Dünyanın xəritəsi yenidən cızılır: Yeni dövlətlərin ANONSU

 

Separatizm dünyanın siyasi mənzərəsini dəyişəcək qədər təhlükəli həddə çatıb.Son bir həftədə İraqda Regional Kürd Muxtariyyətinin və İspaniyada Kataloniya əyalətinin müstəqillik referendumu keçirməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.Etnik və dini-məzhəbçi qrupların özünü müstəqil dövlət elan etmək cəhdləri dünyada əksər ölkələrin parçalanmasına gətirib çıxara bilər.Bu da qarşısıalınmaz müharibələrin və terrorizmin daha geniş formada yayılması deməkdir.
 

Qeyd edək ki, son yüz ildə dünya düzəni üç dəfə dəyişib. Bunlar 1914-1918-ci illər Birinci Dünya Müharibəsindən, 1939-1945-ci illərdə İkinci Dünya Müharibəsindən və 1991-ci ildə “Soyuq müharibə”nin tam başa çatması ilə SSRİ-inin və sosializm sisteminin dağılmasından sonra baş verib. İndi dünyada supergüclərin maraqlarına uyğun olaraq hibrid münaqişələrin və özünü müstəqil elan edən separatçı dövlətlərin sayının artması müşahidə olunur. Siyasi ekspertlərin fikrincə, yaranmış təhlükənin qarşısı alınmasa, terrorizmdən daha təhlükəli olan bu proses bütün dünyaya yayıla bilər. Əgər Kataloniya İspaniyadan ayrılsa, ardınca Cəbəllütariq eyni addımı ata bilər.Şotlandiya, Şimali İrlandiya, Uelsin Böyük Britaniyanın tərkbindən çıxması üçün mənfi presedent yaranacaq.Belçikada fransızlar və flamanlar ayrılmaq istədiyini bəyan edəcək.Fransadakı basklar da İspaniyadakı kimi separatçılığa meyillənə bilər.Son iki ildə Ukraynanın Krım və Donbas bölgələrində üç separatçı rejim yaranıb.Kataloniyada referendumla eyni gündə Gürcüstanın Samsxe-Cavaxetiya vilayətinin Kumurdo kəndində ermənilərin xaç daşların qorunması adı altında ayağa qalxması və polislə baş verən toqquşmalar təsadüf hesab oluna bilməz.İraqda Kürdüstan dövlətinin yaranmasına dəstək verən rəsmi Vaşinqton çoxmillətli ölkə olan Gürcüstanın parçalanmasının ABŞ-ın Cənubi Qafqazdakı maraqlarına zərbə vuracağını nəzərə almalıdır.Eləcə də Azərbaycanda, Gürcüstanda, Moldovada, Ukraynada, İraqda, Suriyada, Türkiyədə hibrid münaqişələrə rəvac verən Rusiya hazırda qorxulu bir reallıqla üz-üzə qalıb.Dünyada azsaylı xalqlar və etnik qrupların hamısı müstəqil dövlət elan etməli olsa, bundan ən çox əziyyət çəkən Rusiya federasiyası olacaq.Bu dağılma Kremlin qarşısını ala bilməyəcək bir prosesə çevrilə bilər.Dünyanın geosiyasi mənzərəsi qeyd edilən şəkildə dəyişərsə, Rusiyanın yerində yüzlərlə xırda dövlətlər yaranar. Moldovada Dnestryanı, qaqauzlar ayrılıb hər biri öz dövlətini qurmalı olar. Özbəkistanda qaraqalpaqlar, Tacikistanda özbəklər, İranda Azərbaycan türkləri, ərəblər, kürdlər, bəluclar ayrıla bilər.Əfqanıstan puştular, özbəklər və taciklərdən ibarət üç hissəyə bölünər.Kvebek əyalətinin özünü müstəqil dövlət elan etməsi Kanadanın parçalanmasına gətirib çıxarar.Suriyanın kürdlər, ələvilər və sünnilərdən ibarət üç dövlətə bölünməsi planı reallaşmış olar.Bu qeyd edilənlər dünyanı gözləyən təhlükə barədə çox kiçik bir təsəvvürdür.Yəni qeyd edildiyindən daha qorxulu siyasi mənzərənin yaranması ehtimalı var.

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, beynəlxalq aləmdə siyasi xaosun baş verməsi təhlükəsi yaranıb. Ekspert hesab edir ki, mövcud problemin qarşısını almaq üçün təcili addımlar atılmalıdır: “Son illər post-Sovet məkanında, Yaxın Şərqdə, Avropa ölkələrində belə bir tendensiyanın baş verməsi müşahidə olunur. Bu dünyada gedən geosiyasi qarşıdurmanın nəticəsidir.Digər tərəfdən, bir sıra ölkələrin zəifləməsi belə vəziyyətə səbəb olub.İraqda Kürd Muxtariyyətinin referendum keçirərək özünü müstəqil elan etməsi mərkəzi Bağdad hökumətinin zəifliyi ilə əlaqədardır.Əvvəllər olduğu kimi İraqda mərkəzi hakimiyyət güclü olsa idi, Kürd Muxtariyyəti də müstəqillik referendumu keçirə bilməzdi.İndi hakimiyyət zəifləyib və vəziyyətə nəzarət edə bilmir.Kürdüstan da bundan istifadə edə bilmir.Avropada da belədir.Avropa dövlətlərinin rəhbərləri liberal-demokrat meyarlara üstünlük verirlər. Amma bu kriteriyalar artıq işləmir.Onlar belə hadisələrin baş verməməsi üçün güclü qabaqlayıcı tədbirlər görməlidir.Yoxsa separatçılıq domino prinsipi ilə digər ölkələrə də yayıla bilər.Belçikada, Fransada və milli azlıqların yaşadığı digər ölkələrdə oxşar proseslər baş verə bilər. O halda dünya parçalanacaq və karlik ölkələri meydana gələcək. Bu da dünya təhlükəsizliyinə ziddir.Beynəlxalq hüquq normaları bəzi aparıcı dövlətlər tərəfindən parçalanır və strateji maraqlar naminə atılan addımlar siyasi məqsədəuyğunluqdan üstün tutulur.Özümüz bunun qurbanı olmuşuq.1988-1989-cu illərdə Azərbaycanda erməni separatizmi baş qaldıranda Qorbaçov başda olmaqla mərkəzi hakimiyyət heç bir tədbir görmədi.Nəticədə, separatçılıq digər regionlara da yayıldı.Belə davam etsə, hər bir dövlətdə yaşayan xırda etnoslar referendum keçirib öz müstəqilliyini elan edəcək.Bu da həm siyasi xaosa gətirib çıxaracaq, həm yeni münaqişə ocaqları yaranacaq, qan töküləcəklər.Bu da böyük toqquşmalara gətirib çıxaracaq.Həmin etnosların arxasında dayanan dövlətlər də bunu dərk etməlidir”.

Fikrət Sadıqov bildirdi ki, beynəlxalq münasibətlər sisteminin pozulması dünya düzəninin dəyişməsi ilə müşahidə oluna bilər. Bu təhlükənin qarşısını almaq üçün beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq, hər bir dövlət güc nümayiş etdirməılidir:

“Hər bir dövlətdə etnoslar, azsaylı xalqlar yaşayır. Hər bir etnos özünü müstəqil elan edə bilməz.Çünki bu ümumi xaosa gətirib çıxaracaq.Dünya nizamını belə yollarla pozmaq olmaz.Dünya dövlətləri bunun qarşısını almalıdır. Buna nail olmaq üçün beynəlxalq hüquqla yanaşı, qanunun gücündən istifadə olunmalıdır”.

 

Müşfiq Abdulla

Cebh.info

 

10:41