Daha problemli kredit olmayacaq

 

Fuad İbrahimov: “Kredit verilmir və heç bir halda artım da ola bilməz”

Hökumət gələn ildən vaxtı keçmiş kreditlərin həcminin azaldılmasına ümidlidir. Ötən gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev də açıqlamasında ölkədə vaxtı keçmiş kreditlərin gələn ildən azalmağa başlayacağını deyib: “İlin əvvəlindən problemli kreditlərdə artım olub. Bu, gözlənilən idi. Gələn il artıq bu proses səngiyəcək və problemli kreditlər azalacaq”.

Maraqlıdır, problemli kreditlər hansı vəsaitlər hesabına azalmağa doğru gedəcək?

İqtisadçı-alim Fuad İbrahimov bildirib ki, burada söhbət iqtisadi demoqogiyadan gedir: “Bəli, növbəti ildən problemli kreditlər azalacaq. Bu ilin əvvəlində problemli kreditlərin artımı onunla bağlı idi ki, keçən il problemli sayılmayan kreditlər var idi. Hansılar ki, krediti götürmüşdülər, amma icra mexanizmi gedirdi. Bu ilin əvvəlində problemli kreditlərin həcminin artımı məhz o insanların götürdüyü vəsaitin problemli kreditlərin üstünə gəlməsi ilə bağlı oldu. Zamanı çatanda müəyyən olundu ki, bu kreditlər də problemlidir. Artım buna görə olmuşdu. Yəni, artımın səbəbi onunla bağlı deyildi ki, banklar yenidən fəaliyyət göstərib kredit vermə prosesini davam etdirib”.

İqtisadçı 2018-ci il 2017-ci ilə nisbətən problemli kreditlərin səviyyəsinin azalacağı barədə verilən proqnozlara diqqət çəkərək bunun çox sadə düsturunun olduğunu deyib: “Birinci, kütləvi formada bankların kredit vermə qabiliyyəti itib. Müştərilərlə banklar arasında bütün əməkdaşlıq demək olar ki, sıfıra enib. Yəni, bank, maliyyə-kredit sisteminin fəaliyyəti tamamilə dondurulub, iflic vəziyyətdədir. Şübhəsiz ki, kredit verilmir və heç bir halda artım da ola bilməz. Digər tərəfdən, respublika ərazisində verilən kreditlərin hamısı heç də problemli deyil. Kimlər daha çox istehlak və digər kreditləri götürmüşdü, ödəmə qabiliyyəti qalıb, onlar da mərhələli formada ödədikcə artım yox, azalma prosesi gedəcək. Bu, təbii haldır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, ABA prezidentinin dedikləri ilə razıyam. Problemli kreditlər rəqəmsal olaraq azalacaq. Statistik məlumat olaraq bu ilə nisbətən gələn il problemli kreditlər azalacaq. Amma bu, o demək deyil ki, bank mühitində sağlam mühit yaranıb və kredit sahiblərinin ödəniş qabiliyyəti yüksəlib”.

Fuad İbrahimovun sözlərinə görə, hazırda problemi kreditlərin həlli istiqamətində heç bir addım atılmır: “Problemli kreditlərin vəziyyəti açıq olaraq qalır. Banklar tərəfindən müəyyən addımlar atılır ki, müxtəlif yollarla vətəndaşlarla danışıqlara gedib kreditin müddətini uzadırlar. Bəzi hallarda da dollarla olan krediti milli valyutaya keçirməklə guya ki, hörmət etmiş olurlar. Ümumiyyətlə, hökumətin problemli kreditləri öz hesabına ödəməsi üçün nə qərar, nə də sərəncam var. Bu haqda məhkəmə sisteminin də qərarı birmənalıdır, borc qaytarılmalıdır. Yəni, fors major hal kimi devalvasiya qəbul olunmazdır. Ümid prosesləri konkret zaman və məkan çərçivəsində izləməyə qalır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:59