Hadı Rəcəbli Prezidentin Administrasiyasında cəzalandırıldı

Qarabağ əlilləri haqda aşağalayıcı tonda açıqlama verən deputat Hadı Rəcəbli prezident administrasiyasına çağrılıb. Bu barədə hakimiyyətdəki mənbələrdən xəbər daxil olub. Mənbənin məlumatına görə, PA rəhbərliyi məlum açıqlama ilə bağlı deputatı möhkəm danlayıb və ona bu tip açıqlamlar vermək yasaqlanıb: "Ona izah edilib ki, yalnız deputat olaraq qanunvericiliklə bağlı açıqlamalar verə bilər. Çünki Qarabağ əlillərinin problemi ilə Hadı Rəcəblinin parlamentdə rəhbərlik etdiyi Sosial Siyasət Komitəsi yox, icra strukturları, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğuldur. Bu tip açıqlamalar hökumətin siyasəti kimi yozulur və siyasi hakimiyyətə nüfuzunu zədələyir".

"PA-da möhkəm danlanılan deputata Qarabağ əlilləri ilə görüşüb, onlardan üzrxahlıq etmək tələb edilib" - deyə mənbə vurğulayıb. Artıq H.Rəcəblinin Qarabağ əlilləri, veteranlar və şəhid ailələri ilə görüşəcəyi ilə bağlı xəbər yayılıb. Bununla bağlı Qarabağ Qazilər birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib ki, Hadı Rəcəbli ilə son günlər deputatın mətbuatda Qarabağ əlillərinə dərmanların pulsuz verilməsi və digər məsələlərlə bağlı söylədiyi fikirlərlə əlaqədar bir neçə dəfə telefon əlaqəsi saxlayıb. “Bununla bağlı və geniş müzakirə üçün Hadı Rəcəblinin Qarabag Qazilər birliyi, Vətən Müharibəsi birliyi, Qarabağ Əlilləri, Şəhid ailələri və Veteranları İctimai birliyinin rəhbərləri ilə yaxın günlərdə görüşü olacaq. O özü bu haqda mənə məlumat verdi”.
Yada salaq ki, Hadı Rəcəbli mediaya belə açıqlama verib: “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki! Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı”.

Politika.Az

08:46