Ermənistan mətbuatı ölkədə əhalinin sayının kəskin şəkildə azalması ilə əlaqədar həyəcan təbili çalır

 

Yerli mətbuatın yazdığına görə, Ermənistanda əhalinin sayı sabit qaydada azalır ki, bu da ölkənin gələcəyini qeyri-müəyyən vəziyyətə salıb. Ölkənin milli statistika xidmətinin cari ilin ötən 9 ayında demoqrafik vəziyyəti əks etdirən rəqəmləri dərc etməsi vahimə yaradır.

Birinci diaqramda göründüyü kimi, 2008-ci ildən başlayaraq doğuşların sayı azalır. Cari ilin 9 ayında isə doğuşların sayı kəskin azalıb. Bu müddətdə Ermənistanda cəmi 27 min 655 uşaq doğulub. Təqdim olunan 2-ci diaqramda isə ölüm sayının artması meyli əks olunub. Cari ilin 9 ayında Ermənistanda 20 min 658 ölüm qeydə alınıb. Lakin rəsmi statistikaya görə, əhalisinin sayı 3 milyondan bir qədər çox olan ölkə üçün bu qədər ölüm sayı faciədən başqa bir şey deyil.

Əhalinin azalmasına dəlalət edən emiqrasiya amili nəzərə alınmayıb. Əgər əhalinin ölkədən birdəfəlik və ya müvəqqəti olaraq köçüb getməsini də nəzərə alsaq, onda vəziyyətin doğrudan da vahiməli olduğunu və Ermənistanın gələcəyinin qaranlıq göründüyünü anlayarıq. Yuxarıda göstərilən faktlar Ermənistan prezidenti Serj Sarkisyanın əhalinin sayını 4 milyona çatdırmaq haqqında proqramı, yumşaq desək, real deyil.

 

Azertag.az

 

10:02