Cığal iradlara SƏRRAST CAVABLAR

Xudaferin.eu Musavat.com-a istinadən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin "Cığal iradlara sərrast cavablar" adlı yazısını təqdim edir.

Tənqid də, irad da gərək səmimi olsun – yalnız səmimi söz inandıra, ictimai rəydə ciddi qarşılana bilər. Qeyri-səmimi, məkrli oldusa, o sözün müəllifi ziyanı seçdiyi hədəfə yox, özünə vuracaq, öz nüfuzuna xələl gətirəcək. Siyasi, diplomatik müstəvidə səmimiyyət məsələyə obyektiv münasibət sərgiləməyi, peşəkar yanaşmanı ehtiva edir. Qeyri-obyektiv, peşəkarlıqdan uzaq tənqid ilk növbədə tənqid edən tərəfin gizli məqsədini, ütülü cümlələrlə pərdələnmiş riyasını ortaya qoyur. Eynən son dövrlər bəzi dövlətlərin və beynəlxalq pasportlu qurumların ən müxtəlif məsələlərdə Azərbaycana münasibətində müşahidə olunduğu kimi.

Nə az, nə çox, otuz ildən sonra Azərbaycan öz torpaqlarının 20 faizini işğaldan, yüz minlərlə vətəndaşını ağır məcburi köçkün həyatından qurtardı, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Otuz il işğalçının barbar əməllərinə göz yummuş, hətta bir çox halda ən mötəbər kürsülərdən ona haqq qazandırmış bəzi dövlətlər və beynəlxalq qurumlar yenə Azərbaycana qarşı ədalətsiz, qərəzli, qısqanc mövqe sərgiləməkdən əl çəkmir, ölkəmizə təzyiqi gücləndirməyə çalışırlar. Açıq-aşkar görünür ki, Azərbaycanı irad tutmaq xatirinə tənqid hədəfinə çevirir, necə deyərlər, heç nədən ölkəmizə ilişməyə can atır, cığallıq edirlər.

Bu ilin ilk günlərində ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyətilə bağlı yaydığı illik hesabatında bir neçə ölkə ilə yanaşı, Azərbaycanda da dini etiqad azadlığının ciddi şəkildə pozulduğu iddiasını irəli sürdü. 30 il dini məbədləri erməni işğalçıları tərəfindən təhqir edilmiş bir ölkənin paytaxtında - Bakıda erməni kilsəsinin bir daşı da incidilməyib, eləcə də pravoslav, katolik kilsələri, yəhudi sinaqoqları, digər dini ibadətgahlar göz bəbəyi kimi qorunur. Ancaq yenə də multikultural dəyərlərə bu cür ən yüksək səviyyədə sayğı göstərən Azərbaycan hədəf seçilib. Artıq heç kimə sirr deyil ki, Dövlət Departamentinin hesabatının Azərbaycana aid hissəsi Amerika Erməni Assambleyasının vəzifəli şəxslərindən biri, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Daniella Aşbaxyanın rəhbərliyi ilə hazırlanıb. Deməli, neçə il ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi missiyasını istismar etmiş ölkələrdən birinin mühüm dövlət strukturu hələ də erməni yalanlarının yayılmasına alət olmaqdan əl çəkmir. Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin din üzərinə köklənmiş ermənipərəstlik nağılının cavabını qətiyyətlə verdi.

Bu, 2020-ci il sentyabrın 27-dən başlanan, Azərbaycanın böyük Zəfəri ilə yekunlaşan Vətən müharibəsindən sonra ölkəmizə qarşı qabarmış diplomatik təzyiqlərin yalnız bir parçasıdır. Son illərin gündəminə nəzər salsaq, ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların belə haqsız və qərəzli ittihamlarına çox rast gələ bilərik. Amma bir az səhih araşdırma aparsaq görərik ki, bu məsələdə daha çox canfəşanlıq göstərən ölkə Ermənistanın havadarı rolunun ifaçısı Fransadır. O Fransa ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi hər vəchlə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına söz yumub, erməni separatizmini dəstəkləyərək daima işğalçı tərəfə haqq qazandırmağa çalışıb.

Azərbaycanafob mövqeyi ilə seçilən bu dövlət ölkəmizə qarşı məkrli niyyətini Vətən müharibəsinin elə ilk günlərindən büruzə verməyə başladı. Məhz Fransanın səyi nəticəsində 2020-ci ilin 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirildi. Müzakirələrdən sonra qurumun sədri adından hazırlanan anti-Azərbaycan xarakterli bəyanat layihəsinin əsas müəlliflərindən biri də elə Fransa idi. Azərbaycanın haqq mübarizəsinə dəstək verən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra o vaxt bəyanat layihəsi rəsmən geri götürüldü və Parisin arzusu, necə deyərlər, suya düşdü.

Anti-Azərbaycan mövqeyindən əl çəkməyən Fransa Vətən müharibəsindən təxminən iki il sonra - 2022-ci ildə yenidən meydana atıldı. Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa səy göstərən, lakin burada da paxırı açılan və “kövrək sülhə töhfə vermək” şansını itirən rəsmi Paris növbəti dəfə BMT-yə üz tutdu və sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat nəticəsində iki gün davam edən döyüşlər zamanı qurumun Təhlükəsizlik Şurasının toplantısını çağırdı. Erməniləri zərərdidə gözündə görən Prezident Emmanuel Makron bu addımını guya tərəflər arasında atəşkəsin əldə olunması cəhdi ilə izah etdi. Parisin oxu bu dəfə də daşa dəydi. Sentyabrın 15-də keçirilən toplantıda iki ölkənin hələ dəqiqləşməyən sərhədindəki eskalasiya məsələsi müzakirəyə çıxarılsa da, Azərbaycana qarşı ermənilərin və tərəfdarlarının arzuladıqları qətnamə qəbul edilmədi və gözləntilər baş tutmadı.

Amma hələ bu da son deyildi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edən Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin və ekofəalların Laçın-Xankəndi yolunda 2022-ci il dekabrın 12-dən başlatdıqları dinc aksiyadan əndişələnən Fransa yenə BMT Təhlükəsizlik Şurasına müraciət etdi, qurumun iclasını çağırdı. Dekabrın 20-21-də keçirilən o iclasda da istək hasil olmadı. Azərbaycanın uzaqgörən və düşünülmüş addımları, eləcə də Böyük Britaniya, Rusiya kimi ölkələrin bu təşəbbüsün əleyhinə çıxmaları nəticəsində ölkəmizin haqlı mövqeyi dəstək qazandı.

Ermənistan sevdasından əl çəkməyən Fransa bu ilə də “sürprizlə” başladı. Əli beynəlxalq qurumların dəstəyindən üzülən Paris Azərbaycana qarşı təkbaşına “mübarizəyə” qalxdı. Yanvarın 17-də Fransa Senatı Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etdi. Senatın bu bədnam qətnaməsinə Azərbaycanın reaksiyası gecikmədi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin düşünülmüş cavabı, xüsusən, qəbul edilən bəyanatın sonuncu bəndləri - Fransanın əsarətində olan dövlətlərin müstəqilliyinin tanınması, iqtisadi məsələlərlə bağlı qarşı tərəfə adekvat reaksiyanın verilməsini nəzərdə tutan məqamlar cılız və yersiz iradlara Azərbaycanın sərrast və tutarlı cavabı idi.

İllər uzunu Azərbaycana münasibətini əsasən Ermənistanın müdafiəsi üzərində quran, hər dəfə də ədalətsiz mövqeyinə görə uğursuzluğa düçar olan Fransa ölkəmizə qarşı kin-küdurətini indi daha bir müstəvidə nümayiş etdirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsinə qərar veriləndən dərhal sonra “köhnə dost” Fransa yenidən hərəkətə gəldi. Bu tədbirə ev sahibliyi edilməsində hətta Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi beynəlxalq aləmdə bir çoxlarını, o cümlədən, “ardıcıl erməni təəssübkeşi” Fransanı pəjmürdə elədi. Ötən ay bu ölkənin bir qrup ictimai xadimi və bir neçə şəhərinin meri (eləcə də “erməni cəfakeşi” Paris meri Ann Hidalqo) bəyanat yayaraq COP29-un Azərbaycanda keçirilməsi qərarına etirazını bildirdi. Amma gec idi, necə deyərlər, qatar artıq getmişdi, qərar verilmişdi və onu dəyişmək mümkünsüz idi. Bu zaman təşəbbüsü ələ alan “Guardian” qəzeti COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Prezidentinin sərəncamını hədəfə götürən “She Changes Climate” adlı hansısa hərəkatın qınağını tirajladı və COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliyi ilə müqayisələr apardı. İddianın qərəzli olduğu ondan bilinirdi ki, Azərbaycandakı təşkilat komitəsində qadınların təmsil olunmaması ölkəmizdə gender bərabərliyinin pozulması kimi dəyərləndirilirdi. Halbuki bu bəyanatı yayan o hərəkat da, onu tirajlayan “Guardian” qəzeti də Avropanın bir parçası olan Azərbaycanda gender bərabərliyi ilə bağlı hansısa problemin olmadığını, ölkəmizdə qadınların ən nüfuzlu dövlət və hökumət strukturlarına kifayət qədər təmsil edildiyini bilməmiş deyillər. Sadəcə qərəz, ölkəmizə qarşı kin-küdurət əsl həqiqəti etiraf etməyə imkan vermir. Təşkilat komitəsinin tərkibinə gəlincə, Azərbaycanda qəbul edilmiş rəsmi protokola görə, hansısa mötəbər bir tədbirin keçirilməsi ilə bağlı təşkilat komitəsi yaradılanda ora konkret fəaliyyət sahələrinə cavabdehlik daşıyan şəxslərin – nazirlərin adları daxil edilir və protokol qaydasından irəli gələn məqamı hansısa mənfi tendensiya ilə əlaqələndirmək, yumşaq ifadə etsək, qeyri-peşəkarlıqdır. Yeri gəlmişkən, artıq bir neçə gün öncə ölkə Prezidentinin sərəncamı ilə sözügedən təşkilat komitəsinin tərkibində dəyişiklik edildi, komitə üzvlərinin sayı artırıldı və 12 nəfər qadının adı siyahıya əlavə olundu, Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə isə Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrinin rəhbəri Nərmin Carçalova gətirildi. Bir faktı da qeyd edək ki, Nərmin Carçalova ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub.

Əslində heç bir obyektiv müşahidəçi Azərbaycanda qadınların ictimai həyatda, dövlət strukturunda fəallığının əksini iddia etməz. Bu mövqe sadəcə qərəzin və qeyri-obyektiv münasibətin təzahürüdür.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində ən müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən, COP29-un ölkəmizdə keçirilməsi məsələsindən danışarkən bir sıra maraqlı məqamlara toxundu. COP29-un ölkəmizdə keçirilməsi qərarının Azərbaycanın dəqiq və düşünülmüş diplomatik addımlarının nəticəsi olduğunu, ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artıracağını vurğulayan dövlətimizin başçısı “dırnaqarası ənənəvi dostlarımızın” səsvermə ərəfəsində bir çox ölkələrə təzyiqlər göstərdiyini, onları Azərbaycana səs verməməyə təhrik etdiyini, tədbirin ölkəmizdə keçirilməsinə qərar veriləndən dərhal sonra isə bizə qarşı yenə media kampaniyası başlatdığını bildirdi. “Heç bir əsası olmadan və hətta mənim COP29-a təyin etdiyim bizim ekologiya nazirini də atəşə tutdular ki, o, uzun illər neft şirkətində işləyib. Bu, nə deməkdir?.. Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir... Hər halda bunlar təbiidir, çünki bütün beynəlxalq tədbirlər keçiriləndə biz belə bir kampaniya ilə üzləşirik... Yəni necə deyərlər, artıq bu, olmasa, biz təəccüblənərik. Əcəba, nə olub? Nəyi düzgün etməmişik ki, bizi indi tərifləyirlər Qərbdə. Yəni əgər onlar bizi tərifləyirlərsə, deməli, nəsə biz, necə deyərlər xəta törətdik” – deyən dövlətimizin başçısı xarici mətbuatda yazılan belə fikirləri gülüşlə qarşıladı. İrad, tənqid yerində olmayanda, qərəzli olanda yalnız gülüş doğurur. Bu gün Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır. Azərbaycan Prezidentinin jurnalistlərə müsahibəsində ötən ilin sentyabrındakı lokal antiterror tədbirləri ilə bağlı dediyi kimi, çoxəsrlik tariximizdə belə bir zəfər olmayıb. Doğrudan da, bu zəfəri qısqananlar, istəməyənlər çoxdur, belələri nə olur-olsun Azərbaycana irad tutmağa həvəslidirlər. Bu iradlar bəzən o qədər yersiz, cığal görünür ki, həmin iradı tutanlara elə gülümsəməklə, ironiya ilə cavab vermək lazımdır.

Xudaferin.eu

07:57