muzey işinin düzgün təşkili sahəsində çox ciddi gəlirlər mövcuddur.

Bizdə keçmiş sovet rejimi dönəmində olduğu kimi, bu sahədə çalışanlar dövlətdən quruca maaş almaqla vaxtlarını birtəhər keçirməklə məşğuldurlar. Ölkəmizdə 28-dən çox teatr var. Onlara imkan verilməlidir ki, öz gəlirləri ilə ən üstün səviyyədə qazanc əldə etsinlər. Keçmiş nazir Əbülfəs Qarayevin səbatsızlığı ucbatından 2001-ci ildən 2020-ci ilə kimi 19 il ərzində Azərbaycan mədəniyyəti iflasa uğradılmışdır. Biz bunun davasını aparırdıq. Çünki onun adicə teatr sahəsində yol verdiyi qanunsuz əməlləri, bütün qanunlara tüpürərək əndrəbadi “direktor teatrı” siyasətini yürütməsi bu həqiqəti çılpaqlığı ilə sübuta yetirdi. Almaniyanın hər şəhərində yerli simfonik və xalq çalğı alətləri orkestrləri, xalq rəqsləri mərkəzləri mövcuddur. Onlar xalqla təmasda olmaqla peşəkar səviyyədə mədəni proseslərdə iştirak edirlər. Bizdə belə hallar yoxdur. Yerli musiqi məktəbləri sadəcə “manıs” yetişdirməklə məşğuldurlar.

– Sizə siyasi partiyalardan və ya xaricdən hər hansı bir dəstək təklif olundumu?

– Mən özüm belə məsələlərdən uzaq dururam. O da bir həqiqətdir ki, Azərbaycanın siyasi və ictimai mühitində köklü partiyalar və vətəndaş cəmiyyətləri ilə hər zaman isti münasibətlərim olub. Ancaq, bununla yanaşı, kimsədən yardım almaq təşəbbüsü ilə müraciətim olmadı. Xaricdə yaşayan çox dostlarım var. Onlarla dost kimi qalmağı üstün tutdum. Təkcə Azərbaycan mətbuatında uzun illər böyük çəki sahibi olan KİV rəhbərlərinə müraciətim oldu. Onlar da mənə gərəkən dəstəyi verdilər. Hər birinə öz adımdan xüsusi təşəkkürümü bildirirəm.

– Xəstəliyiniz bu yazı-pozu işlərinizə mane olmur ki?

– Əsla mane olmur. Bu gün Avropa dövlətləri II Milli İntibah Çağı üçün xüsusi olaraq hazırlıqlar görürlər. Bu, “ETNOFOLK” konspetidir. Yırtıcı kapitalizmin ehtiraşılarının 90 ildir qurbanına çevrilmiş və yaranmış problemlərin aradan qaldırılması yollarını arayırlar. Psixoloji baxımdan fəlsəfi-estetik düzənə köklənmək konseptləri üzərində baş sındırırlar. Elə bil bizi qəsdən Afrika cəngəlliklərinin ibtidai çağına sürükləyirlər. Mədəniyyətlə bağlı ümummilli konsept hansısa məmurun dar düşüncəsinə tabe etdirilməməlidir.

– Sizə tezliklə sağalıb sıralarımıza geri dönmənizi diləyirik.

– Çox sağ olun.

Mənbə:huriyyet.org
Xudaferin.eu

21:34