Əfqan Muxtarlıya görə Gürcüstanda məmurlar işdən kənarlaşdırıldı

 

Gürcüstanda Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərləri azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən kənarlaşdırılıblar. “Azadlıq Radiosu”nun məlumatına görə, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrishvili iyulun 20-də Əfqan Muxtarlının işi üzrə istintaqa dair keçirdiyi brifinqdə məlumat verib. Nazir bildirib ki, işlə bağlı Daxili İşlər nazirliyi Təhlükəsizlik Nazirliyi ilə birlikdə araşdırma aparıb.

«İctimaiyyətdə istintaqın obyektivliyi ilə bağlı hər hansı tərəddüd olmamalıdır. Ona görə də Təhlükəsizlik nazirliyi ilə birgə belə qərara gəldik ki, sərhəd xidmətinə və əks-kəşfiyyata cavabdeh olan şəxsləri istintaq gedən müddətdə işdən uzaqlaşdıraq. Biz əməkdaşlarımızın bu işdə iştirakının olmadığına əminik, amma istintaq hər hansı versiyanı istisna edə bilməz. İstənilən halda müəmmalı şəkildə sərhəd qaydaları pozulub, ona görə də belə bir qərar qəbul olundu. Həmin məmurların müvəqqəti uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün çox mühüm addımdır».

Nazir onu da bildirib ki, istintaq müddətində 46 videoyazı araşdırılıb: “Yalnız kameraların birində Əfqan Muxtarlı olduğu güman edilən ağ köynəkli birinin 4 nömrəli mikroavtobusa mindiyi görünür. Həmin marşrutda çalışan bütün sürücülər dindirilib və bildiriblər ki, hadisə baş verən gün – mayın 29-u marşrut hərəkət etdiyi yol boyu qeyri-ənənəvi heç nə baş verməyib”.

Nazirin dediyinə görə, həmin vaxt müvafiq küçələrdə olan onlarla şəxslər – dayanacaqda çalışanlar, taksi sürücüləri, ticarətçilər və s. dindiriliblər və hər kəs kimə qarşısa zor tətbiq olunması halının şahidi olmadığını deyib. Əlavə edib ki, iş üzrə şahid qismində dindirilən 343 nəfərdən 61 polis əməkdaşı olub və onlar da həmin tarixdə hər hansı bir şübhəli halın baş vermədiyini bildiriblər. Daxili işlər nazirliyi iyulun 20-də rəsmən elan edib ki, Əfqan Muxtarlının müəmmalı şəkildə Tbilisidən Bakıya aparılması işini araşdırmaq üçün Gürcüstanın Baş Prokurorluğuna təhvil verib. Baş Prokurorluq da öz növbəsində bildirib ki, işi araşdıracaq.

Əfqan Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalistin sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirir ki, sərhəddə cibinə 10 min avro qoyulub. Əfqan Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etmək), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılığa görə) maddələri ilə ittiham irəli sürülüb. Rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Amerikaninsesi.org

09:10