Çin Azərbaycanın ərazi bütövlüyünün təmini istiqamətində səylərini dəstəkləyir

 

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Li Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin rəhbəri Li Jun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının əlamətdar olduğunu bildirib və keçən 25 il ərzində Azərbaycanın inkişafından məmnunluq doğurduğunu və təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

L.Jun Çinin Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduğunu əlavə edib. O, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çinin tərəfindən dəstəkləndiyini bir daha bəyan edib. L.Jun “Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq Xüsusi İşçi Qrupu qismində nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən olan ilk xarici səfər olduğunu deyib və bu münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu əlavə edib.

E.Məmmədyarov Azərbaycan və Çin arasında əməkdaşlığın bütün sahələrində yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edib. İki dövlət arasında siyasi dialoqun, iqtisadi, ticarət və digər sahələrdə yeni əməkdaşlıq perspektivlərinin üzə çıxarılmasına təkan verəcəyini qeyd edib. Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E.Məmmədyarov bu xüsusda, BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirib. Ermənistan-Azərbaycan münaqişəsinə dair Çinin də üzvü olduğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirib.

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 30 oktyabr 2017-ci il tarixində fəaliyyətə başladığını bildirən E.Məmmədyarov Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu “Bir kəmər, Bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən köklü tədbirlər barəsində danışan E.Məmmədyarov Çin şirkətlərinin ölkəmizin qeyri-neft sektorunda daha fəal şəkildə təmsil oluncağına ümidvar olduğunu bildirib.

Nazir paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə həmsöhbətə məlumat verib. Görüşdə humanitar, təhsil və turizm sahəsində münasibətlərin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.

TREND İA

 

10:20